Avropa Şurası: Hökumətin kursu üzvlük prosesini faktiki olaraq dalana dirəyir

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Avropa Şurası bəyan edir ki, “xarici agentlər” haqqında rus qanunu Avropa Komissiyasının Gürcüstanın namizəd statusu ilə bağlı tövsiyəsində göstərilən addımlara ziddir və bu, üzvlük prosesini faktiki olaraq dayandırır.

Avropa Şurasının iyunun 27-də Brüsseldə qəbul etdiyi qərarda Gürcüstanda baş verən son hadisələrlə bağlı ciddi narahatlıq ifadə olunub.

“Avropa Şurası Gürcüstan hakimiyyətini Gürcüstanın Avropa İttifaqına gedən yolunu təhdid edən və üzvlük prosesini faktiki olaraq dalana dirəyən hazırkı fəaliyyət kursunu dəyişdirərək öz niyyətlərini aydınlaşdırmağa çağırır.

Avropa Şurası Gürcüstanda vətəndaş cəmiyyəti nümayəndələrinə, siyasi liderlərə, mülki fəallara və jurnalistlərə qarşı artan hədə-qorxu, təhdid və fiziki hücum hallarına son qoymağa çağırır.

Şura bir daha bildirir ki, Avropa İttifaqına üzv olmaq istəyən hər bir ölkənin Avropa İttifaqının əsaslandığı dəyər və prinsiplərə hörmət etməsi vacibdir.

Avropa Şurası Gürcüstan hakimiyyətini bu payızda keçiriləcək parlament seçkilərinin azad və ədalətli olmasını təmin etməyə çağırır və tərəfdaşlar tərəfindən seçkilərin uzunmüddətli və qısamüddətli dərin monitorinqini dəstəkləyir. Şura vəziyyəti yaxından izləməyə davam edir.

Avropa Şurası Gürcüstanın ərazi bütövlüyünə sarsılmaz dəstəyini bir daha təsdiqləyir. O, bir daha Gürcüstan əhalisi ilə güclü həmrəyliyini və Avropa gələcəyinə aparan yolda dəstəyini davam etdirməyə hazır olduğunu bildirir”, - Avropa Şurasının qərarında oxuyuruq.

Avropa Şurası Avropa İttifaqının ümumi siyasi istiqamətini və prioritetlərini müəyyən edən bir qurumdur. Şuranın üzvləri Aİ-nin 27 ölkəsinin dövlət və ya hökumət başçıları, Avropa Şurasının və Avropa Komissiyasının prezidentləridir. 2023-cü ilin dekabrında Avropa Şurasının qərarı ilə Gürcüstana Avropa İttifaqına namizəd ölkə statusu verilib.

Bir ay əvvəl “Gürcü Arzusu”nun parlament çoxluğu 83 deputatın dəstəyi ilə “xarici agentlər” haqqında qanun nəhayət təsdiqlədi. Hakim partiya Venesiya Komissiyasının rus qanununu geri götürməsi ilə bağlı sərt tövsiyəsini və beynəlxalq tərəfdaşların belə qanunvericiliyin Gürcüstanın Avro-Atlantik inteqrasiya prosesinə zərər vuracağı ilə bağlı xəbərdarlıqlarını nəzərə almayıb.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur