İşğal olunmuş Abxaziyanın de-fakto prezidenti Aslan Bjaniya deyir ki, onlar “Astoria Grande” səyahət gəmisini Soxumi limanında qəbul etməyə və rusiyalı turistləri isti qarşılamağa hazırdırlar. Bjaniya Rusiyanın dövlət xəbər agentliyi TASS-a müsahibəsində Batumidə keçirilən mitinqlər şərh edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Respublika turizm xidmətlərinin genişləndirilməsində maraqlıdır və coğrafi imkanlar nəzərə alınmaqla yayda səyahət gəmiləri xidmətləri ən perspektivli hesab edilir. Biz sizi məmnuniyyətlə Abxaziyaya dəvət edirik və rus turistlərə abxaz qonaqpərvərliyi ruhunda səmimi qarşılama vəd edirik”, - Bjaniya deyir.
Qondarma Prezidentin sözlərinə görə, Soxumi dəniz limanı “Astoria Grande” tipli gəmiləri qəbul etməyə texniki cəhətdən hazırdır. Buna misal olaraq o, iyunun sonundan Soçi ilə Soxumi arasında kruiz səfəri edən “Knyaz Vladimir” gəmisini göstərib. “Əgər “Knyaz Vladimir” laynerini ləyaqətlə qarşılamışıqsa, o zaman “Astoria Grande” üçün də yer tapılacaq”, - o qeyd edir.
Soçi limanından yola düşən Rusiya vətəndaşlarının səyahət etdiyi “Astoria Grande” səyahət gəmisi iyulun 31-də, səhər saatlarında Batumi limanına daxil olub. Bu, bir həftə ərzində Gürcüstan, Ukrayna və Avropa İttifaqının bayraqları, habelə “Rusiya işğalçıdır” yazıları olan vətəndaşlar tərəfindən qarşılanan gəminin ikinci səfəri olub. Daxili İşlər Nazirliyi limanda patrul və kriminal polis qüvvələrini, o cümlədən xüsusi təyinatlıların əməkdaşlarını səfərbər edib, gəmiyə çıxışları dəmir bəndlərlə bağlayıb. Daxili İşlər Nazirliyinin əməkdaşları gün ərzində xırda xuliqanlıq və asayiş keşikçisinin qanuni tələbinə tabe olmamaq bəhanəsi ilə etiraz aksiyasının iştirakçısı olan 23 nəfəri həbs edib. Rus turistlərin bir qismi polisin köməyi ilə Batumiyə getmək üçün gəmidən düşə bilib. Səyahət gəmisi günün sonunda, Batumi limanından planlaşdırılandan bir neçə saat tez yola düşüb və Türkiyəyə gedib və oradan avqustun 5-də Soçiyə qayıdacaq.
Hakim “Gürcü Arzusu” partiyasının liderləri aksiyanı təxribat adlandırıb və bunu təşkil etməkdə müxalifəti ittiham ediblər. Rusiya Federal Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqor Karasin də analoji qiymətləndirmə verib: “Onların Rusiyaya və ruslara qarşı aşıladıqları nifrət mikrobu canlıdır. Bəzən yox olmaq ərəfəsində olur, sonra yenidən görünür. Maraqlıdır, özünüboğan saakaşvililər öz laynerimizlə Batumiyə gələn turistlərimizə qarşı nümayiş etdirməklə nəyə nail oldu? Rusiya ilə sakit münasibətlər kimə mane olur? Cavab aydındır, amma yenə də…”, - o bildirib.
“Astoria Grande”nin rəsmi saytında dərc edilən məlumata görə, avqustda və sonrakı aylarda planlaşdırılan oxşar səfərə Batumidə dayanma daxil olmayacaq. Proqramda dəyişiklik yəqin ki, Batumidə keçirilən aksiyalardan sonra tətbiq edilib.
Gürcüstanın Dəniz Nəqliyyatı Agentliyi “Astoria Grande”nin türk kruiz şirkəti tərəfindən idarə edildiyini, gəmi sahibinin Seyşel adalarında qeydiyyatda olduğunu və beynəlxalq sanksiyalara məruz qalmadığını və müvafiq olaraq, onun Gürcüstan limanına daxil olmaq hüququnun olduğunu bildirib.