Rusiyada Kreml əleyhdarı siyasətçi və publisist Vladimir Kara-Murza 25 il müddətinə azadlıqdan məhrum edilib. O, Rusiya ordusu haqqında “saxta” məlumatlar yaymaqda, “arzuolunmaz” qeyri-hökumət təşkilatı (Free Russia Foundation) ilə əməkdaşlıqda və dövlətə xəyanətdə ittiham olunurdu.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Kara-Murza özünü təqsirli bilmir və siyasi görüşlərinə görə cəzalandırıldığını iddia edir. Siyasətçi məhkəmədəki son sözünü deyərkən öz hökmünü bir il əvvəldən bildiyi üçün bəraət tələb etmədiyini bildirib:
“Mən öz hökmümü bilirəm. Bunu bir il əvvəl güzgüdə qara formalı, qara maskalı adamların maşınımı təqib etdiyini görəndən bilirdim.
Bu gün Rusiyada susmamağın qiyməti bu cürdür, amma onu da bilirəm ki, ölkəmizin üzərindəki zülmət dağılacağı, qaraya qara, ağa ağ deyəilcəyi, rəsmi olaraq iki vur ikin dörd olduğunun deyiləcəyi, müharibəni dayandırmağa çalışana deyil də, ona qəsb edənə qəsbkar deyiləcəyi gün gələcək. Bu günün gəlişi ən soyuq qışdan sonra belə yazın gəlişi kimi qaçılmazdır. Onda cəmiyyətimiz gözünü açıb onların adından törədilən dəhşətli cinayətlərdən dəhşətə gələcək”.
41 yaşlı Vladimir Kara-Murza polisə tabe olmamaqda ittiham edilərək bir il müddətinə həbs edilib. Həbsdə olduğu müddətdə ona qarşı daha ciddi ittihamlar irəli sürülüb. Vətənə xəyanət ittihamı üzrə məhkəmə iclasları qapalı keçirilib. Kara-Murzanın vəkili BBC-nin rus xidmətinə bildirib ki, dinləmələrdə heç bir məxfi sənəd müzakirə edilməyib və bunun mənası yoxdur, çünki Kara-Murzaya dövlət sirri verilməyib. İş müttəhimin xaricdə verdiyi ifadələrə, o cümlədən ABŞ-da Rusiyanın Ukraynada yaşayış məntəqələrini, doğum evlərini və məktəbləri bombalayaraq hərbi cinayətlər törətdiyini dediyi çıxışına əsaslanırdı. Bundan əlavə, Kara-Murza Rusiya hakimiyyətini siyasi müxalifəti təqib etməkdə ittiham edib. İstintaqın məlumatına görə, o, xarici agent elan edilən Mixail Xodorkovskinin təsis etdiyi, Rusiyada qadağan olunmuş və ABŞ-da yerləşən “Azad Rusiya Fondu”nun adından çıxış edib. İstintaqın fikrincə, o, bununla Rusiyanın xarici təhlükəsizliyini və ərazi bütövlüyünü təhdid edib.
Vladimir Kara-Murza həbs olunduqdan sonra 2022-ci ilin aprelində “xarici agent kimi fəaliyyət göstərən şəxslər” adı ilə dövlət reyestrinə daxil edilib. Vəkillər hökumətin qərarından apellyasiya şikayəti versələr də, məhkəmə onların iddiasını qəbul etməyib.