Azərbaycanın İran İslam Respublikasının paytaxtındaki səfirliyinə silahlı basqın olub, nəticədə bir nəfər - mühafizəçinin rəisi qətlə yetirilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Hücum yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30-da baş verib. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına əsasən, hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Hücumun qarşısını alarkən səfirliyin iki nəfər mühafizə əməkdaşı da yaralanıb.
Tehranın Cinayət İşləri Müfəttişliyi deyir ki, artıq həbs edilmiş hücumçunun bunu etməkdə şəxsi motivi olub: “O bildirib ki, aprel ayında həyat yoldaşı Azərbaycan səfirliyinə gedib və bir daha geri qayıtmayıb. O, həyat yoldaşının hələ də səfirlikdə olduğunu düşünərək səfirlə görüş tələb edib. Lakin dəfələrlə rədd edildiyi üçün hücum barədə qərar verib”. Ancaq Bakı tərəfi buna inanmır.
Azərbaycan Prezidenti İlham Əliyev hadisəni “terror aktı” kimi pisləyib: “Səfirliyin və əməkdaşlarının təhlükəsizliyini təmin edərkən həlak olan baş leytenant Orxan Rizvan Əsgərovun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Bu terror aktının tez bir zamanda araşdırılacağını və terrorçuların cəzalandırılacağını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir”,- deyib Əliyev.
Azərbaycan hadisə ilə bağlı İran hakimiyyətinin üzərinə məsuliyyət atır və bəyan edir ki, “səfirliyin yerləşdiyi ölkə olaraq İran tərəfi Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn səfirliyin mühafizəsinin və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müvafiq öhdəliyini yerinə yetirməli idi”.
“İrandakı diplomatik missiyamıza qarşı əvvəllər də təhdid cəhdləri olub, Təəssüf ki, son qanlı terror hücumu bu istiqamətdə təkidli müraciətlərimizə lazımi həssaslıq göstərilməməsinin ağır fəsadlarını nümayiş etdirir. Son zamanlar İranda ölkəmiz əleyhinə anti-Azərbaycan kampaniyasının aparılmasının diplomatik missiyamıza qarşı bu kimi hücumlara rəvac verdiyi qənaətindəyik. İran tərəfindən sözügedən terror hücumunu törədənlərin, habelə bu qanlı əməlin sifarişçilərinin ən qısa müddətdə müəyyən edilərək ən sərt şəkildə cəzalandırılmasını qətiyyətlə tələb edirik”, - Xarici İşlər Nazirliyi bildirib.
Xarici İşlər Nazirliyinin məlumatına görə, səfirlik əməkdaşlarının Tehrandan Azərbaycana təxliyəsi davam edir.