Gürcüstan prezidenti Salome Zurabişvili Rusiya ilə birbaşa uçuşların bərpasının əleyhinədir. Zurabişvili sosial şəbəkədə yayımladığı bəyanatda yazır ki, bu məsələdə “Gürcü arzusu”nun mövqeyi onun üçün anlaşılmazdır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Rusiya ilə uçuşların bərpasını alqışlamıram! Bütün tərəfdaş ölkələrimizin söz və ya əməllə Ukraynanın fədakar mübarizəsi ilə maksimum həmrəy olduqlarını ifadə etdiyi bir vaxtda mən və, əminliklə deyə bilərəm ki, cəmiyyətin əksəriyyəti üçün də hökumətin və hakim partiyanın mövqeyi, yumuşaq desəm, anlaşılmazdır.
Mən bu mövqeyi dəstəkləyənlərin, güya bu yolla (uçuşların bərpa edilməsi nəticəsində) Rusiyada yaşayan gürcülərin problemlərini yüngülləşdirməyə xidmət edəcək deyə səsləndirdikləri arqumentlə razılaşa bilmirəm. Ən azı ona görə ki, aylardır bütün səylərimə baxmayaraq, vətəndaşlıq verilməsi meyarlarının sadələşdirilməsi ilə bağlı bir nəticə əldə edə bilməmişəm – bu məsələ xaricdəki, o cümlədən Rusiyadakı soydaşlarımızı ən çox narahat edir”,- yazır prezident.
Salome Zurabişvilinin fikrincə, Rusiya bu mövzunu gündəmə gətirməklə Gürcüstanla qərb tərəfdaşları arasında çatlar yaratmağa çalışır.
“İndiki məqamda Rusiyanın onsuz da köhnəlmiş hiylələri ilə bağlı hər hansı bir yaddaşımız varsa, başa düşməliyik ki, Kreml Qərb tərəfdaşlarımızla aramızda hansısa nifaq yaratmaq ümidi ilə bu cür mövzuları “ortaya atacaq”. Buna yol vermək qəbul edilməzdir!
Əvəzində hökumətə dəfələrlə təkid etdiyim kimi, Rusiya vətəndaşlarının axını məsələsini bütün sosial və siyasi parametrləri ilə ciddi şəkildə öyrənmək lazımdır ki, cəmiyyətdə onun milli maraqlarının və təhlükəsizliyinin nəzərə alındığı və qorunduğu hissi yaransın. İş hüququ, biznesin qeydiyyatı, əmlakın əldə edilməsi və ya rusdilli məktəblərin açılması ilə bağlı qaydalar istiqamətində requlasiyalara ehtiyacımız var.
Həmçinin hökumət uçuşları bərpa etməkdənsə, ölkənin reputasiyasının qayğısına qalmalı, ölkəyə qarşı səslənən, Gürcüstanın sanksiyalardan yan keçməsi haqqında ittihamlara qəti şəkildə cavab verməlidir. Bütün bunlar qəti və faktlarla təsdiqlənəcək ciddi dövlət yanaşması və ittihamların inkarı tələb edir!”, - Zurabişvili yazır.
Gürcüstanla birbaşa uçuşların bərpasına ümid bəslədiyini Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov 18 yanvar tarixində deyib. Onun sözlərinə görə, ötən il Gürcüstanın ümumi daxili məhsulu əsasən Rusiya Federasiyası ilə turizm və ticarət əlaqələrinin sayəsində 10 % artıb. Bundan başqa, Lavrov Gürcüstan hakimiyyətinin Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmaması ilə bağlı “cəsarətini” yüksək qiymətləndirib.
Sergey Lavrovun bu bəyanatından sonra, Rusiya Dövlət Dumasının deputatı, “Kommunist Partiyası”nın üzvü Sergey Qavrilov deyib ki, “Gürcüstanın Ukrayna məsələsində müstəqil mövqeyini və Rusiyaya qarşı sanksiyalar müharibəsinə münasibətini nəzərə alaraq, təkcə hava nəqliyatını deyil, həm də tamhüquqlu diplomatik münasibətləri bərpa etmək lazımdır”. Qavrilovun sözlərinə görə, səfirliklərin və konsulluqların açılması Rusiya vətəndaşlarına Gürcüstanda “kömək etmək imkanına” töhfə verəcək.
Hakim “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze hesab edir ki, uçuşların bərpası Rusiyada yaşayan bir milyona qədər Gürcüstan vətəndaşı üçün mühüm addım olacaq: “Vətəndaşlarımızın vəziyyətinin yüngülləşdirilməsinə gəlincə, istənilən bu cür qərar bizim tərəfimizdən alqışlanasıdır”. – deyir o.
Gürcüstan və Rusiya arasında birbaşa uçuşlar Rusiya Dumasının deputatı Sergey Qavrilovun səfəri ilə əlaqədar Tbilisidə keçirilən etiraz aksiyalarına görə Rusiya hakimiyyətinin qərarı ilə dayandırılıb.