“Qaxaria – Gürcüstan Naminə” partiyası hesab edir ki, Rusiya Xarici Kəşfiyyatının dünənki bəyanatı 26 oktyabr parlament seçkilərinə birbaşa müdaxilə və “Gürcü Arzusu”na seçkiləri saxtalaşdırmaqda kömək etmək cəhdidir və bu, mütləq davam edəcək.
Keçmiş baş nazirin partiyası qeyd edir ki, Rusiya kəşfiyyatının bəyanatının “Gürcü Arzusu”nun son bəyanatları ilə üst-üstə düşməsi hakimiyyətin seçkilərin saxtalaşdırılması üzrə mürəkkəb prosesi Moskva ilə razılaşdırdığını açıq şəkildə təsdiqləyir.
“Saxtalaşdırmanın və seçicilərə təsirin əsas aləti olan rus təbliğatı Qərbin seçkilərə müdaxilə və və inqilab planlaşdırdığını deyir.
Əslində Rusiyanın seçkilərə müdaxiləsini ört-basdır etmək üçün uydurulmuş yuxarıda qeyd olunan saxtakarlıq hökumətin təbliğat kanalları, qondarma mütəxəssislər, trol-botlar və “Oçneba”nın yüksək vəzifəli məmurları tərəfindən fəal şəkildə yayılır – onlar Qərbi inqilab etməyə çalışmaqda və ölkənin suverenliyinə düşmənçilik etməkdə ittiham edir və Rusiyanı suverenliyin qarantı kimi qələmə verirlər. Bütün bunlar isə Qərbin suverenliyimizi, ərazilərimizin 20%-ni işğal edən Rusiyadan 30 ildirki qoruduğu bir anda baş verir.
Rusiyanın seçkilərə müdaxiləsi kontekstində Rusiya agenti kimi sanksiyaya məruz qalan və hazırda Rusiyada, Kremlə yaxın olan keçmiş baş prokurorun [Otar Partsxaladze - red.] seçkilərin saxtalaşdırılmasında mühüm rolu olan bir sıra güc strukturları üzərindəki təsirini unutmaq olmaz. Bu baxımdan rus agentinin ölkədən çıxarılması üçün hər şeyi edən Dövlət Təhlükəsizlik Xidmətinin rolu diqqətəlayiqdir”, - deyə sabiq baş nazir Qiorqi Qaxarianın partiyası bildirib.
Onların fikrincə, bu şərtlər daxilində bütün aktorların diqqəti seçkilərin qorunmasına yönəldilməlidir, çünki oktyabr seçkiləri sıradan seçkilər olmayacaq:
“Bu, mütləq gücə malik olan hökumətin Rusiyanın köməyi ilə keçirəcəyi ilk seçki olacaq. Bu seçkilər təkcə Avropa gələcəyinin deyil, həm də suverenliyin və ərazi bütövlüyünün qorunmasını həll edəcək.
Dünən, iyulun 9-da Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidməti məlumat yayıb ki, ABŞ Gürcüstanda hökuməti dəyişmək qərarına gəlib və artıq “Gürcü Arzusu”nu gözdən salmaq üçün kampaniya hazırlanıb. Rusiya kəşfiyyatının məlumatına görə, “amerikalı kuratorlar” Gürcüstandakı müxalifət qüvvələrinə seçkilərə təsadüf etməli olan etiraz aksiyaları planlaşdırmağa başlamaq üçün “sifariş” veriblər. Rusiya təbliğat mediası tərəfindən yayılan kəşfiyyat bəyanatında oxuyuruq ki, “Prezident Salome Zurabişvili dövlət əleyhinə əhval-ruhiyyənin qızışdırılmasında əsas rol oynamalıdır”.
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu məsələ ilə bağlı suala cavab olaraq bildirib ki, bu, Rusiya tərəfindən ABŞ-ın Gürcüstanda və dünyanın digər ölkələrində fəallığı ilə bağlı tamamilə yalan və absurd olan ilk ittihamı deyil. Millerin fikrincə, Gürcüstanın 20%-ni qeyri-qanuni işğal etmiş Rusiyanın başqa ölkəyə qarşı bu absurd ittihamları səsləndirməsi ironikdir.
Gürcüstan hökumətinin nümayəndələri Rusiya kəşfiyyatının bəyanatlarını şərh etməyiblər. Eyni zamanda parlamentdəki “Gürcü Arzusu”nun deputatı İrakli Zarkua deyib ki, “səfirlər də daxil olmaqla, müəyyən nüfuzlu qruplar seçkilərdə inqilab təşkil etməyə çalışırlar”.