Gürcüstan Baş Naziri İrakli Qaribaşvili Ukraynadakı hazırkı müharibədən danışarkən deyib ki, “Gürcü arzusu” hökuməti ölkə üçün ən böyük sınaqdan – müharibədən yayına bilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Hökumətimizin gördüyü işlər nəticəsində ötən il bizdə misli görünməmiş, yüksək iqtisadi artım baş verdi. Bütün dünyada tənəzzül, qeyri-müəyyənlik, gözlənilməzlik hökm sürərkən bizdə 10,1 % iqtisadi artım olub. Bu çətinliklərə baxmayaraq, dövlətimiz, hökumətimiz, hamı birlikdə, bütün komanda ölkəmiz üçün ən böyük sınaqdan yaxa qurtara bildi. Bu müharibədir. Hansısa yolla bu münaqişənin ölkəmizə keçməsi üçün, təəssüf ki, dayanmayan cəhddir bu. Bununla bağlı Ukrayna hakimiyyət nümayəndələrinin məqsədlərinin ikinci cəbhə açmaq olduğu barədə bəyanatlarını birbaşa eşitdik. Keçmiş prezident Saakaşvilinin Gürcüstana göndərilməsi bu məqsədə xidmət edirdi və təəssüf ki, onlar tərəfindən kəsilməyən təxribatlar həddən artıq çoxdur.
Hər kəsə, o cümlədən ukraynalı dostlarımıza bir şey arzulayıram. Sülh, bu müharibənin vaxtında bitməsi və ərazilərin qaytarılması, amma bir şeyi demək istəyirəm. Görürsünüz ki, müharibə başlayandan Ukrayna ərazisinin 20 %-i işğal olunub, 20 %-i. On minlərlə insan həlak olub, Ukraynaya yüz milyardlarla dollar ziyan dəyib, bəziləri deyir ki, artıq bir trilyon dollardır, bəziləri deyir ki, 700-800 milyarddır, bunu kim hesablayacaq. Ən əsası hərbçilərdən başqa hər iki tərəfdən çox ağır itkilər var, mülki infrastruktur, vətəndaşlar, uşaqlar həlak olub. Bu ziyanı və bu itkini, bu ağrını heç nə bərpa edə bilməz. Biz görürük ki, müharibə dayanmır, heç bir cəhd də yoxdur, əslində birbaşa deməliyik ki, bu müharibə dayanmalıdır, tərəflər birtəhər danışıqlar masasına qayıtmalıdır.
Bu narahat edicidir. Bunun nəticəsində Ukraynada, regionda və bütövlükdə dünyada yaradılan mühit daha da proqnozlaşdırılamayan xarakter alıb. Bizim əsas vəzifəmiz xalqımızın mənafeyini qorumaq, ölkəmizin milli mənafeyini qorumaq olub, olur, və olacaq. Ölkəmizə, xalqımıza nə lazımdırsa, biz ancaq o qərarı verib, o işi görəcəyik”, - bildirib Qaribaşvili.
İki gün əvvəl “Gürcü arzusu”nun sədri İrakli Kobaxidze Rusiyanın Ukraynadakı “üstünlüyündən” və Gürcüstanı müharibəyə qoşmaq marağının mövcudluğu barədə danışıb. O, deyir ki, bir-iki həftə ərzində Ukrayna heç bir yaşayış məntəqəsi almayıb, Rusiya isə bir həftə ərzində ona yaxın yaşayış məntəqəsini işğal edib. Kobaxidze qeyd edir ki, belə bir şəraitdə, bəzi qüvvələrin “birinci cəbhədə Rusiyanın vəziyyətini pisləşdirmək üçün” Gürcüstanda “ikinci cəbhə” açmaq marağı artır.
“Gərək bu səviyyədə cəhalət göstərib bu müharibədə Rusiya qalib gəlir deməyəsən. Üç günlük müharibədə Rusiya təbii ki, “qalib gəlir”, təbii ki. Cənab Kobaxidzenin Putinlə işlərin necə getdiyini və onun Ukraynanı üç gün ərzində diz çökdürmək planını öyrənməsi arzuolunan olardı.
Bir ildir ki, biz müharibədəyik və Rusiyanın heç bir ciddi uğuru yoxdur. Rusiya qısa məsafələrdə uzun-uzadı döyüşür və yarım kilometr, bir kilometrdən artıq irəliləyə bilmir.
Sual bundadır ki, Rusiya Ukrayna ərazisindən nə qədər tez qaçacaq. Düşünürəm ki, yaxın gələcəkdə biz bunu konkret misallarla müzakirə edə biləcəyik”, - Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Mixailo Podoliak İrakli Kobaxidzeyə belə cavab verib.
Podolyak “Amerikanın səsi” radiosuna müsahibəsində deyib ki, strateji baxımdan Gürcüstanın neytral mövqe tutması və müharibəni şərh etməməyə çalışması çox faydalı olardı.
Rusiya 2022-ci il fevralın 24-də Ukraynanı işğal etdi və genişmiqyaslı müharibəyə başladı. Böyük Britaniyanın göstəricilərinə görə, mart ayında maksimum irəliləyiş nöqtəsində Rusiya Ukrayna ərazilərinin təxminən 27 %-ni işğal etmişdi. Sentyabrın sonunda Rusiya hakimiyyəti Ukraynanın müvəqqəti işğal olunmuş Donetsk, Luqansk, Xerson və Zaporojya vilayətlərində psevdoreferendum keçirib və sonra bu bölgələri Rusiyanın ərazi qurumları elan edib. Noyabrın əvvəlində ukraynalılar Xersona nəzarəti bərpa etdilər. Ukrayna fevralın 24-dən bəri itirdiyi ərazilərin təxminən 54 %-ni geri qaytarıb və ilin sonuna qədər Rusiya bütün Ukrayna ərazisinin təxminən 18 %-nə nəzarət edirdi. Bu gün cəbhədə ən çətin vəziyyət Rusiya ordusunun ötən ilin avqustundan tutmağa çalışdığı Donetsk vilayətinin Baxmut şəhəri yaxınlığındadır. Ukrayna prezidentinin sözlərinə görə, ukraynalı əsgərlər şəhəri tərk etmək fikrində deyillər. “Bacardığımız qədər mübarizə aparacağıq. Baxmutu öz qalamız hesab edirik. Biz orda həlak olan insanlarımızı qəhrəman hesab edirik. Silahların, xüsusən də uzaqmənzilli silahların tədarükü sürətləndirilərsə, biz nəinki Baxmutdan uzaqlaşacağıq, həm də 2014-cü ildən işğal altında olan Donbassın işğaldan azad edilməsinə başlayacağıq”, - Volodimir Zelenski deyib.