“Avropa gələcəyini sabotaj etmək” və “Kremlin göstərişi” - rus qanuna beynəlxalq reaksiya

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Beynəlxalq təşkilatların nümayəndələri, Avropalı və Amerikalı siyasətçilər “Gürcü Arzusu” tərəfindən “Agentlər haqqında” rus qanunun yenidən irəli sürülməsini tənqid edirlər və onu ölkənin Avropa gələcəyinə sabotaj kimi qiymətləndirirlər.

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin yüksək səviyyəli üzvü, senator Cim Riş və Avropa ilə Əməkdaşlıq və Regional Təhlükəsizlik üzrə Alt Komitənin sədri Cin Şahin bəyanat yayaraq bildiriblər ki, Gürcüstan hökumətinin “agentlər” qanununu geri qaytarılması “inanılmaz dərəcədə məyusedicidir. "

“Bu, Rusiyanın vətəndaş cəmiyyətini məhdudlaşdırmaq və siyasi müxalifəti sıxışdırmaq üçün istifadə etdiyi qanunlara bənzəyir. Gürcüstandakı demokratik hakimiyyətin bunun üçün heç bir səbəbi olmamalıdır. Gürcü xalqı bu təklifi 2023-cü ilin martında kütləvi nümayişlərlə rədd etdi. Bu qanun layihəsi nəinki siyasi prosesləri yanlış istiqamətə aparacaq, həm də Gürcüstanın transatlantik inteqrasiyasına və onun Avropa İttifaqı gələcəyinə xələl gətirəcək. Biz qətiyyətlə Gürcüstan parlamentini bu təklifi rədd etməyə çağırırıq”, - deyən senatorlar əlavə edib ki, oktyabrda keçiriləcək parlament seçkiləri Gürcüstanın demokratik gələcəyi üçün həlledici göstərici olacaq.

“Heinrich Böll Fondu”nun Cənubi Qafqaz regionunun rəhbəri Sonya Şiffers aprelin 3-də “Gürcü Arzusu”nun bəyanatını şərh edib və elan olunan qanunu Gürcüstanı dəstəkləyən donorlara hücum kimi qiymətləndirib:

“Gürcüstanda “Xarici dövlətin maraqlarını daşıyan təşkilatlar haqqında” qanun kimi rebrendinq edilmiş “Xarici agent qanunu”nun yenidən tətbiqinə haqq qazandıran inanılmaz dərəcədə istehzalı mətn”. Təkcə vətəndaş cəmiyyətinə deyil, həm də onilliklər ərzində Gürcüstanı dəstəkləməyə çalışan bütün donorlara hücum”, - Şiffers “X”də yazır.

“Hakim partiyanın seçkilər öncəsi xalqı bölməyə, təzyiq göstərməyə və namizəd statusu verməklə artıq əldə edilmiş və təqdir edilənləri sarsıtmağa çalışması olduqca təəsüf vericidir” - Avropa Parlamentinin üzvü Ana Fotiqa deyir.

Almaniya parlamentinin deputatı Viola fon Kramon yazır ki, “Gürcü Arzusu” “Kremldəki ağalarından yeni təlimatlar alıb”.

“Onlar o qədər qeyri-yaradıcıdırlar ki, gürcü xalqının “yox” dediyi həmin rus qanununu yenidən tətbiq edirlər. Bu qanunun bir məqsədi var - Gürcüstanın Avropa gələcəyini sabotaj etmək, Gürcüstanı Rusiya bataqlığında qoymaq. Bu pis fikirdir”.

Avropa parlamentinin üzvü Miriam Leksman da qanun layihəsini Avropanın gələcəyinə sabotaj elan etmək kimi qiymətləndirib: “Onlar həqiqəti inkar edə bilməzlər. “Gürcü Arzusu” hökuməti bir daha sübut edir ki, o, Gürcüstanın Avropa islahatları yolunu sabotaj etməyə hazırdır.

Keçmiş Avropa parlamenti üzvü Rebeka Harms da öz fikrini bildirib və qanunu “Rusiya diktaturasının idxalı” adlandırıb: “Gürcü arzusu, yoxsa kabusu?” Xarici agentlər haqqında qanun Rusiya diktaturasının idxalıdır və bu, bütün demokratik prosesləri, o cümlədən Avropa İttifaqına inteqrasiyanı zəhərləyəcək.

Avropa Parlamentinin Litvalı deputatı Petras Austreviçius da “X”də yazıb ki, “Gürcü Arzusu” Avrasiya tiranlığına meyl edir və demokratik kriteriyalar danışıqlar mövzusu ola bilməz. O, mediaya açıqlamasında “Aİ-də ikinci Macarıstana ehtiyacımız yoxdur” deyib.

Litvalı diplomat və Seymin üzvü Jigimantas Pavilionis də proseslərə münasibət bildirib və qeyd edib ki, bu təşəbbüs “Gürcü arzusunda rusiyayönümlü, çinpərəstlik meyllərinin təhlükəli nümayişidir”.

“Ümid edirəm ki, bu avtokratik, anti-Qərb təşəbbüsü dayandırılacaq”, - Pavilionis yazır.

“Milli Demokratiya İnstitutu”nun Gürcüstan ofisinin keçmiş rəhbəri və Alman Marşal Fondunun baş vitse-prezidenti Laura Tornton deyir ki, rus qanunlarının yenidən tətbiqi “rejimlərin seçkilərdən əvvəl vətəndaş cəmiyyətini məhdudlaşdırmaq üçün köhnə taktikasıdır”.

““Şəffaflıq” termini ilə qablaşdırılmış bu qanunlar hökumət üzərində tənqidi yoxlamaları aradan qaldırmaq məqsədi daşıyır. Mən bunu dəfələrlə, bir çox yerlərdə görmüşəm və bunun olduğu kimi - rus qanunu adlandırmaq vacibdir”, - Tornton deyir.

Hakim partiya 2023-cü ilin martında etirazlar və beynəlxalq təzyiqlər səbəbindən ləğv edilən “xarici agentlər haqqında” qanunu üç oxunuşda qəbul etmək niyyətindədir. Qanun layihəsinin mətni eyni olacaq, yalnız “xarici təsir agenti” adlanması “xarici güclərin maraqlarını daşıyan təşkilat” ifadəsi ilə əvəz olunacaq. Bu gün keçirilən brifinqdə hakim partiyanın icraçı katibi Mamuka Mdinaradze qeyd edib ki, qanun layihəsinə sürətləndirilmiş qaydada baxılmayacaq və hətta keçənilkindən daha böyük etiraz olsa belə geri götürülməyəcək. “Heç bir halda. Bu, prinsipial məsələdir”, - Mdinaradze bildirib. İndiyədək “Gürcü Arzusu”nun liderləri qanun layihəsinə qayıtmayacaqlarını və bu məsələ bağlandığını bəyan etmişdilər. Rus qanununun yenidən icra olunmasını partiyanın fəxri sədri Bidzina İvanişvili də dəstəkləyir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur