Beynəlxalq hüquq mühafizə təşkilatı “Amnesty International” insan haqlarının vəziyyəti ilə bağlı 2022/23 hesabatında yazır ki, Gürcüstanda ifadə azadlığı daha da məhdudlaşıb və hökumət opponentlərinə qarşı siyasi motivli təqiblər davam edir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Hesabata əsasən, ötən il Gürcüstanda siyasi böhran yaşanıb və bunun fonunda iyunda Avropa Komissiyası ölkə üçün Aİ üzvlüyünə namizəd statusunun verilməsini təxirə salıb.
“Amnesty International” qeyd edir ki, Rusiyadan artan pul köçürmələri və Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra 100 000 çox Rusiya vətəndaşının ölkəyə axını Gürcüstanın iqtisadi inkişafına təkan verib, eyni zamanda yaşayış xərclərini və iqtisadi bərabərsizliyi artırıb. Beynəlxalq təşkilat yazır ki, əmək bazarındakı mövcud çətin vəziyyət gənclərin mühacirətinin yüksək səviyyəyə çatmasına səbəb olub.
İfadə azadlığı
“Amnesty İnternational”ın hesabatına görə, hökumətin getdikcə daha aqressiv hal alan ritorikası və böhtan iddiaları, eləcə də jurnalistlərə qarşı cinayətləri araşdırmaması ifadə azadlığına sarsıdıcı təsir göstərib.
“May ayında “Sərhədsiz Reportyorlar” qeyri-hökumət təşkilatı dünya mətbuat azadlığı indeksində Gürcüstanın reytinqini aşağı salıb. Bu, qismən dövlət rəsmilərinin müdaxiləsi nəticəsində yaranan, ifadə azadlığının kökünün qazınılması və jurnalist fəaliyyətinə qarşı təhdidlərin artması olub.
Aprelin 4-də Tbilisi Şəhər Məhkəməsi operator Lekso Laşkaravanın ölümü ilə nəticələnən 2021-ci ilin iyulunda “Tbilisi Prayd” yürüşü zamanı jurnalistlərə hücuma görə 6 nəfəri 5 il müddətinə azadlıqdan məhrum edib. Lakin zorakı kütlənin təşkilatçıları olduğu iddia edilən şəxslər cəzalandırılmayıb”, - hesabatda deyilir.
“Amnesty International” qeyd edir ki, iyul ayında təhlükəsizlik xidmətinin keçmiş yüksək vəzifəli məmuru İoseb Qoqaşvili həbsxanadan məktub dərc edərək 2017-ci ildə azərbaycanlı jurnalist Əfqan Muxtarlının Gürcüstandan qaçırılaraq təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən Azərbaycana təhvil verildiyini təsdiq edib. Əfqan Muxtarlı oktyabrda deyib ki, o, fotolarda Gürcüstan Təhlükəsizlik Xidmətinin yüksək rütbəli məmurunu onu qaçıranlardan biri kimi tanıyıb. “Onun oğurlanması faktı effektiv şəkildə araşdırılmayıb və heç kim məsuliyyətə cəlb edilməyib”, - hesabatda bildirilir.
Şəxsi həyat hüququ
Bu fəsildə beynəlxalq təşkilat yazır ki, sentyabrın 6-da parlament prezidentin vetosunu ləğv edib və hüquq-mühafizə orqanlarına gizli nəzarəti artıran səlahiyyətlər verərək mübahisəli dəyişiklikləri qəbul edib. Xüsusilə, yeni qanun gizli istintaq hərəkətlərinin əhatə dairəsini və müddətini genişləndirib və şəxsi qeyri-müəyyən müddətə izləməyə imkan verib.
“Amnesty International” yazır ki, müxalifət nümayəndələri, tənqidi media və qeyri-hökumət təşkilatlarının üzvlərinə qarşı gizli izləməni davam etdirib. Hesabatda qeyd olunur ki, 2022-ci ilin iyulunda hökumətyönlü media tənqidi teleşirkət “Mtavari Arxi”nin əməkdaşlarının redaksiya məsələlərini müzakirə etdiyi gizli şəkildə əldə edilmiş səs yazısını dərc edib.
“Sentyabrda sızan, şəxsi həyatlar ilə bağlı ətraflı məlumatların yer aldığı digər materiallar jurnalistlərin, müxalifət partiyasının üzvlərinin və fəalların təhlükəsizlik xidmətləri tərəfindən izlənildiyini göstərib. Yeni yaradılmış Xüsusi İstintaq Xidməti araşdırmaya başlayıb, lakin il sonu üçün istintaqın nəticələri ictimaiyyətə açıqlanmayıb”, - deyə hesabatda qeyd olunub.
