Baş Prokurorluq Müdafiə Nazirliyinin briqada serjantı Roin Şavadzeni qanunsuz saxlama, qəsdən adam öldürmə və vəzifə səlahiyyətlərini aşma ittihamı ilə 8 nəfəri həbs edib, 2 nəfərin barəsində axtarış elan edəcək. Şavadze 2008-ci il avqustun 15-də Rusiya-Gürcüstan müharibəsindən bir neçə gün sonra işgəncələrlə öldürülüb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Roin Şavadze 2005-2006-cı illərdə İraqda sülhməramlı missiyada koalisiya qüvvələrinin tərkibində iştirak etmiş və bu müddətdə nümunəvi xidmətə görə medalla təltif edilmişdi. Gürcüstan Silahlı Qüvvələrinin Birləşmiş Qərargah rəisinin əmri ilə 2007-ci ildə vəzifə öhdəliklərini dəqiq yerinə yetirdiyinə görə ona təşəkkür edilib. 2008-ci ilin avqustunda hərbi əməliyyatlarda iştirak edib.
19 noyabr 2020-ci ildə Avropa İnsan Haqları Məhkəməsi “Şavadze Gürcüstana qarşı” işində Avropa Konvensiyasının 2-ci maddəsinin, yəni yaşamaq hüququnun pozulduğunu müəyyən edib. Məhkəmənin qiymətləndirməsinə görə, həmin dövr hökumətinin Şavadzenin ölümünün həbs olunma zamanı onun qaçmasının qarşısını almaq üçün zəruri olan güc tətbiqi nəticəsində baş verdiyini iddia etməsi işdəki sübutlarla uyğun gəlmir. Strasburq məhkəməsi Gürcüstanı səmərəli araşdırma aparmağı tapşırıb, qərarın icrasına və istintaqın gedişinə isə Avropa Şurasının Nazirlər Komitəsi nəzarət edib.
Baş Prokurorluq bu gün yaydığı bəyanatda təkrar istintaqın təfərrüatlarını açıqlayıb:
- Müəyyən edilib ki, 2008-ci il avqustun 15-də Acara Muxtar Respublikasının Konstitusiya Təhlükəsizliyi Departamentinin (KTD) baş şöbəsinin rəisi Batumidə yaşayan Roin Şavadzenin barəsində araşdırma aparmaq tapşırığı alıb, çünki, guya Şavadzenin xarici ölkənin “xüsusi xidmətləri” ilə əməkdaşlıq etməsi barədə məlumatlar var idi.
- Ertəsi gün, avqustun 16-da Acara Muxtar Respublikasının Konstitusiya Təhlükəsizliyi İdarəsinin baş bölməsinin rəisi iki əməkdaşı ilə birlikdə Roin Şavadzenin xidmət etdiyi Müdafiə Nazirliyinin Beşinci Piyada Briqadasının bazasına gedib və briqada komandirindən onu uzaqdan əyani şəkildə göstərməsini xahiş edib. Roin Şavadzeni görən əsas bölmə rəisi onu bir neçə dəfə söyüb və onu nümunəvi şəkildə cəzalandıracağı ilə hədələyib.
- Həmin gün “KTD” xüsusi təyinatlı dəstəsinin əməkdaşları əsas bölmə rəisinin rəhbərliyi ilə Batuminin Qamsaxurdiya və Melaşvili küçələrinin kəsişməsində yerləşən kafedə Roin Şavadzeyə hücum edərək onu avtomatın qundurları ilə qəddarcasına döyüblər.
- Zorakılıq nəticəsində Roin Şavadze ağır, həyati təhlükə yaradacaq xəsarətlər, o cümlədən sol çiyin və bud sümüyünün sınığı, qabırğaların çoxsaylı sınığı, həmçinin kəsiklər və qançırlar şəklində çoxsaylı xəsarətlər alıb.
- Xüsusi təyinatlılar hücum nəticəsində huşunu itirmiş Roin Şavadzeni avtomobillərdən birinin arxa oturacağına oturtaraq hadisə yerindən uzaqlaşdırıblar.
- Hadisə gündüz saatlarında insanların toplaşdığı yerdə baş verdiyindən onlarla vətəndaş hadisənin şahidi olub.
- Fiziki hesablaşmadan sonra xüsusi təyinatlı dəstənin üzvləri baş bölmənin rəisinin rəhbərliyi ilə Roin Şavadzeni qətlə yetirmək məqsədilə Kobuleti-Kakuti avtomobil yoluna istiqamətinə aparıblar. Batumi çıxışında onlara əlavə olaraq digər xüsusi təyinatlılar da qoşulub.
- Adıçəkilən şəxslər Kobuleti və Quriya sərhəddində avtomobilləri saxlayaraq köməksiz vəziyyətdə olan Roin Şavadzeni avtomobildən götürərək yolun kənarında, ağac xəttinin yaxınlığında yerləşdirərək kalaşnikov tipli avtomat silahından çoxsaylı atəşlər açaraq qətlə yetiriblər.
- Məhkəmə-tibbi ekspertizanın rəyinə əsasən, Roin Şavadzenin bədənində 40-a yaxın güllə yarası olub.
