Anaklia Konsorsiumu beynəlxalq arbitrajda hökumətə qarşı mübahisəni uduzdu

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Anaklia İnkişaf Konsorsiumu Beynəlxalq Arbitraj Məhkəməsində Gürcüstan hökumətinə qarşı mübahisədə uduzub. Bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib. Konsorsiumun təsisçisi və “Lelo” partiyasının sədri Mamuka Xazaradze arbitrajın qərarını “məyusedici” adlandırıb.

“Beynəlxalq arbitrajda belə bir iş var idi, “Xazaradze-Caparidze Gürcüstana qarşı” və bu işdə də Gürcüstan bir sadə səbəbə görə qalib çıxdı – dövlət hərəkət edərkən hər zaman qaydalara əməl edir. Bu təcrübə Gürcüstanda 2012-ci ildən sonra tətbiq edilib və məhz buna görədir ki, bütün beynəlxalq məhkəmə instansiyalarında, o cümlədən arbitrajda “Milli Hərəkat”ın nümayəndələri ilə Gürcüstan nümayəndələri arasında mübahisə yaranan hallarda dövlət qalib gəlir.

Xazaradze-Caparidze də bu kollektiv siyasi qüvvənin nümayəndələridir, onlar da Gürcüstan dövlətinə qarşı beynəlxalq arbitrajdan istifadə etməyə çalışıblar, lakin bu işdə həqiqət və bütün hallarda ədalətli qaydalarla hərəkət edən dövlət qalib gəlib”, - İrakli Kobaxidze “İmedi” televiziyasının efirində deyib.

Bundan əvvəl Mamuka Xazardze “Facebook” sosial şəbəkəsində yazıb ki, Beynəlxalq Arbitraj Palatası onun və Badri Caparidzenin Anaklia limanının xarici investorları ilə birlikdə 2020-ci ildə qaldırdıqları iddia ilə bağlı qərarı açıqlayıb.

“Arbitrajın verdiyi qərar o dərəcədə məyusedicidir ki, gürcülər üçün on minlərlə iş yeri itirilib. Çoxdan tikilib istifadəyə veriləcək olan Qərbin maliyyələşdirdiyi müasir Anaklia limanı Gürcüstan xalqı üçün çox böyük imkanlar yaradacaqdı. Liman lazımi şəkildə inkişaf etdirilsəydi, Gürcüstan vətəndaşları üçün on minlərlə layiqli iş yeri açılırdı.

“Təəssüf ki, “Gürcü Arzusu” Rusiyanın göstərişi ilə illərlə əvvəlcə bu layihə ilə bağlı işimizi ləngitdi, sonra isə onun həyata keçirilməsini tamamilə əngəllədi”, - Xazaradze yazıb. O, arbitraj qərarının təfərrüatlarını açıqlamayıb.

2016-cı ildə Gürcüstan hökuməti ilə Anaklia İnkişaf Konsorsiumu arasında Anaklia Dərinsulu Limanının tikintisi və istismarına dair investisiya sazişi imzalanıb. Strateji layihə sayılan limanın təməlqoyma mərasimində o vaxtkı baş nazir Qiorqi Kvirikaşvili və konsorsiumun təsisçisi Mamuka Xazaradze də iştirak edib. “Anaklia İnkişaf Konsorium”una “TBC Holding” (Gürcüstan) və “Conti Internmational” (ABŞ) şirkətləri daxil idi. 

2019-cu ildə Baş Prokurorluq “TBC Holding”in təsisçiləri Mamuka Xazaradze və Badri Caparidzeyə qarşı istintaqa başlayıb və onları 16 664 000 ABŞ dolları məbləğində qanunsuz gəlirlərin leqallaşdırılmasında ittiham edib. Mamuka Xazaradze bildirib ki, ittiham Anaklia Dərinsulu Limanı layihəsini dayandırmaq üçün irəli sürülüb. 2020-ci ildə hökumət öhdəliklərini yerinə yetirmədiyi üçün konsorsiumla müqaviləyə xitam verib.

“Anaklia İnkişaf Konsoriumu” və əsas investorlardan biri olan holland iş adamı Bob Meyer 2020-ci ildə Gürcüstana qarşı iki arbitraj iddiası qaldırıb. İddialarda iddiaçının hesablamalarına görə, 1 milyard dolları keçən dövlətə dəymiş ziyanın ödənilməsi tələb olunurdu. Anaklia İnkişaf Konsorsiumu iddia edib ki, bu məbləğə konsorsiuma və Bob Meyerə “Gürcüstan hökumətinin Anaklia Limanı Layihəsini pozmaq kampaniyası”nın birbaşa nəticəsi kimi itkilər daxildir. Konsorsium arbitraj iddiasını Beynəlxalq Ticarət Palatasının (ICC) Beynəlxalq Arbitraj Məhkəməsinə, Bob Meyer isə İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəzə (ICSID) təqdim edib.

29 may 2024-cü ildə Gürcüstanın iqtisadiyyat naziri Levan Davitaşvili Çin konsorsiumunun Anaklia Dərinsulu Limanının strateji layihəsində özəl investor olacağını açıqlayıb.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur