Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağın de-fakto hakimiyyətini “saxta dövlət atributlarını” zibil qutusuna atmağa çağırıb. Əliyev mayın 28-də Laçın şəhərində sakinlərlə görüşü zamanı separatizmə, həmçinin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyasına (“Miatsum”) son qoyulduğunu bəyan edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Aprelin 23-də sərhəddə qurulan sərhəd-keçid məntəqəsi bu gün Qarabağ bölgəsində yaşayan ermənilərə dərs olmalıdır. Təəssüf ki, hələ də kiməsə ümid bəsləyirlər, guya kimsə gəlib onları xilas edəcək, kimsə gəlib Azərbaycanla müharibə edəcək. Bütün bunlar cəfəngiyatdır. İkinci Qarabağ müharibəsi zamanı biz güclü iradə nümayiş etdirdik və o zaman kənardan heç kim bizə müdaxilə etməyə cürət etmədisə, bu gün biz yenidən bütün bu torpaqlara sahib olandan sonra ermənilərin yerinə kim gəlib bizimlə döyüşəcək?! Birincisi, bu, qeyri-qanunidir. Biz öz doğma torpağımızdayıq və bu gün ermənilərin məskunlaşdığı Qarabağ bölgəsi əzəldən bizim, haqlı olaraq bizə məxsus olan torpağımızdır. Sadəcə olaraq inanırıq ki, onlar özləri bunu başa düşəcəklər, gəlib Azərbaycan bayrağı altında yaşamaq üçün addım atacaqlar. Biz bunu gözləyirik.
Buradan, uzun illər istismar etdikləri, qanunsuz yaşadıqları Laçından bir daha deyirəm: Kitabınız bağlanıb. “Miatsum” kitabı bağlandı, separatizm bitdi. Müstəqillik arzuları da statusla eyni istiqamətdə getdi. Ona görə də yeganə yol qalır - Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın sadiq, normal vətəndaşı olmaq, saxta “dövlət atributları”nı zibil qutusuna atmaq, “Parlament”i buraxmaq.
Guya orada “Parlament” fəaliyyət göstərir, guya orada prezident, nazir var – bütün bunlar gülüncdür. Biz sadəcə səbr edirik, baxmayaraq ki, hamı çox yaxşı bilir ki, bu gün bizim bu bölgədə istənilən əməliyyatı aparmaq üçün bütün imkanlarımız var.
Ona görə də “Parlament” buraxılmalıdır. Özünü “prezident” adlandıran ünsür [Arak Arutunyan – red.] təslim olmalıdır. Bütün “nazirlər”, “deputatlar” və digərləri vəzifələrindən getməlidirlər. Yalnız bu halda onlara qarşı güzəştə gedilə bilər. Yalnız bu halda hər hansı amnistiyadan danışmaq olar. Əgər mən deyirəmsə ki, amnistiyaya baxmaq olar, bu fürsəti də qaçırmasınlar. Onlar bir çox fürsətləri qaçırıblar, bir çox fürsətləri və hər dəfə, necə deyərlər, gərək onların başından vuraydıq ki, özlərinə gəlsinlər”, - deyib Əliyev.
İlham Əliyevin sözlərinə görə, Ermənistanla ölkəsi arasında sərhədin delimitasiyası Azərbaycanın şərtləri əsasında aparılmalıdır, onun sözlərinə görə, bu, ədalətli şərtlərdir. Əliyev Ermənistana xatırladıb ki, Laçın şəhərindən erməni kəndləri yaxşı görünür.
“Sülh müqaviləsi beynəlxalq şərtlərə əsaslanmalıdır, Naxçıvana yol açılmalı, hələ də Qarabağda olan Ermənistan ordusunun nümayəndələri oradan çıxarılmalıdır. Bunlar bizim şərtlərimizdir. Mən bu şərtləri burada, Laçın şəhərində hamının görməsi üçün bəyan edirəm: Bu gün biz buradayıq və əbədi olaraq burada olacağıq. Onlar da bilirdilər ki, buradan Ermənistanın kəndləri görünür. Biz də bu kəndləri görürük, bunu unutmayın”, - deyib Əliyev.
Ermənistanın Baş Naziri Nikol Paşinyanın qiymətləndirməsinə görə, Azərbaycan prezidentinin bəyanatları anlaşılmazdır və Azərbaycan, eləcə də beynəlxalq tərəfdaşlar bunun Brüsseldə əldə olunmuş razılaşmadan imtina demək olub-olmamasına aydınlıq gətirməlidir.
Paşinyan və Əliyev mayın 14-də Brüsseldə görüşüblər. İclasa Avropa Şurasının prezidenti Çarlz Mişel ev sahibliyi edib və o bildirib ki, tərəflər 1991-ci il Alma-Ata Bəyannaməsinə və Ermənistanın (29,800 km²) və Azərbaycanın (86,600 km²) ərazi bütövlüyünə sadiqliklərini bir daha təsdiqləyiblər. "Sərhədin yekun delimitasiyası danışıqlar yolu ilə razılaşdırılacaq", - Çarlz Mişel bildirib.
Mayın 22-də keçirdiyi mətbuat konfransında Paşinyan bildirib ki, Ermənistan Azərbaycan ərazisini - Dağlıq Qarabağın da daxil olduğu 86,6 min km²-ni tanımağa hazırdır, lakin Bakı bu ərazidə yaşayan etnik ermənilərin hüquqlarını və təhlükəsizliyini təmin etməlidir. Nikol Paşinyan bu bəyanatına görə qondarma Dağlıq Qarabağ Respublikasında tənqid edilib və konstitusiyanı pozmaqda ittiham edilib.