Tbilisi Şəhər Məhkəməsi Axaltsixenin “İmedi” klinikasının tibb bacısı Meqi Bakradzenin vəfatı işi üzrə həmin klinikanın keçmiş həkimi Violeta İnasaridze, o cümlədən tibb bacısı Tea Qzirişvili və reanimasiya şöbəsinin kiçik həkimi Beka Lipartelianini şəxsi motivlərlə yalan ifadə verməkdə təqsirli bilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Hakim Nino Eliaşvilinin qərarı ilə Violeta İnasaridze və Beka Liparteliani 3 il, Tea Qzirişvili isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Hökm elan olunandan dərhal sonra İnasaridze və Qzirişvili məhkəmənin iclas zalındaca həbs edilib. Lipartelianiyə gəlincə, onun barəsində axtarış tədbirləri elan edilib.
İşin prokuroru Tamar İakobidzenin sözlərinə görə, məhkəmədə tədqiq olunan dəlillər sübut edib ki, Meqi Bakradzenin işi üzrə şahid qismində dindirilmə zamanı “Axaltsixenin İmedi Klinikası” MMC-nin həkimi, tibb bacısı və reanimasiya şöbəsinin kiçik həkimi ədalət mühakiməsinə mane olub və həkimin məsuliyyətindən yayınması niyyəti ilə istintaqa yalan məlumat veriblər.
“Dindirmə zamanı müttəhimlər bildirdilər ki, peyvənddən sonra gözləmə otağında olan Meqi Bakradzenin səhhəti pisləşdikdən sonra peyvənd həkimi onların iştirakı ilə xəstəyə adrenalin vurub, lakin, istintaq nəticəsində məlum olub ki, əslində müttəhim zərərçəkənə adrenalin vurmayıb”, - deyə prokuror bildirib.
Violeta İnasaridzenin vəkili Bondo Vatiaşvili bildirib ki, onlar hökmdən apellyasiya məhkəməsinə şikayət verəcəklər.
Meqi Bakradzenin ailə üzvləri və onların maraqlarının müdafiəçiləri “hərəkəti və ya hərəkətsizliyi ölümcül nəticəyə səbəb olan” klinikanın direktoru və digər işçilərin məsuliyyətə cəlb olunmasını tələb edirlər.
27 yaşlı tibb bacısı Meqi Bakradze 18 mart 2021-ci ildə “İmedi” klinikasında koronavirus əleyhinə peyvənd “AstraZeneca” ilə peyvənd olunub. Peyvənddən təxminən 30 dəqiqə sonra onun vəziyyəti pisləşib və o, komaya düşüb. Fəlakət briqadası Meqi Bakradzeni Tbilisidəki birinci universitet klinikasına aparıb və o, martın 19-da, peyvənddən təxminən 24 saat sonra vəfat edib. Tibb bacısının ölümünün ehtimal olunan səbəbi anafilaktik şok olub. Martın 20-də jurnalistlərə müsahibə verən həkim Violeta İnasaridze bildirib ki, Meqi Bakradzeyə “saniyələr içində” adrenalin vurulub.
Tibb bacısının ölümü ilə bağlı cinayət işi üzrə Cinayət Məcəlləsinin 116-cı, ehtiyatsızlıqdan adam öldürmə maddəsi maddəsi ilə istintaq başlayıb. Daha sonra Violeta İnasaridze, Tea Qzirişvili və Beka Liparteliani Cinayət Məcəlləsinin 370-ci maddəsinin ikinci hissəsi (yalan məlumat vermə, törədilən digər şəxsi motivlər əsasında) ilə ittiham olunub ki, bu da 2 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılmanı nəzərdə tutur. 2021-ci ilin aprelində məhkəmə hər üç təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri olaraq 3000 lari məbləğində girov təyin edib.
Vileta İnasaridzeyə qarşı Cinayət Məcəlləsinin 130-cu maddəsinin ikinci hissəsi, yəni xəstəni, onun həyatını itirməsinə səbəb olacaq çətinlikdə qoyması ilə bağlı cinayət işi qaldırılıb. Tbilisi Şəhər Məhkəməsində işə mahiyyəti üzrə baxılması hələ başa çatmayıb.