“Wissol Group”un yaradıcısı, Gürcüstan Biznes Assosiasiyasının prezidenti Soso Pxakadze Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanuna prezidentin qoyduğu vetonun müzakirəsinin təxirə salınmasını və ya qanunun qüvvəyə minməsi üçün son tarix kimi 1 yanvar 2025-ci ilin təyin edilməsini təklif edir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Bu gün, mayın 27-də dərc olunan bəyanatında Pxakadze yazır ki, bu ölkənin vətəndaşlarından və iş adamlarından biri kimi o, ölkədə baş verən hadisələrə bir daha münasibət bildirməyə borcludur:
“Əvvəlki bəyanatda olduğu kimi, ölkənin Avropa və Avro-Atlantik kursuna sadiqliyi və bu kursun alternativsizliyi ilə bağlı sarsılmaz mövqeyimi bir daha qəti və birmənalı şəkildə bildirirəm.
Ölkəmizdə vəziyyəti yumşaltmaq üçün konkret kompromis yolu tapılmadığından, məncə, aşağıdakı iki variantdan birini seçmək məqsədəuyğun olardı.
Birincisi, hökumət sabah vetonun müzakirəsini təxirə salmalıdır. Gəlin bir az vaxt ayıraq və bu vaxtdan strateji tərəfdaşlarımızla növbəti məsləhətləşmələr üçün istifadə edək ki, ölkə konstitusiyasının zəmanət verdiyi xarici siyasət kursuna xələl gəlməsin.
Yaxud ikinci variant, mövcud hüquqi sənədlərin tətbiqi və qanuna dəyişikliklər yolu ilə qanunun qüvvəyə minmə tarixini 2025-ci ilin əvvəlinə, deyək ki, yanvarın 1-nə təyin edilsin. Belə olan halda bu qanunun əhalimiz üçün nə dərəcədə məqbul olduğunu parlament seçkilərinin nəticələri müəyyən edərdi.
Burada vurğulamaq istərdim ki, yuxarıda qeyd olunan hər iki variant iş adamlarından biri kimi məndə olan məlumatlara əsaslanaraq mövcud vəziyyətin təhlilinə əsaslanır”, - Pxakadze yazır və ümid edir ki, onun “səmimi fikirləri səlahiyyətli şəxslər tərəfindən nəzərə alınacaq ki, bu da ölkəmizin normal inkişaf rejiminə qayıtmasına töhfə verəcək”.
Soso Pxakadze bir ay əvvəl rus qanunu ilə bağlı açıqlama verib. Həmin vaxt o, “biznesdə və istənilən digər fəaliyyət növündə şəffaflıq və aşkarlıq son dərəcə vacibdir” deyib. Pxakadze hökumətin “ağılabatan yanaşmaları” ilə ölkədə sülhün, sabitliyin və iqtisadi artımın olduğunu da diqqətə çatdırıb. “İstənilən qeyri-sabitliyin qarşısını almaq vacibdir və, inanın mənə, qeyri-stabillik ancaq bizim düşmanlarımızın dəyirmanına su dökür”, - iş adamı yazıb.
Bu gün, mayın 27-də Parlamentin Hüquq Məsələləri Komitəsi prezidentin rus qanununa qoyduğu vetonu aşaraq qanun layihəsini üçüncü oxunuşda qəbul olunan düzəlişlərlə təsdiqləyib. Sabah, mayın 28-də bu məsələ plenar iclasda səsə qoyulacaq. “Gürcü Arzusu” nə Venesiya Komissiyasının sərt tövsiyəsini, nə də beynəlxalq tərəfdaşların qanunu geri götürmək çağırışlarını nəzərə almaq fikrində deyil.
Rus qanunua görə, ABŞ Dövlət Departamenti Gürcüstana “mülki və ya siyasi hüquqların həyata keçirilməsinə maneçilik törətməyə görə məsuliyyət daşıyan və ya zorakılıq, güc və ya zor tətbiq etməklə Gürcüstanda demokratiyanın sarsıdılmasında iştirak edən fiziki şəxslərə, eləcə də onların yaxın ailə üzvlərinə, istər indiki, istərsə də keçmiş dövlət və ya qeyri-dövlət subyektləri olsunlar, onlara viza məhdudiyyətləri tətbiq etməyə imkan verən yeni viza məhdudiyyəti siyasətini qəbul edib”.