- Güllə yaralarından əlavə, mərhumun ölümündən əvvəl zorakılıq nəticəsində aldığı fiziki xəsarətlər də qeydə alınıb. O cümlədən, sol baldır sümüyünün sınığı, sol bud sümüyünün sınığı; Burun, göz yuvası və alın nahiyəsində kəsiklər və qan sızıntıları şəklində zədələr; çənə və boyun bölgəsində kəsiklər; çoxsaylı qabırğa qırıqları; Sol əlin 2 və 3-cü barmaqlarının falanqlarının sınığı.
- Roin Şavadzenin bədənində yuvarlaq formalı termiki zədələr qeydə alınıb ki, bu da yəqin ki, yandırılmış siqaretin bədənə basılması nəticəsində yaranmış olmalıdır; Odlu silahın lüləsinin bədənə dəyməsi nəticəsində əmələ gəlmiş ola biləcək dairəvi formalı istilik zədələrinin izləri də qeydə alınıb.
- Prokurorluğun məlumatına görə, Roin Şavadzenin qanunsuz həbsi və qətli faktını ört-basdır etmək üçün KTD əməkdaşları saxta versiya hazırlayıblar:
- Konstitusiya Təhlükəsizliyi Departamentində saxta həbs və şəxsi axtarış protokolu tərtib edilib və orada qeyd olunub ki, guya Roin Şavadzenin həbsi zamanı narkotik vasitə aşkarlanıb ki, bu da, əslində həqiqətə uyğun deyil. Narkotik vasitə qeyd olunan yerə həbsin təşkilində iştirak edən şəxslər tərəfindən gətirilib.
- Eyni versiyaya görə, narkotik cinayətinə görə həbs edilən şəxsin məhkəməsi Tbilisi şəhərində keçirilməli idi. Səyahət zamanı Roin Şavadze, guya təbii ehtiyacı ödəmək üçün maşını saxlamağı tələb edib, bundan sonra xüsusi təyinatlılar üzvündən birinin silahını qapıb, onların istiqamətinə atəş açıb və qaçmağa nail olub, bunun əsasında ona cavab atəşi açılıb.
- Yalan versiyanı möhkəmləndirmək üçün xüsusi təyinatlı dəstənin üzvləri hadisə yerində elə bir vəziyyət yaradıblar ki, Roin Şavadzenin qəsdən öldürülməsi təqsirkarın zəruri dəf edilmə şəraitində qanuni şəkildə zərərsizləşdirməyə bənzəsin.
- Ayrıca, onlar “Makarov” tipli tapançadan şəxsi avtomobilləri istiqamətində bir neçə dəfə atəş açıblar və daha sonra sözügedən tapança Roin Şavadzenin cəsədinin yaxınlığında yerləşdirilib. Bundan sonra xüsusi təyinatlılar uydurma versiyanı mğhkəmləndirmək üçün istintaqa yalan ifadələr veriblər.
Prokurorluğun apardığı təkrar istintaqla təsdiq edilib ki, saxlanılan şəxsi göstərilən marşrut üzrə Tbilisiyə aparmaq mümkün ola bilməzdi, çünki avtomobil yolu 2008-ci il avqustun 16-da Rusiya-Gürcüstan müharibəsi münaqişəsi səbəbindən bağlı olub. Eyni versiyaya görə, narkotik cinayətinə görə tutulan şəxs Tbilisi şəhərində mühakimə olunmalı idi və bunun üçün heç bir qanuni əsası mövcud deyildi və onlar guya Konstitusiya Təhlükəsizlik Departamentinin rəhbərinin şəxsi göstərişi ilə aparılıb və bu da sübut edir ki, Roin Şavadzenin saxlandığı yerdən aparılmasıda məqsədi Tbilisiyə köçürülməsi olmayıb.
İş üzrə aparılan məhkəmə-tibbi ekspertiza təsdiq edib ki, döyülmə nəticəsində aldığı ağır xəsarətlər, xüsusən də sol çiyin və bud sümüyünün sınığı nəzərə alınaraq, Roin Şavadzenin xüsusi təyinatlıların üzvlərinə fiziki müqavimət göstərməsi, o cümlədən sürətli hərəkət və/və ya qaçması mümkün olmazdı.
Beləliklə, guya Roin Şavadzenin zərərsizləşdirilməsi onun qaçmasının qarşısını almaq üçün həyata keçirilirmiş tədbir kimi saxta versiya, şübhəsiz ki qüvvədən düşmüşdür. Həmçinin, müəyyən edilib ki, Roin Şavadzenin başqa ölkənin “xüsusi xidmət orqanları” ilə mümkün əməkdaşlığı ilə bağlı nə həmin dövrdə, nə də sonrakı dövrdə heç bir istintaq başlanmayıb və Roin Şavadzeyə qarşı yalnız 260-cı maddə ilə narkotik cinayətinə görə cinayət işi başlanıb. Hazırkı istintaq çərçivəsində bu şübhə öz təsdiqini tapmayıb.
Prokurorluq təqsirləndirilən şəxslərə qarşı qabaqcadan bilə-bilə köməksiz şəxsi qəsdən öldürmə, qəsdən qanunsuz saxlama, vəzifə səlahiyyətlərini aşma maddələri ilə cinayət təqibinə başlayıb. Prokurorluq bütün təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilməsini tələb edir.