Rusiyanın Ukraynanın işğal olunmuş ərazilərində keçirdiyi beş günlük qondarma referendumların “yekun nəticələri” məlumdur - bir hissəsi Rusiyanın işğalı altında olan Zaporojyedə seçicilərin 93,11%-i rayonun Rusiyaya daxil olmasını dəstəkləyib, Luqanskda - 98,42%, Donetskdə - 99,23% və Xersonda - 87,05%.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Referendumlar başa çatıb. Nəticələr göz qabağındadır. Rusiyaya, evinizə xoş gəldiniz!”- Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev qondarma referendumların “yekun nəticələrini” açıqlamazdan əvvəl öz Telegram kanalında yazıb.
Rusiya tərəfindən təyin edilmiş seçki komissiyalarının məlumatına görə, “referendum”da Zaporojyedə 541 093 (85%), Luqanskda 1 662 607 (94.15%), Donetskdə 2 131 207 (97.51%) və Xersonda 571 001 (78.86%) seçici iştirak edib.
Sentyabrın 23-27-də Ukraynanın işğal olunmuş rayonlarında Rusiyanın tərkibinə daxil olmaq məsələsi ilə bağlı qondarma “referendumlar” keçirilib.
Ukrayna prezidenti Vladimir Zelenskinin sözlərinə görə, qondarma referendumlar dünyanın gözü qarşısında bir farsdır - insanlar avtomat altında kağızları doldurmağa məcbur olublar və Rusiya qondarma referendum yolu ilə işğal etdiyi rayonları anneksiya etməyə çalışır.
Zelenski BMT Təhlükəsizlik Şurasına müraciət edib ki, Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan məhrum edilsin və bütün beynəlxalq təşkilatlardan çıxarılsın. Zelenskinin sözlərinə görə, Rusiya tərəfindən psevdoreferendumların tanınması “Krım ssenarisi”nin reallaşması olacaq.
Rusiya Federasiya Şurasının oktyabrın 4-də işğal olunmuş Zaporojye, Luqansk, Donetsk və Xerson rayonlarının Rusiyaya birləşdirilməsi məsələsini müzakirə edəcəyi gözlənilir.
İşğal olunmuş qondarma Luqansk Xalq Respublikasının de-fakto rəhbəri Leonid Paseçnik qondarma referendumdan dərhal sonra Rusiya prezidenti Vladimir Putinə müraciət edərək Luqanskın Rusiyanın tərkibinə daxil olmasını istəyib.
Ukraynanın işğal olunmuş ərazilərinin rusiyapərəst administrasiyalarının rəhbərləri sentyabrın 20-də Rusiyanın tərkibinə daxil olmaq məsələsi ilə bağlı qondarma referendum keçirəcəklərini bəyan ediblər. Bundan əvvəl Ukrayna ordusu Xarkov vilayətinin Rusiya tərəfindən işğal olunmuş hissəsini rus hərbçilərindən azad edib və uğurlu əks-hücum əməliyyatını davam etdirib.
Rusiya prezidenti Ukraynadakı müharibədən bir neçə gün əvvəl işğal olunmuş Donetsk və Luqansk vilayətlərini müstəqil respublikalar kimi tanıyıb. Müharibə nəticəsində Rusiya Xerson və Zaporojye rayonlarının böyük bir hissəsini işğal etdi. 2014-cü ildən Rusiya Ukraynanın Krım yarımadasını da anneksiya edib.
Rusiyaya birləşmək məsələsi ilə bağlı qondarma referendumlar beynəlxalq ictimaiyyət tərəfindən tanınmır. Fransa prezidenti Emmanuel Makronun sözlərinə görə, onlar bu qədər faciəvi olmasaydı, gülməli olardı.
“2014-cü ildə də onların bunu etdiyini gördük. Əvvəlcə referendum keçirəcəklərini bəyan edən marionet çinovnikləri təyin edirlər, sonra da bundan əsas götürərək Ukraynanın suveren ərazisinin anneksiyasının legitimliyini tələb edəcəklər. Heç kim bu cür uydurma referendumlara inanmır və ABŞ, şübhəsiz ki, saxta seçkilərin nəticələrini tanımır”, - Pentaqonun mətbuat katibi Pet Rayder bildirib.
NATO-nun baş katibi qondarma referendumların keçirilməsini Putinin müharibəsinin sonrakı eskalasiyası adlandırıb. Yens Stoltenberqin sözlərinə görə, dünya ictimaiyyəti beynəlxalq hüququn belə kobud şəkildə pozulmasını pisləməli və Ukraynaya dəstəyi gücləndirməlidir.