Ədalətsiz məhkəmə prosesləri
Hüquq mühafizə təşkilatı həmçinin hakimiyyətin məhkəmə sisteminə artan təsirindən, sellektiv ədalət istifadəsindən, siyasi rəqiblərin və tənqidi media nümayəndələrinin siyasi motivli təqibindən yazır. “Amnesty International” təşkilatına əsasən, bu, Gürcüstanda hələ də narahatedici problem olaraq qalır.
Siyasi motivli işlərə misal olaraq “Amnesty International” müxalifət partiyası “Lelo” liderləri Mamuka Xazaradze və Badri Caparidze, həmçinin “Pirveli” teleşirkətinin təsisçisi Avtandil Tsereteliyə qarşı hökmü göstərir.
Ədalətsiz məhkəmələrə dair fəsildə oxuyuruq ki, mümkün “ağır litonlarla zəhərlənməsi” və “ölüm riskinin əhəmiyyətli dərəcədə artdığını” göstərən tibbi hesabatlara baxmayaraq, məhkəmə keçmiş prezident Mixeil Saakaşvilinin cəzasını təxirə salmayıb.
Hesabatda qeyd olunur ki, 2022-ci ilin mayında Tbilisi şəhər məhkəməsi “Mtavari Arxi” teleşirkətinin direktoru Nika Qvaramiyanı vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə əsassız ittihamla 42 ay müddətinə azadlıqdan məhrum edib və noyabrda apellyasiya məhkəməsi onu qüvvədə saxlayıb.
“İyun ayında Avropa Şurasının Venesiya Komissiyası qeyd edib ki, 2021-ci il Ümumi Məhkəmələr Qanununa edilən dəyişikliklərin sürəti və həcmi “hakimlərin ifadə azadlığı və məhkəmənin daxili müstəqilliyi baxımından onların nəzarəti və susdurulması məqsədi ilə” əhəmiyyətli təsir yarada bilər. Aprel ayında beş hakim ifadə azadlığının konstitusional müdafiəsini pozduğuna görə yeni qanunu Konstitusiya Məhkəməsinə şikayət eib”, - hesabatda deyilir.
İşgəncə və digər müvafiq olmayan rəftar
“Amnesty International” yazır ki, 2022-ci ilin yanvarında polis tərəfindən insan hüquqlarının pozulması hallarının araşdırılması ilə məşğul olan Dövlət Müfəttişliyi İdarəsi ləğv edilib, nəticədə daha az effektiv və daha az müstəqil qurumlar yaradılıb ki, bu da dövlətin fəaliyyətinə, işgəncə və digər pis rəftar da daxil olmaqla polis tərəfindən insan hüquqları pozuntularını səmərəli şəkildə araşdırmaq və ya bu cinayətlərə görə ədaləti təmin etmək bacarığına mənfi təsir göstərəcək.
Qadın və qızların hüquqları
Hesabata görə, yanvar-sentyabr ayları ərzində mediada 14 qadın qətli və 23 qadının öldürülməsinə cəhd faktı qeyd alınıb ki, bu da Gürcüstanda qadın qətli və gender əsaslı zorakılığın digər formalarının hələ də artmaqda davam etməsi ilə bağlı narahatlıq yaradır.
“Amnesty International” uşaq və ana ölümlərinin azaldılması istiqamətində tədbirlərin hələ də yetərli olmadığını bildirir. Qadınlar və kişilər arasında iqtisadi bərabərsizlik də qorxulu olaraq qalır. Hüquq Mühafizə təşkilatı Dünya Bankının hesablamalarına əsaslanaraq qeyd edir ki, Gürcüstanda qadınların 50%-i ev işlərinə görə işçi qüvvəsindən kənarda qalır.
Abxaziya və Cənubi Osetiya/Çxinvali regionu
Hesabata əsasən, Gürcüstan hökumətinin nəzarətində olmayan iki regionda insan hüquqlarının müdafiəsi, o cümlədən ifadə azadlığı səviyyəsi pisləşib. Keçmişdə törədilən cinayətlər hələ də cəzasız qalıb. “Amnesty International” qeyd edir ki, Cənubi Osetiya/Çxinvali regionunun sakini Qenadi Kulaev 2020-ci il avqustun 31-də həbsxanada döyülmə və amansız rəftar nəticəsində aldığı xəsarətlərdən dünyasını dəyişib, lakin onun işi, 2020-ci ildə həbsxanada işgəncə ilə öldürülən, İnal Cəbiyevin işi kimi effektiv istintaq xaricində qaldı. Effektiv istintaq 2021-ci ildə Abxaziyada Anri Ateibanın həbsdə ölməsi ilə bağlı da aparılmadı.
“Amnesty International” qeyd edir ki, 2020-ci ildə Qali rayonunda Abxaziya bayrağını yandırdığına görə həbs edilən İrakli Bebua xroniki xəstəlik səbəbindən lazımi tibbi yardımdan məhrum edilir.