Beynəlxalq Mətbuat İnstitutu (IPI) jurnalistlərin və insan haqlarının müdafiəsi üzrə 17 digər təşkilatla birlikdə Gürcüstanın baş naziri İrakli Kobaxidzeni “xarici agentlər” haqqında rus qanunu geri götürməyə, jurnalistlərin təhlükəsizliyini təmin etməyə və ölkədə media azadlığını qorumağa çağırır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Müraciəti imzalayanlar “xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin yenidən gündəmə gəlməsi, Gürcüstanda zorakılığın qəfil artması və etirazları işıqlandıran jurnalistlərə qoyulan digər məhdudiyyətlərdən dərin narahatlıqlarını ifadə edirlər.
“Biz bir çox müstəqil medianın mövcudluğunu təhdid edən qanun layihəsinin dərhal geri götürülməsinə çağırışımızı təkrar edirik. Ən azı 20 media nümayəndəsi nümayişləri işıqlandırarkən fiziki və şifahi təzyiqlərə məruz qaldığı və həbs edildiyi bir halda biz hakimiyyəti bütün jurnalistlərin təhlükəsizliyini təmin etməyə çağırırıq.
Bu yaxınlarda parlamentdə ikinci oxunuşda qəbul edilmiş “xarici təsirin şəffaflığı haqqında”qanun hökumətə mətbuat və ifadə azadlığını təhdid edən müstəqil səsləri gözdən salmaq, təzyiq etmək və son nəticədə susdurmaq üçün güclü alət verir.
Qanun nəinki müstəqil media və qeyri-hökumət təşkilatlarını “xarici dövlətin maraqlarını daşıyan” kimi damğalanmağa məcbur edəcək, həm də Ədliyyə Nazirliyinə bu təşkilatlar barədə yalnız yazılı müraciət əsasında “hərtərəfli araşdırma” aparmaq səlahiyyəti verəcək. Ədliyyə Nazirliyi müstəqil mediaların və qeyri-hökumət təşkilatlarının fəaliyyətinə müdaxilə etməyə, onların fəaliyyətinə xələl gətirməyə və müşahidəçi rolunu zəiflətməyə imkan verəcək şəxsi məlumatları tələb etmək hüququna malik olacaq.
Gürcüstanda mətbuat azadlığının qorunması mövcud qanunvericilik bazası ilə təmin edilir. Onların arasında senzuranın yolverilməzliyini, media azadlığını və media plüralizmini təmin edən Gürcüstan Konstitusiyasının 17-ci maddəsi var. Bundan əlavə, “Söz və ifadə azadlığı haqqında” qanunun 3-cü maddəsi jurnalistlərin informasiya mənbələrinin məxfiliyini qorumaq və dürüstlüklərinə uyğun olaraq redaksiya qərarları qəbul etmək hüququna təminat verir. Bu mühüm hüquqi təminatlar hökumətə birbaşa müdaxilə etməyə və xəbər redaksiyalarına təzyiq etməyə imkan verən yeni qanun layihəsi ilə pozulur.
Və son olaraq, jurnalistlərə öz işlərini sərbəst şəkildə yerinə yetirmək imkanı verilməlidir. Qanun layihəsinin parlamentdə müzakirəsinin lap əvvəlində qəbul edilmiş onlayn nəşrlərin jurnalistlərinin parlamentə girişinə qadağa qoyulması qərarı media azadlığının açıq şəkildə məhdudlaşdırılmasıdır və dərhal ləğv edilməlidir. Bundan əlavə, Tbilisi küçələrində polis zorakılığı və hədə-qorxu ilə jurnalistlərə işlərini təhlükəsiz yerinə yetirməyə icazə verilmir və bu, dərhal dayandırılmalıdır. Gürcüstan Cinayət Məcəlləsinin 154-cü maddəsinə əsasən, jurnalistin peşə fəaliyyətinə qanunsuz müdaxilə olduqda sərt şəkildə cəzalandırılır, xüsusilə də zorakılıq və ya vəzifə səlahiyyətlərindən sui-istifadə təhlükəsi mövcud olduqda.
Əldə etdiyimiz məlumatlara əsasən, nümayişlər zamanı ən azı 20 media işçisi həbs edilib, fiziki və ya şifahi təhqir olunub. Sizi hadisələri tam araşdırmağa və cinayəkarların məsuliyyətə cəlb olunmasını təmin etməyə çağırırıq”, - müraciətdə deyilir. Müraciəti imzalayan 18 təşkilata “Mətbuat Azadlığı İnstitutu” ilə yanaşı, “Avropa Jurnalistlər Assosiasiyası”, “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaın İşıqlandırılması Layihəsi” (OCCRP), “Jurnalistləri Müdafiə Komitəsi” (CPJ) və s. kimi təşkilatlar da daxildir.
3 aprel 2024-cü ildə Gürcüstanın hakim partiyası bir il əvvəl minlərlə insanın iştirak etdiyi etiraz aksiyaları nəticəsində geri götürdüyü "xarici agentlər" haqqında rus qanununu bir daha qəbul etməyəcəyinə söz verməsinə baxmayaraq, təkrardan irəli sürüb. Rus qanunu beynəlxalq fondların qrant dəstəyi ilə fəaliyyət göstərən və hökumət və ya əlaqəli qruplar tərəfindən idarə oluna bilməyən müstəqil media və qeyri-hökumət təşkilatlarının xarici agent kimi qeydiyyatdan keçməsini tələb edir. Aprelin 15-dən Tbilisidə rus qanununa qarşı kütləvi etiraz aksiyaları keçirilir. Artıq “Gürcü Arzusu” qanun layihəsini iki oxunuşda qəbul edib. Yekun oxunuş mayın 13-ü həftəsinə təyin edilib.