Azərbaycan və Gürcüstan hökumətləri Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin fəaliyyəti üçün birgə şirkət təsis edirlər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Rövşən Rüstəmov bildirib ki, artıq bu istiqamətdə işlərə başlanılıb, hüquqi sənədlər hazırlanıb, yaxın vaxtlarda müştərək şirkətin yaradılması gözlənilir. Tərəflər şirkətdə 50-50 faiz paya sahib olacaqlar.
“Birgə şirkətin əsas funksiyaları layihə ilə bağlı işlərin yerinə yetirilməsi, yük tariflərinin müəyyən edilməsi, yüklərin daşınması və ümumilikdə əməliyyat məsələlərinin həllindən ibarətdir”, - deyə Rüstəmov əlavə edib.
Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin rəhbərinin sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tam modernləşdirilməsi və yükdaşıma qabiliyyətinin 5 milyon tona çatdırılması üzrə ötən il başlanmış işlər, demək olar ki, 95% tamamlanıb. Martın 2-də Azərbaycan, Gürcüstan və Türkiyənin dəmir yolu şirkətlərinin rəhbərləri görülən işlərlə tanış olublar.
“Layihə 5 mərhələdən ibarət idi, onlardan üçü artıq başa çatıb. Bununla bağlı Gürcüstan tərəfi müvafiq təsdiqedici sənədləri təqdim edib. Axalkalaki stansiyasında da işlər tamamlanır. Qalan işlərin iki aya başa çatdırılması planlaşdırılır”, - deyə Rövşən Rüstəmov Azərbaycan mətbuatına bildirib.
Rövşən Rüstəmovun sözlərinə görə, Orta Dəhlizin ən mühüm hissələrindən biri olan Bakı-Tbilisi-Qars dəmir yolu yüklərin Çindən Avropaya və əks istiqamətdə daşınması üçün geniş imkanlar yaradır: “Bu yolun Azərbaycana gətirəcəyi ən böyük faydalardan biri də budur ki, ölkəmiz tranzit yüklərin həcmini artıracaq” , - deyə o qeyd edib.
Azərbaycan, Gürcüstan və Türkiyə arasında 2007-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə bağlı beynəlxalq müqavilə imzalanıb, layihənin icrasına 2008-ci ildə başlanılıb, 2017-ci ilin oktyabrın 30-da Bakıda dəmir yolunun açılış mərasimi keçirilib. Bakı-Tbilisi-Qars dəmir yolunun uzunluğu 826 km-dir ki, bunun da 254 km-i Gürcüstan ərazisindən keçir. Dəmir yolu xəttinin Gürcüstan hissəsinə 22 körpü, 13 stansiya, 24 yerüstü keçid və 4 qardan mühafizə qalereyası daxildir.
Azərbaycan tərəfinin məlumatına görə, 2017-2022-ci illərdə bu dəmir yolu xətti ilə daşınan yüklərin həcmi 1 milyon 347 min 585 ton təşkil edib.