Rabitə Komissiyası “Mtavari Arxi”ni rus qanununu dəstəkləyən deputatlar barədə videolar yayımladığına görə qanun pozucusu kimi tanıyıb, televiziya şirkətinə yazılı xəbərdarlıq edib və videoların dərhal silinməsini istəyib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Rus qanununa imza atan deputatları tanıyın” – iki aya yaxın xəbərlər proqramının sonunda “Mtavari Arxi”nin efirində bu başlıqla videolar yayımlanıb. Rus qanununu dəstəkləyən 84 deputat nümayiş olunub, Rabitə Komissiyası bunu siyasi reklam hesab edib və qeyri-seçkilər dövründə yayımlanmaq üçün “Mtavari Arxi”yə sanksiya tətbiq edib.
“Komissiya tərəfindən media üzərində aparılan monitorinqlər nəticəsində müəyyən edilib ki, bu ilin iyul ayında sözügedən televiziyada “xarici təsirin şəffaflığı haqqında” qanunu dəstəkləyən deputatların mənfi kontekstdə göstərildiyi və adının hallandırıldığı videoçarxlar yayımlanıb.
Komissiya hesab edib ki, video çarxlar 2024-cü il oktyabrın 26-na təyin edilmiş parlament seçkilərində potensial olaraq iştirak edəcək siyasi birliklərin və onların nümayəndələrinin seçilməsinə maneçilik törədib, ona görə də video çarxlar siyasi reklam xarakteri daşıyıb.
Siyasi reklamlardan ibarət videoçarxlar Gürcüstan qanunvericiliyində nəzərdə tutulmuş siyasi/seçkiqabağı reklamların yerləşdirilməsi qaydalarını və normalarını pozaraq efirdə yerləşdirilib. O cümlədən, qanunvericiliyə əsasən, Seçki Məcəlləsində nəzərdə tutulmuş müddətdən və qaydadan kənar siyasi reklamın yerləşdirilməsinə yol verilmir.
“Mtavari Arxi”nin son bir ildə analoji pozuntuya görə sanksiyaya məruz qalmadığını əsas gətirərək, Komissiya yayımçıya yazılı xəbərdarlıq edib və videoların dərhal yayım şəbəkəsindən silinməsi barədə göstəriş verib”, - Rabitə Komissiyasının yaydığı bəyanatda bildirilir.
Komissiyanın qərarından məhkəməyə şikayət olunacaq. “Mtavari Arxi”nin hüquqşünası Tamta Muradaşvili sanksiyanı seçkiqabağı dövrlə əlaqələndirir.
“Hələ əsaslandırılmış qərarı təhvil almamışıq, amma dəqiq bilirik ki, biz mütləq məhkəməyə müraciət edəcəyik. Bu məlumat materialında heç bir qiymətləndirmə yoxdur, sadəcə olaraq faktiki məlumat var. Buna baxmayaraq, tənzimləmə komissiyası bunu siyasi reklam hesab edib. Komissiya səhv və əsassız qərar verməklə yanaşı, həm də qiyabi qərar çıxararaq, bizə yazılı mövqe bildirməyimizə, iştirak etməyimizə imkan verməyərək qanunu pozub.
“Bu qərar onu göstərir ki, seçkiqabağı təşviqat başlayan kimi və o, praktiki olaraq artıq başlayıb, komissiya tənqidi mediaya xüsusi diqqət yetirəcək, onlar mütləq mediaya qarşı daha sərt tədbirlər görəcəklər”, - Muradaşvili deyir.
“Mtavari Arxi”nin keçmiş baş direktoru və “Axali” partiyasının lideri Nika Qvaramianın dediyinə görə, Rabitə Komissiyası Bidzina İvanişvilinin senzura və siyasi orqanıdır və onunla medianı cəzalandırır. Qvaramiyanın sözlərinə görə, komissiyanın qərarı redaksiya siyasətinin məhdudlaşdırılmasıdır.
Mayın 28-də “Gürcü Arzusu”nun parlament çoxluğu prezidentin vetosunu aşaraq, 84 deputatın dəstəyi ilə nəhayət, müstəqil media və qeyri-hökumət təşkilatları haqqında məhdudlaşdırıcı qanunu təsdiqlədi və bunun əsasında Gürcüstanın Avropa İttifaqına qoşulması prosesi dayandırıldı.