Avropa İttifaqında genişmiqyaslı miqrasiya islahatına dair razılığa gəlinib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Avropa Parlamenti və Avropa Şurası sığınacaq və miqrasiya siyasəti islahatı ilə bağlı razılığa gəlib. Məqsəd kütləvi miqrasiyanı dayandırmaqdır. İslahatı tənqid edənlər bunun sığınacaq hüququnu sarsıtdığını və mövcud problemləri həll etməyəcəyini bildirirlər.

“Aİ sığınacaq və miqrasiya sistemini təkmilləşdirməklə bağlı vədini yerinə yetirir. Aİ vətəndaşları öz hökumətlərinin miqrasiya problemləri ilə mübarizə aparmasını istəyirlər və bu gün bu istiqamətdə böyük addım atıldı. Bu islahat tapmacanın vacib hissəsidir, lakin Aİ mənşə və tranzit ölkələr ilə işləmək və miqrant qaçaqmalçılığı ilə mübarizə aparmaqla miqrasiyanın əsas səbəblərini həll etmək qərarına sadiqdir”, - İspaniyanın daxili işlər naziri Fernando Qrande Marlaska Qomes bildirib.

Üç illik müzakirələrdən sonra razılaşdırılan beş qanun sığınacaq və miqrasiya idarəçiliyinin bütün mərhələlərini əhatə edir. İslahat sərhəd nəzarətinin gücləndirilməsini, sərhədlərdə saxlama mərkəzlərinin yaradılmasını, sığınacaq üçün müraciətə baxılması prosedurunun sürətləndirilməsini, Avropa İttifaqının ərazisinə qeyri-qanuni yollarla daxil olanların effektiv şəkildə ölkədən çıxarılmasını və miqrantların Aİ üzv dövlətləri arasında daha ədalətli bölüşdürülməsini əhatə edir.

Avropa Şurasının yaydığı press-relizdə deyilir ki, yeni qaydaların qəbulundan sonra Avropa sığınacaq sistemi daha səmərəli olacaq, üzv dövlətlər arasında həmrəylik artacaq ki, bu da çoxlu sayda miqrantlar daxil olduğu ölkələrin yükünü yüngülləşdirməyə imkan verəcək. Söhbət sığınacaq axtaranların bir hissəsinin bir Aİ ölkəsindən digərinə köçürülməsindən gedir və onları qəbul etməkdən imtina edən ölkələr isə bunu təmin edənlərə maliyyə və ya maddi yardım göstərəcəklər.

Aİ sərhəd agentliyi “Frontex” bu ilin noyabr ayına qədər 355 000-dən çox qeyri-qanuni sərhəd keçilməsi halı qeydə alıb ki, bu da 2016-cı ildən bəri ən yüksək göstəricidir.

İtaliya və Almaniya kimi ölkələr islahat haqqında razılaşmanı alqışlayıblar. Almaniya kansleri Olaf Şolz bildirib ki, islahat Almaniya da daxil olmaqla, xüsusilə təsirlənən bütün ölkələrin yükünü yüngülləşdirəcək.

Macarıstan əldə olunan razılaşmaya qarşı çıxıb. “Biz öz iradəmizə zidd olaraq heç kimi buraxmayacağıq, nə Brüsseldən, nə də başqa yerdən heç kim bizə kimi içəri buraxa biləcəyimizi deyə bilməz və biz bu mövqeyə görə cəzalandırılmağımıza müqavimət göstəririk”, - deyə xarici işlər naziri Peter Sziarto bildirib.

İslahat miqrantlarla işləyən nüfuzlu təşkilatlar, o cümlədən “Amnesty International”, “Oxfam”, “Caritas” və “Save the Children” tərəfindən tənqid edilib.

“Əslində bu gün əldə olunan razılaşma tarixi dərəcədə pisdir. Aydındır ki, qanunvericilərin əksəriyyəti üçün prioritet insanları, o cümlədən zorakılıq, münaqişə, aclıq və ölümdən qaçan və Avropada müdafiə axtaran, o cümlədən ailələr və uşaqları qorumaq yox, sərhədləri bağlamaq olub”, - “Save the Children”in bəyanatında deyilir.

“Amnesty İnternational” təşkilatının fikrincə, bugünkü razılaşma praktikada Avropa İttifaqının sərhədlərində daha çox insanın saxlanılması deməkdir.

İslahatla bağlı texniki məsələlər üzrə müzakirələr 2024-cü ilin fevralına qədər davam edəcək. Onun təqribən iyunun sonunda təsdiqlənməsi gözlənilir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur