AŞPA Venesiya Komissiyasından rus qanunu ilə bağlı “təcili rəy” hazırlamağı xahiş edib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Teodoros Russopulos Venesiya Komissiyasına müraciət edərək, “Gürcü Arzusu”nun "xarici agentlər haqqında" qanun layihəsinin Avropa Şurasının standartlarına uyğunluğu ilə bağlı təcili rəy hazırlamağı xahiş edib.

Yayılan bəyanatda “AŞPA”nın Gürcüstandakı Monitorinq üzrə həmməruzəçiləri Klod Kern və Edit Estrelanın qanun layihəsinin aprelin 4-də yenidən parlamentə təqdim olunmasından dərin narahatlıqlarını ifadə etdikləri bildirilir.

“Keçən il geri götürülməsini alqışladığımız bu “Xarici Agentlər Qanunu”nun yenidən irəli sürülməsi dərin narahatlıq doğurur. Bu qanunu ilk dəfə təqdim etdikdə dediklərimiz qüvvədə qalır: qanun layihəsinin Avropanın demokratik və insan hüquqları standartlarına və normalarına uyğunluğu ilə bağlı ciddi suallar var. Ona görə də biz hakimiyyəti bu layihəni parlamentin gündəliyindən çıxarmağa çağırırıq”, - həmməruzəçilər bildiriblər.

Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsi bugünkü iclasının sonunda Venesiya Komissiyasından “Gürcü Arzusu”nun elan etdiyi homofob qanunu və gender kvotalarının ləğvi ilə bağlı qərarı da öyrənməyi xahiş edib. “AŞPA” bu qanunların insan haqları ilə bağlı mümkün nəticələrindən narahatdır.

Avropa Şurasının insan haqları üzrə komissarı Maykl O'Flaherti Gürcüstan parlamentinin üzvlərini təqdim edilən “xarici təsirin şəffaflığı haqqında qanun layihəsini” qəbul etməkdən çəkinməyə çağırıb. Komissrın aprelin 11-də Gürcüstan parlamentinin sədri Şalva Papuaşviliyə göndərdiyi məktubda yazılır ki, bu qanunun icrası xaricdən maliyyələşən vətəndaş cəmiyyəti təşkilatlarının və mediaların damğalanmasına və nüfuzdan salınmasına səbəb ola bilər ki, bu da onların fəaliyyətini çətinləşdirəcək və ya qeyri-mümkün edəcək.

"Gürcü Arzusu” bir il əvvəl, mart ayında ictimaiətin genişmiqyaslı etirazları nəticəsində ləğv etdiyi “xarici agentlər haqqında” qanun layihəsini “qeyd-şərtsiz” parlamentdən geri götürdüyü barədə söz verdikdən sonra, onu təkrardan  geri qaytarıb. Qanun layihəsinin mətni olduğu kimi qalıb – yalnız “xarici təsir agent” “xarici dövlətin maraqlarını daşıyan təşkilat” ifadəsi ilə əvəz edilib. Bu gün, aprelin 16-da qanun layihəsi plenar iclasda birinci oxunuşda müzakirəyə çıxarılacaq. Gürcüstanın Avrointeqrasiya prosesinə zərər vura bilmə ehtimalı olsa da, hakim partiya rus qanununu yaz sessiyasının sonuna qədər qəbul etmək niyyətindədir. Prezident Salome Zurabişvili qanuna veto qoyacaq, lakin “Gürcü Arzusu” bunu aşa bilər.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur