“Gürcü Arzusu”nun rus qanunu təkrardan elan etməsini beynəlxalq media da şərh edib. Amerikanın “Barron's” və “Politico”, Britaniyanın “Reuters” və Almaniyanın “bne intellinews” qəzetləri “xarici təsir agenti”, yəni “xarici güclərin maraqlarını daşıyan təşkilatlar” haqqında qanun layihəsi barədə yazır.

Amerikanın həftəlik qəzeti və internet nəşri “Barron's” qanunu repressiv, hakim partiyanın qərarını isə gözlənilməz adlandırır.

“Avropa İttifaqı tərəfindən pislənən və ardınca minlərlə vətəndaşın etirazı ilə nəticələnən qanun layihəsi düz bir ildən sonra yenidən Tbilisidə yenidən irəli sürülüb. Qanun xarici maliyyədən faydalanan qeyri-hökumət təşkilatları, media və ayrı-ayrılıqda jurnalistlərə ünvanlanıb. Bu, fərqli fikri boğmaq üçün istifadə edilən Kremlin “xarici agent” qanununun dəqiq surətidir”.

Məqalədə o da qeyd olunur ki, Gürcüstanda “xarici agent” termininin sovet dövründən qalma mənaları var ki, bu da belə insanların dövlət xaini və düşməni olması deməkdir.

Məqalədə qeyd olunur ki, “kosmetik dəyişiklik”dən başqa, qanun layihəsinin bütün digər hissələri dəyişməz olaraq qalır.

“Gürcüstanın hakim partiyası “xarici agentlər” haqqında rus tipli mübahisəli qanunu geri qaytarır” – “Politico” bu başlıqda məqalə dərc edir. Nəşr yazır ki, bu təşəbbüs “vətəndaş cəmiyyəti və təşkilatlara məhdudiyyətlərin sərtləşdirilməsi cəhdidir”.

“Politico” keçən ilki beynəlxalq reaksiyaya diqqət çəkir: “Avropa Birliyinin baş diplomatı Cozef Borell o zaman qanunun Avropa İttifaqının dəyər və standartları ilə bir araya sığmayacağını və Gürcüstanın Avropa İttifaqına üzvlüklə bağlı bəyan etdiyi məqsədə zidd olacağını söyləmişdi”.

Dünyanın ən iri media qurumlarından biri olan “Reuters” yazıb ki, Qərb tənqidçiləri “Gürcü Arzusu”nu “avtoritar meyllərdə və Rusiyaya həddindən artıq yaxınlıqda” ittiham edirlər.

“Partiyanı Gürcüstanın keçmiş baş naziri və ölkənin ən varlı adamlarından biri olan milyarder Bidzina İvanişvili yaradıb və hələ də onun üzərində böyük nəzarətə sahibdir”, - məqalədə deyilir.

Berlində təsis olunana beynəlxalq media “bne IntelliNews” öz oxucularına Gürcüstanın hakim partiyasının bir daha belə bir təşəbbüsü həyata keçirməyəcəyinə dair verdiyi vədi xatırladır və yazır ki, qanun layihəsinin ilk təqdimatı xalq arasında son zamanların ən gərgin etirazlardan birinə səbəb olub. Məqalədə qeyd olunur ki, dekabr ayında Aİ-yə namizəd statusu aldıqdan sonra hakimiyyət “LGBTQ+ təbliğatı” adlandırdıqları şeyi qadağan etmək üçün “başqa bir rus tipli plan” elan edib.

Alman nəşri yazır ki, Gürcüstanın qərb tərəfdaşları, o cümlədən ABŞ və Avropa İttifaqı bu qanunu Gürcüstanın qərbə inteqrasiyasına maneə hesab edir.

Hakim partiya 2023-cü ilin martında etirazlar və beynəlxalq təzyiqlər səbəbindən ləğv edilən “xarici agentlər haqqında” qanunu üç oxunuşda qəbul etmək niyyətindədir. Qanun layihəsinin mətni eyni olacaq, yalnız “xarici təsir agenti” adlanması “xarici güclərin maraqlarını daşıyan təşkilat” ifadəsi ilə əvəz olunacaq. Bu gün keçirilən brifinqdə hakim partiyanın icraçı katibi Mamuka Mdinaradze qeyd edib ki, qanun layihəsinə sürətləndirilmiş qaydada baxılmayacaq və hətta keçənilkindən daha böyük etiraz olsa belə geri götürülməyəcək. “Heç bir halda. Bu, prinsipial məsələdir”, - Mdinaradze bildirib. İndiyədək “Gürcü Arzusu”nun liderləri qanun layihəsinə qayıtmayacaqlarını və bu məsələ bağlandığını bəyan etmişdilər.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur