İşğal olunmuş Abxaziyada de-fakto prezidentin erkən seçkilərinin təyin olunması ilə bağlı “referendum” keçirmək istəyirlər. 36 nəfərdən ibarət təşəbbüs qrupunun bəyanatı iyunun 27-də qondarma Mərkəzi Seçki Komissiyasına təqdim edilib. “Abxaziya prezidentinin erkən seçkilərinin keçirilməsinə ehtiyac olduğunu hesab edirsiniz, yoxsa yox?” – referenduma çıxarılacaq sual bu cür formalaşdırılıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Qondarma referendumun təşəbbüskarı veteranlar və vətəndaşlar təşkilatı “AIAARA”dır. Onların bəyanatında bildirilir ki, Seçki Komissiyasına müraciətin motivi “Abxaziya dövləti üçün təhlükə yaradan ölkə hakimiyyətinin səmərəsiz, antimilli siyasəti”dir.
“Biz müşahidə edirik ki, Abxaziya xalqının müharibə zamanı qazandığı azad ölkədə, öz vətənində yaşamaq və öz torpağının sahibi olmaq hüququ ilə heç bir əlaqəsi olmayan insanlar tərəfindən dövlətçiliyin məhvi həyata keçirilir. Biz bəyan edirik ki, erkən prezident seçkilərinin keçirilməsi haqqında təşəbbüsümüz ölkə, Abxaziya xalqı və müstəqil dövlətdə yaşamalı olan gələcək nəsil qarşısındakı məsuliyyətimiz və öhdəliyimizdən irəli gəlir.
Biz bu hökumətə Pitsunda (Biçvinta - red.) dövlət bağ evinin verilməsi, mənzillər haqqında qanunun qəbulu, dövlət enerji sənayesinin özəl şirkətə satılması, geri qaytarılması gələcək nəsillərə yük olacaq daha bir çoxmilyardlıq borcun alınması kimi layihələri həyata keçirməsinə imkan verməyəcəyik”, - təşkilatın bəyanatında deyilir.
Referendumun təşəbbüskarları qeyd edirlər ki, vətəndaş cəmiyyətinin, bəzi siyasi partiyaların, müxtəlif qrupların, vətəndaşların mitinqlərinə, çıxışlarına baxmayaraq, mövcud hakimiyyət xalqın fikrini nəzərə almır.
“Yalnız onu güman edə bilərik ki, vətəndaşların tələbləri hakimiyyətin şəxsi ticari maraqlarına ziddir. Biz qəti şəkildə əminik ki, Abxaziyada təcili hökumət dəyişikliyinə ehtiyac var. Bu, konstitusiya qaydalarına uyğun olaraq və ən yaxın gələcəkdə həyata keçirilməlidir”, - deyə bəyanatda vurğulanıb.
De-fakto Abxaziyanın qondarma qanunvericiliyinə əsasən, Mərkəzi Seçki Komissiyası təşəbbüs qrupunu 15 gün müddətində qeydiyyatdan keçirir. Qanunun tələbləri yerinə yetirilmədikdə, qeydiyyatdan imtina edilə bilər. Qeydiyyat şəhadətnaməsi alındığı andan referendum üzrə təşəbbüs qrupu imza toplamağa başlamaq hüququna malikdir. Referendumun keçirilməsi tələbinə 10 min “vətəndaş”ın imza atması lazımdır.