Parlamentdə pirotexniki vasitələrin qadağan edilməsi haqqında qanun layihəsi təşəbbüsü irəli sürülüb

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Parlamentin müxalif deputatları Ana Naçvlişvili və Armaz Axvlediani “pirotexniki vasitələrin qadağan edilməsi haqqında” qanun layihəsi təşəbbüsü irəli sürüblər.

“Lelo”nun üzvü Ana Naçvlişvilinin sözlərinə görə, qanun layihəsi pirotexniki vasitələrin idxalının, saxlanmasının, satışının və istifadəsinin qadağan edilməsini nəzərdə tutur. Təhlükəsizlik məsafəsi 1 metr və ya daha az olan və qapalı şəraitdə istifadə oluna bilən F1 kateqoriyalı pirotexnika istisnadır. Qanun layihəsinə əsasən, digər kateqoriyalı pirotexniki vasitələrdən istifadəyə yalnız hökumətin qərarı əsasında, birdəfəlik xüsusi hallarda icazə veriləcək. Belə bir hal, məsələn, Gürcüstanın Aİ üzvlüyünə namizəd statusunu əldə etməsi və buna bənzər mühüm hadisələr ola bilər.

Qanun layihəsinə əsasən, pirotexniki vasitələrdən qanunsuz istifadəyə görə fiziki və hüquqi şəxslər 1000 və 5000 lari məbləğində cərimə olunacaqlar. Artıq pirotexniki vasitələrin qadağan edilməsi qaydaları əsasında son 1 il ərzində inzibati qaydada cərimə edilmiş şəxs tərəfindən pirotexniki məmulatların qanunsuz ölkəyə gətirilməsi, saxlanması, satışı və/və ya istifadə edilməsi cinayət məcəlləsi qaydası ilə cəzalandırılır.

“Bu gün insanlar əylənmək üçün nəzarətsiz şəkildə pirotexniki vasitələrdən istifadə edirlər ki, bu da çox vaxt onların və ya ətrafdakıların sağlamlığına vurulan ciddi ziyanı bərabərində gətirir. Həmçinin ətraf mühitə ziyan dəyir. Quşlar, heyvanlar kütləvi şəkildə öldürülür və digər növ ziyanlara məruz qalırlar. Ən mühüm problemlərdən biri də pirotexniki vasitələrdən istifadə nəticəsində yaranan səs-küydür”, - deyə qanun layihəsinin müəllifləri qeyd edirlər.

Qanun layihəsinin müəlliflərinin fikrincə, mövcud qaydalar, o cümlədən yetkinlik yaşına çatmayanlara pirotexniki vasitələrin satışının qadağan edilməsi praktiki olaraq həyata keçirilmir.

Fövqəladə Halların Koordinasiyası və Təcili Yardım Mərkəzinin məlumatına görə, təkcə 2023-cü ilin yanvar ayı ərzində pirotexniki vasitələrdən istifadə nəticəsində zərər çəkmiş 87 vətəndaş kömək üçün Mərkəzə müraciət edib, onlardan 19-u 18 yaşına çatmamış olub, 41 nəfər isə xəstəxanaya yerləşdirilməli olmuşdur.

Milli Statistika Xidmətinin məlumatına görə, 2022-ci ilin yanvar-noyabr aylarında pirotexniki vasitələrin idxalı 4,2 dəfə artıb. Gürcüstan 5,816 milyon ABŞ dolları dəyərində məhsul alıb. Gürcüstana ən çox pirotexniki vasitələr Bolqarıstan, Çin, Monteneqro, Polşa və Almaniyadan daxil olub.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur