Rusiya işğalçı qüvvələrinin nümayəndələri Kareli bələdiyyəsinin Knolevi kəndi yaxınlığında iki Gürcüstan vətəndaşını qanunsuz olaraq həbs ediblər. Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, həbs işğal olunmuş ərazidə həyata keçirilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Qeyri-qanuni olaraq həbs edilən Gürcüstan vətəndaşlarının tezliklə azad edilməsi üçün bütün mövcud mexanizmlər işə salınıb”, - DTX-dan bildirilib.
Tsxinvalinin de-fakto hakimiyyəti də həbslə bağlı məlumat yayıb. Qondarma Dövlət Təhlükəsizlik Komitəsinin məlumatına görə, fevralın 15-də qondarma sərhəddə “vandalizm” baş verib. Xüsusilə, Gürcüstanın iki vətəndaşı “Cənubi Osetiya ərazisinə qeyri-qanuni keçərək dövlətlərarası bölgü xəttinin mühafizəsi və təhlükəsizliyi üçün istifadə olunan mühəndis qurğularına ziyan vurublar”.
“Qanun pozucuları öz qanunsuz hərəkətlərini cib telefonunun kamerası ilə, yəqin ki, regionda yerləşən Avropa, o cümlədən LGBT dəyərləri təqdim edən və Cənubi Osetiya və Gürcüstanda seçki kampaniyaları öncəsi vəziyyətin destabilizasiyasına çalışan qərbyönlü qeyri-kommersiya təşkilatlarının kuratorlarına təqdim etmək üçün lentə alıblar”, - Qondarma “Təhlükəsizlik Komitəsi” bildirir və saxlanılanların sərxoş olduqlarını qeyd edir.
Hazırda Tsxinvalidə 7 Gürcüstan vətəndaşı qanunsuz həbsdədir. Onların arasında 2023-cü ilin noyabrın 24-də Qori bələdiyyəsinin Adzvi kəndinin kilsəsindən rus hərbçiləri tərəfindən qaçırılan Dimitri Korinteli və Qiorqi Meladze də var. Kilsə işğal xəttinin o tayındadır.
Laşa Xetereli və Qiorqi Mosiaşvili də Tsxinvali həbsxanasındadır. Liaxvi vadisindən olan qaçqın Laşa Xetereli artıq səkkizinci dəfədir ki, işğal rejimi tərəfindən saxlanılıb. Son olaraq, o, 2023-cü il iyulun 5-də işğal altında olan Disev kəndi yaxınlığında həbs edilib. Bundan əvvəl Xetereli bir ildən çox qanunsuz olaraq Tsxinvali həbsxanasında saxlanılıb. Onun işğal olunmuş ərazidə qohumları var. 2008-ci il müharibəsindən sonra Şaumiani köçkün qəsəbəsində yaşayır. 31 oktyabr 2023-cü ildə rus əsgərləri Perevi kənd sakini Qiorqi Mosiaşvilini Sinaquri kəndi yaxınlığında qaçırıblar.
2021-ci ilin dekabrında işğalçılar Qori bələdiyyəsinin Nikozi kəndi yaxınlığında keçmiş hərbi qulluqçu Mamuka Çxikvadzeni həbs ediblər. Onu qondarma sərhədi qanunsuz keçmə ilə yanaşı, narkotik qaçaqmalçılığında da ittiham edirlər. 2022-ci ilin mayında de-fakto məhkəmə Çxikvadzeni 5.6 il müddətinə azadlıqdan məhrum edib, onun yerli vəkili qərardan apellyasiya şikayəti verib və qanunsuz cəza 3,8 ilə endirilib.