Gürcüstanın Baş Prokuroru istefa verib. Səlahiyyət müddəti 2026-cı ilin fevralında başa çatmalı olan İrakli Şotadze izah edir ki, o, istefa qərarını “səhhətində yaranmış vəziyyətə görə” verib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Mən həkimlərin tövsiyələrini nəzərə alaraq ən çətin qərarı verməliyəm. Müalicə prosesinin bir neçə ay çəkəcəyi gözlənilir və mən bu məqsədlə bir həftədən artıqdır ki, xaricdəyəm. Ona görə də mövcud vəziyyəti nəzərə alaraq, mənim Baş Prokurorun səlahiyyətlərini icra etməyə davam etməyim mümkün deyil. Ona görə də mən artıq istefa ərizəmi Gürcüstan parlamentinə təqdim etmişəm”, - İrakli Şotadze deyir. Onun açıqlamasını Baş Prokurorluq yayıb.
Keçmiş baş nazir Qiorqi Qaxariyanın “Gürcüstan Naminə” partiyasının liderlərindən biri Natia Mezvrişvili deyir ki, Şotadzenin istefası Bidzina İvanişvilinin planının bir hissəsidir.
“İvanişvilinin tamamilə gözlənilən qərarıdr, mən çoxdandır deyirəm. Baş Prokurorun səlahiyyət müddəti seçkilərdən az sonra başa çatır. İvanişvili məğlubiyyətə hazırlaşır və seçkilərdən sonra onun prokurorluq və məhkəmə qarşısında təhlükəsiz olması vacibdir. Ona görə də seçkilərə qədər 6 il müddətinə yeni sadiq baş prokuror seçilməlidir”, - müxtəlif vaxtlarda Prokurorluqda və Daxili İşlər Nazirliyində yüksək vəzifələrdə çalışmış Natia Mezvrişvili qeyd edir.
Gürcüstan parlamenti İrakli Şotadzeni 2020-ci il fevralın 18-də 6 il müddətinə Baş Prokuror seçib. 2015-2018-ci illərdə Şotadze Baş Prokuror, 2013-2015-ci illərdə isə Baş Prokurorun birinci müavini vəzifələrində çalışıb.
Baş prokurorun səlahiyyətlərinə vaxtından əvvəl xitam verildiyi halda, dərhal Prokurorluq Şurası elmi dairələr, vətəndaş cəmiyyəti nümayəndələri və hüquq sahəsində fəaliyyət göstərən mütəxəssislərlə Baş Prokuror vəzifəsinə namizədlərin seçilməsi üçün bir aylıq məsləhətləşmələrə başlayır. Məsləhətləşmələr nəticəsində Prokurorluq Şurası Baş Prokurorluğa namizədlərdən ən azı 3 nəfəri seçəcək və onlara gizli səs verəcək. Prokurorluq Şurası seçilmiş bir namizədi müvafiq əsaslandırma ilə parlamentə təqdim edəcək. Baş Prokurorun seçilməsi üçün parlamentin tam tərkibinin əksəriyyətinin (76 deputat) dəstəyi lazımdır. Eyni şəxs iki dəfə ard-arda Baş Prokuror seçilə bilməz.