“Biz, “Xalqın Gücü” yeni, alternativ qanun layihəsinin təşəbbüskarı olmaq qərarına gəlmişik - təmiz Amerika qanunvericiliyinin analoqu olacaq Xarici Agentin Qeydiyyatı Aktı. Ona görə də biz onu birbaşa tərcümə edəcəyik və qanunun təşəbbüskarı olacağıq. Bu, bir-iki günümüzü alacaq”, - bu barədə parlament çoxluğunun üzvü Dimitri Xundadze bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Deputatın sözlərinə görə, əvvəlcə “Xalqın Gücü”nün üzvləri oxşar məzmunlu qanun layihəsinin təşəbbüskarı olmaq qərarına gəldiklərində, Parlament çoxluğunun lideri İrakli Kobaxidze və “Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradzeyə Amerika qanununun birbaşa analoqunu parlamentin müzakirəsinə təqdim etməyi təklif etmişdilər, bununla belə, Kobaxidze və Mdinaradze daha liberal qanuna baxmağı təklif ediblər.
“Biz onların təklifini qəbul etdik və Amerika variantı əsasında daha liberal qanun layihəsi götürdük və parlamentə təqdim etdik, təşəbbüs göstərdik. Komitet müzakirələrə hələ başlamayıb, əksinə, aktiv isterik spekulyasiyalar başlayıb ki, sanki bu qanun Rusiya qanununun analoqudur, amma onunla heç bir əlaqəsi yoxdur. Bizim təşəbbüsümüzlə yaradılan liberal gürcü variantında heç bir qadağa mexanizmləri yoxdur və bu qorxu və fərziyyələr tamamilə əsassızdır. Proses belə getdiyinə görə biz alternativ layihə kimi sırf Amerika versiyasının birbaşa tərcüməsini təqdim etmək qərarına gəldik.
Əksəriyyətin, “Gürcü Arzusu”nun bu qanun layihəsini dəstəkləməsi ilə yanaşı, ümid edirəm və əminəm ki, bizim opponentlər, müxalifət üçün spekulyasiyaya əsas olmayacaq və onlar da bunu dəstəkləyəcəklər. Belə ki, indi iki seçimimiz var: birincisi artıq təqdim olunan gürcü versiyası, ikincisi isə sırf Amerika versiyası. Mən parlamentə uğurlu müzakirə və Amerika variantının dəstəklənməsini arzu etmək istəyirəm, məncə, bu, daha praktik olacaq və ölkənin təhlükəsizliyini daha yaxşı təmin edəcək”, - bildirib Xundadze.
Gürcüstan Parlamentinin Bürosu fevralın 20-də “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin nəzərdən keçirilməsi prosedurunun başlanmasını dəstəkləyib, baxmayaraq ki, qanun layihəsində hüquq şöbəsinin rəyi yox idi. Mövcud təcrübəyə əsasən, bu rəy olmadan təqdim edilən qanun layihəsi büro tərəfindən müəlliflərə qaytarılırdı.
“Gürcü Arzusu”nun mərkəzi ofisində keçirilən çoxluq iclasından sonra “Gürcü arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze “xarici təsir agentləri haqqında” qanun layihəsini dəstəkləyəcəklərini bildirib.
Fevralın 20-də parlament binasında internet nəşrlərinin jurnalistləri və araşdırmaçı jurnalistlər tərəfindən etiraz aksiyası keçirilib. Onlar parlamentin sədrini və büro üzvlərini “rus qanun layihəsi”ni qəbul etməməyə çağırırdılar - bu qanun təsdiq olunarsa, müstəqil KİV-lərin bağlanmasına gətirib çıxaracaq.
Bu gün Gürcüstanda fəaliyyət göstərən 300-ə yaxın qeyri-hökumət, icma və media təşkilatı bəyanatla çıxış edib, bəyanata əsasən, bu qanun layihəsi ölkə vətəndaşlarına qarşı yönəlibdir.
- Qanun layihəsinə əsasən xarici təsir agenti gəlirinin 20 %-dən çoxunu xaricdən əldə edən qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxs (qeyri-hökumət təşkilatı) və KİV-dir, inzibati orqan (dövlət və ya bələdiyyə orqanı/qurum) və ya milli idman federasiyaları tərəfindən yaradılmış təşkilatlar istisna olmaqla.
- Belə hüquqi şəxslər maliyyə hesabatı üzrə öhdəliklərə tabe olacaqlar, bu, keçmiş təqvim ili ərzində xərclənmiş pul vəsaitlərinin məbləği və təyinatı barədə məlumatların təqdim edilməsini əhatə edir. Xarici təsir agentlərinin reyestrinə daxil edilmiş məlumatlar açıqdır.
- Qanun layihəsinə əsasən, “xarici təsir agenti”ni müəyyən etmək üçün Gürcüstanın Ədliyyə Nazirliyi monitorinq aparmaq imkanı əldə edəcək və bu monitorinq çərçivəsində ona bütün lazımi məlumatları emal etmək səlahiyyəti veriləcək, şəxsi məlumatlar daxil olmaqla.
- Monitorinqin başlanması üçün əsas təşkil edir: Ədliyyə Nazirliyinin müvafiq səlahiyyətli şəxsinin qərarı; Xarici təsirin konkret agentinə müvafiq istinadı ehtiva edən Nazirliyə təqdim edilmiş yazılı ərizə.
- Qanun layihəsi nazirliyə 10, 20 və 25 min lari məbləğində cərimələr tətbiq etmək, təşkilatları məcburi qeydiyyata almaq səlahiyyəti də verir.
Qanun layihəsinin təşəbbüskarları parlament çoxluğunun üzvləridir: Sozar Subar, Mixeil Kavelaşvili, Dimitri Xundadze, Quram Maçaraşvili, Viktor Caparidze, İrakli (Daçi) Beraya, Eka Sepaşvili, Davit Kaçarava və Zaal Mikeladze.
Gürcüstan Prezidenti Salome Zurabişvili bildirir ki, bu qanun layihəsi onun dəstəyini qazanmayacaq, çünki belə bir qanun Gürcüstanı Rusiya ilə yaxınlaşdıracaq.
Xalq Müdafiəçisi Aparatının qiymətləndirməsinə görə, qanun layihəsi insan hüquqlarının beynəlxalq müdafiəsi standartlarına uyğun gəlmir və müasir demokratik dövlətin əsas prinsipləri ilə bir araya sığmır.
ABŞ-ın Gürcüstandakı səfirliyinin fevralın 20-də verdiyi bəyanata görə, “təsadüfi deyil ki, Kremlin hədəflərindən biri Gürcüstandakı vətəndaş cəmiyyətidir”.