Dekabrın 18-də Mtsxeta meriyasının binasından Aİ bayrağını söküb yandırdığına görə həbs edilən “Mühafizəkarlar Hərəkatı/Alt İnfo”nun üzvü Laşa Şaruxia barəsində Mtsxeta Məhkəməsi həbs qətimkan tədbirini 2000 lari girovla əvəz edib və onu məhkəmə zalından azadlığa buraxıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Şaruxianın azadlığa buraxılması barədə qərarı müdafiə tərəfinin vəsatətini qəbul edən hakim Rezo Nadoi verib. Prokurorluq da həbsin girovla əvəzlənməsinə razılıq verib.
Təqsirləndirilən şəxs bayrağı yandırdığını bu gün də inkar etməyib. Onun sözlərinə görə, o, “Patriarx II İlyanın, ata Cəbrayıl və bir çox müqəddəslərimizin olduğu torpaq və suda” sodomik (oğlanbazlıq) günahların yayılmasını istəmədiyi üçün belə edib.
“Bu, insanların dəstəyinin və həmrəyliyinin nəticəsidir. Əgər xalqın ciddi etirazları, o cümlədən bayraq yandırma kampaniyası olmasa idi, bu belə nəticələnməzdi. Heç kim Laşa Şaruxianı azad etmək fikrində deyildi və ona ən ağır cəzanı verməyə çalışırdılar.
Məhkəmə davam edəcək, lakin hökuməti sağlam düşüncəni nəzərə almağa məcbur etmək üçün ilk addım artıq atılıb”, - rusyönümlü, zorakılıq tərəfdarı “Mühafizəkarlar Hərəkatı/Alt İnfo” partiyasının lideri Şota Martınenko bildirib.
Laşa Şaruxiaya həmrəylik əlaməti olaraq məhkəməyə “Alt İnfo”nun rəhbərləri və tərəfdarları ilə yanaşı, din xadimləri də gəlib. Onların arasında Gürcüstan Patriarxlığının İctimaiyyətlə Əlaqələr Xidmətinin rəhbəri Diakon Andria Caqmaidze də olub.
“Patriarxlıqda başından bəri belə bir mövqe var idi ki, bu şəxsin saxlanılması bizə şişirdilmiş görünür. Ola bilsin ki, inzibati məsuliyyət var idi. Ümumiyyətlə, qanunvericilik daimi yaradıcılıq tələb edən proses olduğundan, Gürcüstanda bəzi qanunları əxlaqa uyğunlaşdıracaq bir çox şeyi nəzərdən keçirmək lazımdır. Qanun elə olmalıdır ki, o, ölkə əhalisinin adət-ənənəsinə və mədəniyyətinə uyğun olsun”, - deyə Caqmaidze bildirib.
Mtsxeta Rayon Məhkəməsində Şaruxianın işinə mahiyyəti üzrə baxılması fevralın 16-da, saat 12:00-da başlayacaq. O, Cinayət Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsi, yəni yanğın törədərək özgənin əmlakına zərər vurma maddəsi ilə ittiham olunub. Cinayət üç ildən altı ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
“Alt-İnfo”nun üzvləri və dəstəkçiləri bundan əvvəl də bir neçə dəfə Aİ bayraqlarını ictimai şəkildə yandırıblar. 2023-cü ilin martın 14-də keçirilən aksiyada parlament binası yaxınlığında ucaldılmış bayrağı söküblər. Həmin vaxt radikal hərəkatın lideri Zurab Maxaradze və digər dörd nəfər 1000 lari məbləğində cərimə olunub.
2021-ci il iyulun 6-da keçirilən aksiyasında da parlamentin qarşısında ucaldılmış bayraq endirilərək yandırılıb. Bu hadisədən sonra İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib və bu gün Avropa İttifaqının, NATO-nun və ya digər beynəlxalq təşkilatın dövlət qurumu tərəfindən ucaldılmış/nümayiş etdirilmiş bayrağın və ya gerbinin təhqir olunması fiziki şəxsin 1000 lari məbləğində cərimələnməsini nəzərdə tutur. Qanunun təkrar pozulması 2000 lari məbləğində cərimə və ya 15 günə qədər inzibati həbslə cəzalandırılır.