Rus qanununa görə, Gürcüstan “OGP” üzvlüyünə xitam verilməsi təhlükəsi ilə qarşı-qarşıyadır

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Gürcüstanın 2011-ci ildə üzv olduğu “Açıq Hökumət Tərəfdaşlığı” (OGP) hökuməti “agentlər haqqında” rus qanununu geri götürməyə çağırır, əks təqdirdə Gürcüstanın “OGP” üzvlüyünə xitam verilə bilər.  “OGP”nin fikrincə, “Gürcü Arzusu”nun yenidən irəli sürdüuü qanun ayrı-seçkilik xarakteri daşıyır, vətəndaş cəmiyyətinin, medianın və həssas qrupların ifadə və birləşmək azadlığını damğalayır və məhdudlaşdırır.

Açıq Hökumət Tərəfdaşlığı Gürcüstan vətəndaş cəmiyyətinin “xarici təsirin şəffaflığı” qanununun tətbiqi və demokratiyanın daha geniş aşınması, vətəndaş məkanının bağlanması, əsas hüquq və azadlıqların pozulması ilə bağlı qaldırdığı narahatlıqları aradan qaldırmaq üçün tövsiyələr dərc edib.

“OGP”nin meyarlar və standartlar alt komitəsinin vətəndaş cəmiyyəti həmsədri Lusi Mekternan rus qanuna diqqət çəkib.

“Bu qanunvericilik vətəndaş cəmiyyəti qruplarına və onların fəaliyyət azadlığına mənfi təsir göstərəcək. Biz bu qanunvericiliyin irəliləyişini pisləyirik və Gürcüstanı vətəndaşların böyük əksəriyyətinin istəklərinə zidd olan qanunlar qəbul etməkdən çəkinməyə çağırırıq”, - Lusi Mekternan bildirib. O, həmçinin qeyd edib ki, jurnalistlərə və media müstəqilliyinə qarşı hücumlar də az narahatlıq doğurmur.

“OGP” Gürcüstan hökumətini 6 ay üçün aydın şəkildə yazılmış iş planı hazırlamağa çağırır, bu plana aşağıdakılar daxildir:

  • Ayrı-seçkilik yaradan qanunvericiliyin geri götürülməsi: Vətəndaş cəmiyyəti təşkilatlarının, media nümayəndələrinin və həssas qrupların ifadə və birləşmək azadlığına mane olan hər hansı qanunvericiliyə dərhal yenidən baxıb geri götürün. “xarici təsirin şəffaflığı haqqında” qanun bu cür qanunlar arasındadır.
  • Birləşmə və mətbuat azadlığının qorunması: vətəndaş cəmiyyəti təşkilatlarının və jurnalistlərin, xüsusən də seçki dövrlərində qorxu və zorakılıq qorxusu olmadan işləyə biləcəyi mühitin təmin edilməsi.
  • İnformasiyaya əlçatanlığın artırılması: ictimai məlumatlara məhdudiyyətsiz çıxışı təmin etmək üçün mövcud çərçivələrin gücləndirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması üçün ümumi hüquqi bazaya yenidən baxılması.

Gürcüstan hökuməti həmçinin plan üzərində işləyərkən Gürcüstanın Avropa İttifaqına daxil olması prosesi çərçivəsində Avropa Komissiyasının verdiyi tövsiyələri nəzərə almağa dəvət olunur.

“Tövsiyə olunan iş planının işlənib hazırlanmaması və həyata keçirilməməsi məsələlər həll olunana qədər Gürcüstanın “OGP”yə üzvlüyünə xitam verilməsi ilə nəticələnə bilər. “OGP” dəyərlərinə və prinsiplərinə davamlı etinasızlıq “Açıq Hökumət Tərəfdaşlığı”na üzvlüyün dayandırılması ilə də nəticələnə bilər”, - “OGP”nin bəyanatında deyilir.

Gürcüstan hökuməti iş planını 6 iyun 2024-cü ilə qədər təqdim etməlidir.

“Açıq Hökumət Tərəfdaşlığı” özündə 75 üzv ölkənin hökumətlərini və minlərlə vətəndaş cəmiyyəti təşkilatını birləşdirir. Üzv ölkələrin hökumətləri idarəetməni daha açıq, səmərəli və şəffaf etmək, vətəndaşların qərarların qəbulu prosesində iştirakını və dövlət xidmətlərinin asan və rahat çatdırılmasını təmin etmək öhdəliyi götürürlər. 2017-ci ildə Gürcüstan bir illik müddətə “OGP”nin sədri seçilib, 2019-2022-ci illərdə isə Almaniya və İndoneziya ilə birlikdə ölkəni hökumət administrasiyasının rəhbərinin təmsil etdiyi “OGP”nin idarə komitəsinə daxil edilib..

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur