Oxanaşvili deputatların mikrofonunu söndürüb və medianın parlamentə buraxılmaması barədə yalan danışıb

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Parlamentin Hüquq Məsələləri Üzrə Komitəsinin sədri Anri Oxanaşvili onlayn media jurnalistlərinin parlamentə buraxılmaması və rus qanununun müzakirəsində iştirak haqqdan məhrum edilməsi barədə izahat tələb edən müxalifətçi deputatların mikrofonunu söndürüb.

Bu məsələni ilk olaraq “İslahatlar Qrupunun” rəhbəri Xatia Dekanoidze qaldırıb.

“Təəssüf ki, bu gün bir çox onlayn media nümayəndələrinin bu sessiyada iştirakına icazə verilmədi...”, - Anri Oxanaşvili Xatia Dekanoidzenin mikrofnunu bunu deyərkən söndürüb.

“Bu yalandır! Dezinformasiya yayılan zaman mikrofonu söndürmək və həqiqəti söyləmək mənim borcumdur. Siz burada çox adama iştirak etmək imkanı verilmədiyini deyirsiniz və bu yalandır. Burada qeyri-hökumət təşkilatlarının nümayəndələri var, bizə müraciət edənlərin iclasda iştirakını maksimal şəkildə təmin etməyə çalışdıq. Biz həmçinin media qurumları adından iştirak etmək istəyənlərə də imkan yaratdıq. Dezinformasiya olarsa, bütün mikrofonları söndürəcəm!”, - Oxanaşvili bildirib.

“Lelo”nun üzvü Ana Natsvilişvili komitə sədrinə müraciət edərək, iclasda iştirak üçün kimin, o cümlədən hansı onlayn media və qeyri-hökumət təşkilatının müraciət etdiyi barədə dolğun məlumatın ictimaiyyətə çatdırılmasını istəyib.

“İştirak etmək üçün tamamilə qanuni istəyi olan insanların və təşkilatların hansı hissəsinə icazə verdiniz? Onların niyə burada olmamasını əsaslandırın”, – Ana Natsvlişvili bildirib.

“İctimaiyyət həqiqəti bilməlidir və bu həqiqət ondan ibarətdir ki, siz çoxlu medianın, eləcə də bu qanunun birbaşa təsirinə məruz qalan qeyri-hökumət təşkilatlarının bu iclasa daxil olmasına icazə vermədiniz. O cümlədən, “İnterpres Nyus” qəzeti, mən üçüncü çağırış parlamentin deputatı olmağıma baxmayaraq, bu parlamentdə sizdən və məndən uzun müddətdir çalışan Natia İnauri təmsil olunmur. Burada “Azadlıq Radiosu” yoxdur. Yəqin razılaşarsınız ki, bu iclasın bağlanması bu qanunun xidmət etdiyi həqiqəti dəyişə bilməz...” – “Vahid Milli Hərəkat” fraksiyasının sədri Tinatin Bokuçava bildirib. Anri Oxanaşvili onu da “mikrofondan istifadə hüququndan” məhrum edib.

Bu gün Hüquq Məsələləri Komitəsində “Gürcü Arzusu”nun təkrərdan irəli sürdüyü “agentlər haqqında” rus qanunun müzakirəsi başlayıb. Parlamentin spikeri Şalva Papuaşvilinin qərarına əsasən, qanunverici orqanın binasında mühafizənin sarı səviyyəsi elan edilib, binaya akkreditə olunmuş onlayn və çap mediasının jurnalistlərinin girişi məhdudlaşdırılıb.

“İnterpres Neyus”, “Azadlıq Radiosu”, “Monitor” studiyası, “Dağ Xəbərləri”, “Netqazeti”, “Publika” və digər media nümayəndələri komitənin iclasında iştirak edə bilməzlər. Məhdudiyyət televiziya mediasına şamil edilmir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur