Mən “Xarici agentlər haqqında” qanun layihəsinin yenidən təqdim edilməsinin əleyhinəyəm - Stoltenberq

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq bəyan edib ki, o, “Gürcü Arzusu”nun “xarici agentlər” və ya “xarici təsir” haqqında qanun layihəsini yenidən gündəmə gətirməsinin əleyhinədir. Stoltenberq qorxur ki, qanun əslində mediaya təsir edəcək və demokratiyanı sarsıdacaq.

"İmedi" teleşirkətinin jurnalisti Ketevan Kardava aprelin 4-də Brüsseldə keçirdiyi mətbuat konfransında Stoltenberqə bu məsələ ilə bağlı sual verib:

"Sual Gürcüstana və yenidən təqdim edilmiş şəffaflıq və xarici təsir haqqında qanun layihəsinə aiddir. Hakim partiyanın üzvləri və hökumət rəsmiləri dedilər ki, hər şey şəffaflıq və ictimaiyyət qarşısında hesabatlılılıq ilə əlaqədardır. Təşkilatların hər il maliyyə hesabatlarını təqdim etmələrini tələb edən qanun layihəsinin NATO-da niyə narahatlıq doğurduğunu bizə daha ətraflı izah edə və deyə bilərsinizmi?", - Jurnalist sualı belə formalaşdırıb və NATO-nun baş katibi isə sualı bu cür cavablandırıb:

"Mən Gürcüstan hökumətinin xarici agentlər və ya xarici təsir haqqında qanun layihəsini yenidən gündəmə gətirmək cəhdinin əleyhinəyəm, çünki bu, Gürcüstanda demokratik təsisatların gücləndirilməsi üzrə bütün səylərə ziddir.

Gürcüstan NATO və Avropa İttifaqı ilə yaxınlaşmaq üçün islahatlar üzərində işləməlidir. Müvafiq olaraq, Avropa Birliyi də bu barədə çox açıq-aydın fikirdə idi. Mən cəmi bir neçə həftə əvvəl Tbilisidə idim və əsas mesajlarımdan biri islahatların vacibliyi və demokratik təsisatların gücləndirilməsi ilə bağlı idi. Gürcü xalqı da açıq şəkildə bildirdi ki, onlar Avropa və Avroatlantik ailəsində demokratik, firavan gələcək istəyirlər.

Beləliklə, bu xarici agent ideyasını təqdim edən hər hansı bir qanun - mən, həmçinin qorxuram ki, həm beynəlxalq, həm də Gürcüstandakı bir çox media orqanına təsir edəcək, Gürcüstanın daha güclü demokratik cəmiyyətə çevrilməsi ideyasını sarsıdacaq", - Stoltenberq qeyd edib.

“Gürcü Arzusu”nun agentlərlə bağlı qanunu yenidən gündəmə gətirməsi Avropa İttifaqı tərəfindən də tənqid edilib. Xarici Fəaliyyət Xidmətinin mətbuat katibi Peter Stano hakimiyyət orqanlarına 1-ci və 9-cu tövsiyələri xatırladıb, belə ki, bu tövsiyələrə əsasən üzvlük danışıqlarını açmaq üçün hakimiyyət ölkədə vətəndaş cəmiyyətinin sərbəst fəaliyyətini təmin etməli, Avropa İttifaqına və onun dəyərlərinə qarşı dezinformasiyaya qarşı mübarizə aparmalıdır.

“Gürcü Arzusu” istəyir ki, parlament cari sessiyanın sonuna kimi hər üç dinləmədə xarici agentlər haqqında rus qanununu qəbul etsin, hansı ki, etirazlar və beynəlxalq təzyiqlər səbəbindən 2023-cü ilin martında bu qanunun qəbulundan imtina edilmişdi. Qanun layihəsinin mətni eyni olacaq, yalnız “xarici təsir agenti” “xarici dövlətin maraqlarını daşıyan təşkilat” ifadəsi ilə əvəz olunacaq. “Gürcü Arzusu”nun icraçı katibi Mamuka Mdinaradze qeyd edib ki, hətta ötən ildən daha böyük etiraz aksiyası olsa belə, qanun layihəsi geri çağırılmayacaq.

İndiyədək “Gürcü Arzusu”nun liderləri qanun layihəsini gündəmə gətirməyəcəklərini bəyan edirdilər və bu məsələ bağlanmış idi. Partiyanın fəxri sədri Bidzina İvanişvili Rusiya qanununun yenidən işə salınmasını dəstəkləyir.

Analoji qanunvericilik 2013-cü ildə Rusiyada qəbul edilib və onun məqsədi şəffaflıq deyil, hökumətin fəaliyyətini tənqid edən insanların və ya təşkilatların sıxışdırılmasıdır.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur