Rus Fiqurlu Konkisürmə Federasiyasının İcraiyyə Komitəsi Diana Devis və Qleb Smolkin cütlüyünün Gürcüstan millisinə transferini dəstəkləyib. Bu barədə Rusiya millisinin baş məşqçisi Yelena Çaykovskaya dövlət mətbuatına açıqlama verib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Biz Devis və Smolkindən transferlə bağlı müraciət almamışıq, lakin mayın 22-də Gürcüstandan bizə transfer imkanının verilməsi xahişi ilə ərizə daxil olub.
Biz bu məsələni müzakirə etdik, mayın 25-də RİH-in Bürosu onların buraxılması barədə qərar qəbul etdi. Olimpiya oyunlarından sonra il yarım heç bir yarışda iştirak etməyiblər, onlara pul xərclənməyib. Onlar Rusiyaya gəlməyiblər, ona görə də onları buraxmışıq”, - Çaykovskaya bildirib.
20 yaşlı Diana Devis fiqurlu konkisürmə üzrə Rusiyanın əməkdar məşqçisi, gürcü əsilli Eter Tutberidzenin qızıdır. Onun ABŞ vətəndaşlığı var və partnyoru 23 yaşlı Qleb Smolkin rus aktyor Boris Smolkinin oğludur. Cütlük 2021-22 Rusiya çempionatının gümüş mükafatçısıdır. 2022-ci il Pekin Qış Olimpiya Oyunlarında onlar Rusiya bayrağı altında yarışaraq 14-cü yeri tutublar. Onlar hazırda ABŞ-da təlim-məşqlə məşğuldurlar.
Devis və Smolkin cütlüyü Gürcüstan millisinə qoşulmaqla beynəlxalq yarışlarda iştirak etmək şansı qazanacaq.
2022-ci il martın 1-də Rusiyanın Ukraynaya təcavüzündən və müharibənin başlamasından sonra Beynəlxalq Konkisürmə İttifaqı (ISU), eləcə də digər beynəlxalq idman təşkilatları rusiyalı idmançıların beynəlxalq yarışlarda iştirakına qadağa qoyub. Bir çox idmançı Rusiya vətəndaşlığından imtina edib və digər ölkələrin adından yarışmağa davam edib.
İyunun 9-11-də “ISU” Şurasının iclası keçiriləcək, orada Rusiya və Belarus idmançılarının qəbulu məsələsi müzakirə olunacaq. Ukrayna Fiqurlu Konkisürmə Federasiyası “ISU”nu rusiyalı konkisürənlərə qoyulan qadağanı müharibənin sonuna qədər qüvvədə saxlamağa çağırıb.
Gürcüstan Fiqurlu Konkisürmə Federasiyası bu məsələyə münasibət bildirmir. Ədliyyə naziri Rati Breqadze jurnalistin sualına cavab olaraq bildirib ki, rusiyalı idmançılar Gürcüstan vətəndaşlığı üçün müraciət edərsə, nazirlik “müvafiq təşkilati iş aparacaq” və yekun qərar prezidentin səlahiyyətindədir.