Biz Rusiyada vətəndaş müharibəsinin başlamasına şahidlik edirik- Podolyak

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixaylo Podolyak Yevgeni Priqojin və “Vaqner”in qaldırdığı qiyamı şərh edib. Onun sözlərinə görə, Rusiyada hadisələr Ukrayna hakimiyyətinin bütün ötən il ərzində danışdığı ssenari üzrə inkişaf edir.

“Ukraynanın əks-hücum əməliyyatına başlaması nəhayət, Rusiya elitasında sabitliyi pozdu, Ukraynadakı məğlubiyyətdən sonra yaranan daxili parçalanmanı dərinləşdirdi. Bu gün biz, faktiki olaraq vətəndaş müharibəsinin başlamasına şahidlik edirik.

Priqojinin dəstəsi hərbi obyektləri, qərargahları və bütöv şəhərləri tutur, yol boyu demək olar ki, heç bir müqavimətə rast gəlmir, təsadüfi əsgər və polisləri silahlandırır. Putin Priqojini satqın və qanundan kənar elan edir və xüsusi xidmət orqanlarına müvafiq əmrlər verir, lakin heç nə baş vermir. Bu idarəçilik böhranı, faktiki hakimiyyət itkisidir. Bu arada “Vaqner” Moskvaya doğru yürüşünü davam etdirir. Ukrayna öz yolu ilə, 1991-ci ilədək mövcud olan sərhədlərə doğru irəliləməyə davam edir”, - Podolyak deyib.

İyunun 23-də “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini “Vaqnerlər”in Ukraynadakı düşərgələrini bombalamaqda ittiham edib və “ədalət yürüşü”nə başlamağa söz verib. Onun sözlərinə görə, 25 min “Vaqnerli” “ölkədəki bu özbaşınalığın niyə baş verdiyini” öyrənməyə gedir.

“Rusiya hərbi rəhbərliyi tərəfindən törədilən şər dayandırılmalıdır. Əsgər həyatına məhəl qoymurlar, “ədalət” sözünü unudublar, biz onu qaytaracağıq. Ona görə də bu gün bizim oğlanlarımızı və on minlərlə rus əsgərinin həyatını məhv edənlər cəzasını alacaqlar. Biz xahiş edirik ki, heç kim bizə qarşı olmasın... bizə qarşı çıxan hər kəsi təhdid hesab edib dərhal məhv edəcəyik”, - deyə Priqojin bildirib.

Rusiya Müdafiə Nazirliyi “Vaqner” mövqelərinin bombalanmasını yalan və təxribat adlandırıb. Federal Təhlükəsizlik Xidməti Priqojinə qarşı silahlı çevrilişə cəhd maddəsi ilə cinayət işi qaldırıb. Moskva şəhəri, Moskva və Voronej rayonlarında antiterror əməliyyatı rejimi elan edilib. Ötən gecə Moskvanın mərkəzinə də hərbi texnika çıxarılıb.

Hazırda “Vaqner” Ukrayna sərhədi yaxınlığındakı Rostov-Dondakı hərbi obyektlərə, o cümlədən aerodroma nəzarət edir. Priqojin müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovla görüşü tələb edir.

Prezident Vladimir Putin “Vaqner”in rəhbəri Yevgeni Priqojinin üsyanını “arxadan vurulan zərbə” kimi qiymətləndirib və “xəyanət yolunu tutanların” hamısının “qaçılmaz cəza” ilə cəzalandırılacağını vəd edib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur