Rusiya prezidenti Ukraynanın işğal olunmuş rayonları, Zaporojye və Xersonun “dövlət suverenliyi və müstəqilliyini” tanıyıb. Vladimir Putin müvafiq fərmanları bu gün, sentyabrın 30-da imzalayıb.

Hüquq informasiya portalında dərc olunan fərmanlara əsasən, Putin Zaporojya və Xersonun qondarma müstəqilliyini “beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsip və normalarına uyğun olaraq, referendumda region sakinlərinin göstərdiyi iradə nəzərə alınmaqla, BMT Nizamnaməsi ilə möhkəmləndirilmiş xalqların bərabərliyi və öz müqəddəratını təyinetmə prinsipini tanımaq və təsdiqləməklə”tanıyıb.

Bundan əvvəl sentyabrın 23-27-də Zaporojyenin Rusiya tərəfindən işğal olunmuş hissəsində və Xerson vilayətində qondarma referendumlar keçirilib. Referendumun sualı belə formalaşdırılıb: “Regionun Ukraynadan ayırılmasının, müstəqil dövlət yaradılmasının və Rusiyanın tərkibinə daxil olmasının tərəfdarısınızmı?”. Ukrayna və beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan nəticələrə görə, Zaporojyedə seçicilərin 93%-i müstəqillik elan edilməsini və Rusiyaya birləşməyi, Xersonda isə 87%-i dəstəkləyib. Eyni zamanda, saxta referendumlar Putinin bu ilin fevralında Ukrayna müharibəsindən əvvəl “müstəqilliyini” tanıdığı qondarma Xalq Cümhuriyyətlərində Donetsk və Luqansk bölgələrində keçirilib. Özünü elan etmiş respublikaların hakimiyyət orqanlarının məlumatına görə, Donetskdə 99%, Luqanskda isə 98% Rusiyaya birləşməyə dəstək verib.

Bu gün Kreml sarayında Putin “dörd yeni ərazi”nin Rusiya Federasiyasına daxil olmasına dair “sazişlər” imzalamağı planlaşdırır. Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş bildirib ki, bu, BMT nizamnaməsini və beynəlxalq hüququ pozan Ukraynanın işğal olunmuş rayonlarının anneksiya prosesinin başlanğıcıdır:

“Rusiya Federasiyası Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri kimi Nizamnaməyə hörmət etməyə borcludur. Donetsk, Luqansk, Xerson və Zaporojya vilayətlərinin anneksiyası ilə bağlı istənilən qərarın heç bir hüquqi dəyəri olmayacaq və qınanmalıdır. Birləşmiş Millətlər Təşkilatının mövqeyi birmənalıdır: biz Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini, birliyini, müstəqilliyini və ərazi bütövlüyünü tam dəstəkləyirik”.

BMT baş katibinin sözlərinə görə, işğal olunmuş rayonlarda qondarma referendumlar fəal silahlı münaqişə zamanı, Rusiyanın işğal etdiyi yerlərdə keçirilib və onları xalqın iradəsinin həqiqi ifadəsi adlandırmaq olmaz.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur