Qələbəyə qədər yaşaya bilməsəm, qəlbim Kiyevdə dəfn edilməlidir - Saakaşvili

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“Bütün biliyimi Gürcüstana vermişəm... İndi sağlamlığımı qurban verdim Gürcüstana və tək xahişim odur ki, adekvat müalicə olunmaq imkanı versinlər mənə”,- Gürcüstanın həbsdə olan üçüncü Prezidenti Mixeil Saakaşvili həbs müddətinin təxirə salınması və ya cəzadan azad edilməsi məsələsi ilə bağlı Tbilisi Şəhər Məhkəməsində keçirilən prosesdə deyib.

Saakaşvilinin sözlərinə görə, klinikada aylarla müalicə olunmasına baxmayaraq, onun səhhəti kəskin şəkildə pisləşib.

Fevralın 1-də keçirilən prosesə distant şəkildə qoşulan sabiq prezident Ukrayna dilində də danışıb və ukraynalılara müraciət edib: “Bütün həmvətənlərimi salamlayıram. İndi mən Matrosov həbsxanasındayam. Mənə işgəncə verildi, zəhərləndim... Fəxr edirəm ki, hamı Ukrayna xalqına heyrandır. Fəxr edirəm ki, prezident Zelenskidir və mən onun ofisinə minnətdaram. Qələbəmizə tam əminəm, amma bu qədər yaxın olan qələbəni görməyə ömrüm çatmasa, qəlbim Kiyevdə dəfn edilməlidir. O, Ukraynaya aiddir. Ukraynaya şöhrət və düşmənlərimizə ölüm”.

Mixeil Saakaşvili fiziki vəziyyətini göstərmək üçün kamera qarşısında köynəyini qaldırıb. Bundan sonra proses xalq müdafiəçisinin yaratdığı şuranın üzvü, nevropatoloq Tengiz Tsuladzenin dindirilməsi ilə davam edib. Həkim bildirib ki, Mixeil Saakaşvili xərçəng xəstələri üçün xarakterik olan dördüncü səviyyəli kaxeksiyaya malikdir: “4-cü dərəcəli kaxeksiya ciddi vəziyyətdir, şişlər halında yüksək ölüm nisbəti var - orta ölüm göstəricisi 4 aydır, yəni maksimum 8 ay, baxmayaraq ki, bu tədqiqatlar əsasən şişlər üzərində aparılır və digər xəstələrdə başqa heç bir növ tədqiqat aparılmır. Bununla belə, kaxeksiyanın özü çox ağırdır və ehtimal ki, onun ömrünə dramatik təsir göstərəcək”,- bildirib Tsuladze.

Mixeil Saakaşvili 2022-ci ilin may ayından müalicə üçün Xüsusi Penitensiar Xidmətin kontraktçı klinikası olan “Vivamed”ə yerləşdirilib. Klinikanın direktoru Zurab Çxaidzenin verdiyi məlumata görə, yanvarın 28-də səhər saatlarında Mixeil Saakaşvilinin çəkisi 69,7 kiloqram idi. Çxaidzenin sözlərinə görə, son günlər Saakaşvili əvvəllər qəbul etdiyi qidaların miqdarını da azaldıb, qida əlavələri qəbul etməkdən və infuzion terapiya aparılmasından da imtina edib. Klinika direktoru deyir ki, Mixeil Saakaşvili həkimlərin tövsiyələrinə əməl etməsə, “bu, ölümcül nəticələrə gətirib çıxara bilər”.

 Dekabrın 1-də vəkillər Saakaşvilinin cəzadan azad edilməsi və ya cəzaçəkmənin təxirə salınması barədə vəsatətlə Tbilisi Şəhər Məhkəməsinə müraciət ediblər. Məhkəmədə işin müzakirəsi hələ də davam edir. Onların tələbi “Empatiya” Mərkəzinin və Beynəlxalq Tibbi Ekspert Komissiyasının rəyinə əsaslanır, bu rəyə əsasən, Saakaşvili həbs olunana qədər praktiki olaraq sağlam idi, lakin indi koma və ölüm gözlənilir. Ekspertlərin fikrincə, Saakaşvili diaqnoz və müalicə üçün təcili olaraq ABŞ və yaxud Avropa İttifaqının üçüncü dərəcəli universitet çoxprofilli klinikasına köçürülməlidir.

Ukrayna vətəndaşı olan Mixeil Saakaşvili 2021-ci il oktyabrın 1-də Tbilisidə yerli özünüidarəetmə seçkilərinə bir gün qalmış həbs edilib. Saakaşvili təqsirli bilinir və parlament üzvü Valeri Gelaşvilini döyməkdə və Sandro Qirqvlianinin qətlində təqsirli bilinən Konstitusiya Təhlükəsizlik Departamentinin əməkdaşlarının əfv edilməsi işlərinə görə 6 il müddətinə azadlıqdan məhrum edilib. Saakaşvili, həmçinin “İmedi” televiziya şirkətinin işi, noyabrın 7-də keçirilən etiraz aksiyasına basqın etmək, Patarkatsişvilinin əmlakını qanunsuz ələ keçirmək və xüsusi dövlət mühafizə xidmətinə məxsus 9 milyon 24 min 367 lari mənimsəməkdə ittiham olunur. Üçüncü prezident özünü təqsirli hesab etmir və ittihamların siyasi motivli olduğunu deyir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur