Şalva Papuaşvili “agentlər haqqında” rus qanununu imzalayıb

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “xarici agentlər” haqqında rus qanununu imzalayıb. Qanun ehtimal ki, sabah “Qanunvericilik Toplusu”ndə dərc olunduqdan sonra qüvvəyə minəcək.

“Sabahdan etibarən 60 gün müddətində Ədliyyə Nazirliyi tabeliyində olan bütün normativ aktları hazırlayacaq, o cümlədən təşkilatlar üçün elektron portal yaradacaq və 60 gündən sonra, səhv etmirəmsə, sentyabrın 3-4-də əhəmiyyətli xarici maliyyə vəsaiti olan təşkilatların bu portalda qeydiyyatdan keçməsi və 2023-cü il üçün maliyyə bəyannaməsi təqdim etməsi öhdəliyi olacaq”, - Papuaşvili jurnalistlərə bildirib.

Yüzlərlə qeyri-hökumət təşkilatı və media “xarici dövlətin maraqlarını daşıyan” kimi qeydiyyatdan keçmək fikrində deyil. Onlar, bəyan etdikləri kimi, anti-konstitusiya qanununa tabe olmayacaq, onun dayandırılması və ləğvi tələbi ilə Gürcüstan Konstitusiya Məhkəməsinə və Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəklər.

“Bu, əlbəttə ki, qeyri-demokratik davranışdır, hüquqi dövlət ruhuna və onların bəyan etdiyi prinsiplərə ziddir ki, biz hüquqi dövlətdə yaşamalıyıq. Qanun qəbul olunub. Hər kəs bilir ki, nə etmək lazımdır və maliyyə bəyan olunmasa, hansı nəticələr olacaq”, - Papuaşvili qeyri-hökumət və media qurumlarına cavab verib.

“Gürcü Arzusu” kütləvi etirazlara, həmçinin Venesiya Komissiyasının və ATƏT/DTİHB-nin tənqidi hüquqi rəylərinə, Avropa İttifaqı, ABŞ Dövlət Departamenti və digər tərəfdaşların çağırışlarına baxmayaraq, mayın 28-də “xarici agentlər” haqqında rus qanunu yenə də qəbul edib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur