Ukraynada döyüşən Gürcüstan vətəndaşı, 22 yaşlı Mamuka Qatserelia qondarma Donetsk Xalq Respublikasının Ali Məhkəməsi tərəfindən ömürlük həbs cəzasına məhkum edilib. O, işğal altındakı Mariupol şəhərində 3 rus əsgərini öldürməkdə ittiham olunur.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Rusiya Baş Prokurorluğu və İstintaq Komitəsinin yaydığı məlumata görə, Mamuka Qatserelia 2022-ci ilin martında Ukrayna ərazisinə daxil olub, Ukrayna Silahlı Qüvvələri ilə müqavilə imzalayıb, bundan sonra təlim keçib və Mariupol şəhərinə göndərilib.
“2022-ci il aprelin 1-də Qatserelia muzdlu əsgər kimi Mariupol şəhərinin Cibulko küçəsindəki yaşayış binasının mənzilində döyüş mövqeyində olub. O, Rusiya Silahlı Qüvvələrinin 4 hərbçisini güllələyib, 3 hərbçi yerindəcə ölüb, biri sağ qala bilib. 2022-ci il aprelin 14-də o, Fedorov küçəsində döyüş mövqeyində olarkən Rusiya Silahlı Qüvvələrinin bir qrup hərbçisinə iki əl qumbarası ataraq onların həyat və sağlamlığı üçün real təhlükə yaradıb”, - Rusiya Baş Prokurorluğu bildirib.
Mamuka Qatserelia Rusiya Federasiyası Cinayət Məcəlləsinin 137-ci (hərbi qulluqçunun həyatına qəsd etmə) və 359-cu (Muzdlu əsgərin silahlı münaqişədə iştirakı) maddələri ilə təqsirli bilinib. Məhkəmənin qərarı ilə o, cəzasını xüsusi rejimli koloniyada çəkəcək.
İstintaq Komitəsi qeyd edib ki, Mamuka Qatserelia 2022-ci ilin mayında məhbus kimi könüllü olaraq əsir düşüb və törətdiyi cinayəti tam etiraf edir.
“Narahat olmayın, yaxşıyam deyir, amma yaxşı olduğunu düşünmürəm, çünki şəkildə gördünüz nə gündədir. Eşidirdim, ordan ona deyirdilər ki, de gürcülərlə yaxşı rəftar edirlər”, – hökm elan olunmamışdan əvvəl oğlu ilə telefonla danışan Mamuka Qatserelianın anası Dali Çxeidze deyir.
Gürcüstan hakimiyyəti Mamuka Qatserelia barəsində çıxarılan hökmü hələlik şərh etməyib. Ailə kömək üçün Xarici İşlər Nazirliyinə və Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edib. Onlar həmçinin Ukrayna hakimiyyətindən Mamuka Qatserelianın azad edilməsi üçün hər şeyi etməyi tələb edirlər.
“Kim nə bacarırsa, bizə kömək etsin. Kömək etsinlər ki, onu öldürməsinlər. Biz bilirik ki, o, orada sağ qala bilməyəcək, onun orada yaxşı gün gözləmir”, – Dali Çxeidze bildirir.
Qatserelia ailəsi Abxaziya qaçqınıdır. Dali Çxeidzenin sözlərinə görə, 2022-ci ilin fevralında müharibə başlayandan az sonra Mamuka “bunun Gürcüstan uğrunda döyüş olduğuna inandığı üçün” könüllü kimi Ukraynaya gedib. Onda onun 21 yaşı olub. Daha sonra gürcü döyüşçü “Azovstal”ın mühafizəçilərinə qoşulub. May ayında iki aylıq müqavimətdən sonra düşmən tərəfindən mühasirəyə alınan Ukrayna ordusunun bölmələri prezident Vladimir Zelenskinin əmrinə tabe olub və Azovstalı tərk ediblər. Rusiya Federasiyasının Müdafiə Nazirliyi mayın 16-dan mayın 20-dək Azovstal ərazisində blokadaya alınmış Azov alayının və Ukrayna Silahlı Qüvvələrinin 2439 hərbiçisinin əsir düşdüyünü açıqlayıb.