Tbilisi Şəhər Məhkəməsi Saqareco rayonunun Ləmbəli kəndində 30 yaşlı Xanım Ceyranovanın intiharı ilə bağlı 4 nəfəri 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Məhkəmə onların dördünü də qrup halında alçaldıcı rəftara görə təqsirli bilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Prokurorluğun məlumatına görə, məhkəmə iclasında tədqiq edilən sübutlar göstərir ki, 2014-ci ilin 16 sentyabr tarixində təqsirləndirilən şəxslər Saqareco rayonunun Ləmbəli kəndində Xanım Ceyranovanın qadına yaraşmayan hərəkətlər etdiyini hesab ediblər. Onlar Xanım Ceyranovanı ləyaqətini və şərəfini alçaldan vəziyyətə salıblar, şifahi və fiziki təhqir ediblər, bundan sonra zorla maşına mindirərək kəndin mərkəzinə, insanların toplaşdığı yerə aparıblar.
“Təqsirləndirilən şəxslər kənd sakinlərinin qarşısında zərərçəkmişə alçaldıcı sözlərlə təhqir edib və qadına yaraşmayan davranışına görə cəzalandırılmalı olduğunu bildirib.
Cinayətkar dəstə üzvlərinin əməlləri zərərçəkmişin mənəvi iztirablarına səbəb olub və bu səbəbdən o, 2014-cü ilin 18 sentyabr tarixində intihar edib.
Məhkəmə hər dörd şəxsi Gürcüstan Cinayət Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinin “e” və “f” yarımbəndlərinə əsasən (insan bərabərliyini pozaraq, qruplar şəklində və gender əsasında həyata keçirilən ləyaqəti alçaldan rəftar) təqsirli bilib.
Cəzanın növü və ölçüsü isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə ilə müəyyən edilib”, - deyə prokurorluqdan bildirilib.
Xanım Ceyranovanın işi ilə əlaqəli daha bir şəxs təqsirləndirilir, o, alçaldıcı rəftarla yanaşı, qanunsuz olaraq azadlıqdan məhrum etmə üzrə də istintaqa cəlb olunur. İşə Tbilisi Şəhər Məhkəməsi andlılar heyətinin iştirakı ilə baxacaq.
2014-cü ilin 16 sentyabr tarixində Ləmbəli kəndində 30 yaşlı Xanım Ceyranova yaxınları tərəfindən ərini aldatmaqda ittiham olunub. O, hücuma məruz qalıb, kəndə sürüklənib, uşaqlarının gözü qarşısında alçaldılıb və şiddətli döyülüb, buna görə qadın bir neçə dəfə huşunu itirib. Hadisədən 2 gün sonra, 18 sentyabr tarixində Xanım Ceyranova ölü tapılıb. İntihar həddinə çatdırma ittihamı ilə istintaq başlansa da, illər ərzində həbs olunan olmayıb.
Mərhumun əri Hacı Həsənov arvadına zorakılıq edən şəxslərdən birini ayağından yaralayıb sonra isə polisə təslim olub. Hacı Həsənov adam öldürməyə cəhddə təqsirli bilinib və 2014-cü ilin dekabrında Siqnaxi Rayon Məhkəməsi onu 7 il müddətinə azadlıqdan məhrum edib. 2016-cı ilin 16 sentyabrında, o, Gürcüstan prezidenti Giorgi Marqvelaşvili tərəfindən əfv edilib.
2015-ci ildə o vaxtkı Ədliyyə Naziri Tea Tsulukiani Kaxeti İnformasiya Mərkəzinə müsahibəsində bildirmişdi ki, Xanım Ceyranovanın işi araşdırılmamış qalmamalıdır. Onun sözlərinə görə, sübutları özü toplamağa başlayıb, buna baxmayaraq, iş araşdırılmayıb.
2018-ci ildə qeyri-hökumət təşkilatları, “Sapari” və İnsan Hüquqları Mərkəzi Avropa İnsan Hüquqları Mərkəzi (EHRAC) ilə əməkdaşlıq edərək BMT-nin Qadın Hüquqları Komitəsinə şikayət ünvanlayıb.
2021-ci ilin sonunda komitə pozuntunu müəyyən edib və Gürcüstan hakimiyyətini tez, hərtərəfli və müstəqil araşdırma aparmağa, həmçinin Xanım Ceyranovanın övladlarına ədalətli təzminat ödəməyə çağırıb.
Hadisədən 8 il sonra, 2022-ci ildə prokurorluq Ceyranovanın işi üzrə 5 nəfərə qarşı ittiham irəli sürüb.