Müxalifət partiyaları, “Vahid Milli Hərəkat” və “Strategiya Ağmaşenebeli” seçki üçün yeni “Birlik” siyasi platformasını təsis ediblər. Bu platformaya politoloq Qia Caparidze, tarixçi Laşa Bakradze və parlamentin müstəqil deputatları - Armaz Axvlediani və Tamar Kordzaia qoşulub.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Platformanın təqdimatı iyulun 8-də “Vahid Milli Hərəkat”ın qurultayında keçirilib. Qurultay Tina Bokuçavanı partiyanın sədri kimi təsdiqləyib.
“İvanişvili 26 oktyabr seçkilərini referenduma - Rusiya qaranlığı ilə uğurlu Avropa gələcəyi arasında referenduma çevirdi. Ölkəmiz üçün belə mühüm yol ayrıcında hər zamankından daha çox inanıram ki, bu gün birlik zamanıdır. Fərqli qanadlara bölünməyin vaxtı deyil. Qarşılıqlı tənqidin vaxtı deyil. Ambisiyalar və ya eqolarla mübarizə aparmaq vaxtı deyil. Bu gün birlik vaxtıdır - Gürcüstan üçün birlik, qələbə üçün birlik, Avropa üçün birlik, ölkəni xilas etmək üçün birlik. Biz birlikdə hər şeyi edə bilərik. Biz birlikdə mümkün olmayanı edə bilərik...
Əgər bu mərhələdə digər partiyalar birləşə bilmədisə, gəlin siyasətçilərlə, ictimai fəal insanlarla, vətəndaş cəmiyyəti təşkilatları ilə və ən əsası bizə birliyin gücünü ən yaxşı şəkildə göstərmiş gənclərlə birləşək”, - deyə Bokuçava bildirib.
Dövlət Ədəbiyyat Muzeyinin direktoru Laşa Bakradzenin sözlərinə görə, o, təkcə bir koalisiyanın məğlubiyyətini deyil, “böyük mübarizədə” gürcü xalqının qələbəsini istəyən bir qrup adama qoşulub.
“Bizim bir böyük məqsədimiz var, vətəni bu ölkəni uçuruma aparacaq canavardan xilas etmək. Bunun yalnız bir yolu var, Gürcüstanı müxtəlif, azad xalqların birliyinin bir hissəsi etmək üçün böyük milli, vahid səy.
Məqsədimiz bütün insanların, hətta bu gün bizi düşmən kimi qəbul edənlərin belə xoşbəxt yaşayacağı, insanların ədaləti tapacağı, sosial ədalətin, əlçatan səhiyyənin, təhsilin, bərabərliyin mövcud olduğu, fərqli fikrə görə heç kimin təqib olunmayacağı bir ölkə qurmaqdır”, – Bakradze platformanın təqdimatında deyib.
“Qirçi – Daha Çox Azadlıq” partiyasının lideri Zurab Caparidzenin qardaşı olan politoloq Qia Caparidze “bu tarixi yol ayrıcında bizi birlik xilas edəcək” deyib. O, vətəndaş cəmiyyəti, gənclər və siyasi partiyaları birliyə çağırıb.
“Birliyə alternativ olmadığı üçün bu addımı atmağa qərar verdim. Bu yol ayrıcında bizi birlik xilas edəcək, çünki təşkilat seçkilərdə qalib gəlir. Bu seçki adi seçki olmayacaq. Bu seçkilər Gürcüstanın azad ölkə olub-olmayacağına qərar verir. Belə bir tarixi məqamda hamımız bir araya gəlməliyik. Biz ona görə birləşirik ki, Gürcüstanın bütün vətəndaşları qalib gəlsin. Bizim qələbəmiz heç kimi məğlub etməyəcək, bu, bütövlükdə Gürcüstanın qələbəsi olacaq”, - Caparidze bildirib.
Tamar Kordzaia “Pirveli” teleşirkətinə bildirib ki, “ölkənin taleyi təhlükə altında olduqda” “çox sərt və cəsarətli” qərarlar qəbul etmək lazımdır.
“Bu gün birləşməkdən imtina ölkəmiz və onun gələcəyi üçün risk yaradır... Armaz bəy və mən göstərdik ki, bu ölkə üçün ortaq və böyük məqsəd olarsa, əməkdaşlıq edə bilərik. Bu gün mən inancımı bildirdim ki, biz birlik nümayiş etdirdiyimiz kimi, digər partiyalar da bunu göstərəcək, sonra parlamentdə koalisiya hökuməti haqqında razılaşma əldə edəcəyik”, - Kordzaia bildirib.
Yeni siyasi platformanın təqdimatında “Milli Hərəkat”dan Tbilisi Şəhər Şurasının üzvü Sopo Caparidze, mülki fəal Ana Mosaşvili, “Milli Hərəkat”ın üzvü İrakli Pavlenişvili, “Strategiya Ağmaşenebeli” lideri Qiorqi Vaşadze və həmin partiyanın üzvü Laşa Diarov da iştirak ediblər.
“Birlik” oktyabrın 26-da keçiriləcək parlament seçkilərində “Vahid Milli Hərəkat”ın seçki nömrəsi – 5 ilə iştirak edəcək.