Amerika Birləşmiş Ştatları Gürcüstanın keçmiş müdafiə naziri, “Formula” teleşirkətinin yaradıcısı Davit Kezeraşviliyə 2023-cü ildə “çirkli pulların yuyulması”nı əsas gətirərək viza verməkdən imtina edib. Kezeraşvili onun haqqında mövcud qeydləri tələb edir və ABŞ Dövlət Departamentinə qarşı hüquqi mübahisəyə başlayıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
20 fevral 2024-cü il tarixində Kolumbiya məhkəməsinə daxil olan şikayətə əsasən, hazırda Böyük Britaniyanın paytaxtı Londonda yaşayan Davit Kezeraşvili ABŞ vizası almaq üçün ABŞ-ın Kiprdəki səfirliyinə müraciət edib. O, B-2 turist vizası üçün müraciət edib.
18 iyul 2023-cü ildə səfirlik müraciəti rədd edib və ABŞ Gömrük və Sərhəd Mühafizəsi Agentliyinin mayın 1-də qəbul etdiyi, Kezeraşvilinin uyğunluq meyarlarından birinə cavab vermədiyi qərarı qeyd edib. Konkret olaraq, agentliyin qərarı “çirkli pulların yuyulması” adlandırılan İmmiqrasiya və Vətəndaşlıq Qanununun 212(a)(2)(I) bəndinə əsaslanıb. 212(a)(2)(I) bəndinə əsasən çirkli pulların yuyulmasında iştirak etmiş, edən və ya Birləşmiş Ştatlara pul yumaq üçün daxil olmaqda şübhəli bilinən istənilən şəxs ABŞ-a buraxılmır.
2023-cü il oktyabrın 23-də Davit Kezeraşvili ABŞ-ın İnformasiya Azadlığı Aktı çərçivəsində Dövlət Departamentindən onun immiqrasiya sənədləri ilə tanış olmaq istəyib. Xüsusilə, Davit Kezeraşvili Gömrük və Sərhəd Mühafizəsi Agentliyinin 1 may qərarı ilə bağlı bütün sənədlərin, bəyanatların, materialların və/yaxud neqativ məlumatların surətlərini istəyib. Şikayət məhkəməyə təqdim edilərkən Dövlət Departamenti tələb olunan məlumatı Davit Kezeraşviliyə təqdim etməyib və onun tələbinin statusu “mümkün qədər tez icra olunacaq” kimi göstərilib.
Şikayətə əsasən, Davit Kezeraşvili hesab edir ki, ona qarşı İnformasiya Azadlığı Aktı pozulub. Akta əsasən Dövlət Departamenti tələb edildikdən sonra 20 iş günü ərzində ona cavab verməli və qərar barədə məlumat verməlidir. Bundan əlavə, şikayətə əsasən, Dövlət Departamenti tələb olunan qeydlər üzrə adekvat axtarış aparmayıb və şikayətçinin belə qeydləri əldə etmək üçün qanuni hüququnu pozub.
Davit Kezeraşvilinin adı fırıldaq xarakterli zəng mərkəzləri işində hallanır. 12 aprel 2023-cü ildə Britaniya Yayım Korporasiyası “BBC” “Milyard dollarlıq fırıldaqların arxasında duran iş adamlarının axtarışı” başlığı ilə jurnalist araşdırması dərc edib. Araşdırma materialına görə, fırıldaqçı şirkətlərin izləri son nəticədə Davit Kezeraşviliyə gətirib çıxarıb. Kezeraşvilinin özü isə ona qarşı ittihamların böhtan olduğunu və jurnalist araşdırmasında bir sıra faktların qəsdən təhrif edildiyini bildirib. İstintaqın dərcindən sonra Kezeraşvili “Formula” teleşirkətinin nəzarət paketindən imtina edərək, özünün 51%-lik payının 25%-ni teleşirkət işçilərinin “Azadlıq formulu” ittifaqına verib.
Gürcüstanın keçmiş müdafiə naziri dövlət vəsaitini – 5 milyon avrodan çox mənimsəməkdə ittiham olunaraq qiyabi mühakimə olunub. İş materiallarına görə, 2008-ci ildə Davit Kezeraşvili ofşor zonada qeydiyyatdan keçmiş “Girwood Business Corp” şirkəti ilə qondarma müqavilə bağlayıb və ona dövlət büdcəsindən 5 milyon 60 min avro köçürüb. Prokurorluq bildirir ki, müqavilədə nəzərdə tutulmuş döyüş hazırlığı kursları keçirilməyib. 2017-ci ildə mülki və apellyasiya məhkəmələri Davit Kezeraşvili və onunla birlikdə mühakimə olunan Müdafiə Nazirliyinin satınalma şöbəsinin keçmiş rəisi Aleksandr Ninuaya bəraət qazandırıb. Ali Məhkəmə bəraət hökmünü ittiham hökmü ilə əvəz edib və Kezeraşvilini 10 il müddətinə azadlıqdan məhrum edib, amnistiya nəticəsində bu müddət iki dəfə azalıb.