“Bloomberg”: İvanişvili bir ildə 700 milyon dollar varlanıb

“Bloomberg”in Milyarderlər İndeksinə əsasən, Gürcüstanın keçmiş baş naziri, “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvilinin sərvəti son bir ildə 700 milyon dollar, 10,6% artıb. 68 yaşlı gürcü milyarder dünyanın 500 ən varlı adamı arasında 369-cu yerdədir.

“Bloomberg” İvanişvilinin əmlakını 7,3 ​​milyard dollar olaraq qiymətləndirir ki, bu da onun üçün rekord göstəricidir. Nəşr anonim mənbəyə əsaslanaraq yazır ki, onun yalnız sənət əsərləri kolleksiyası 1 milyard dollar dəyərindədir.

“Bloomberg” qeyd edir ki, İvanişvili var-dövlətini 1990-cı illərdə postsovet Rusiyasında toplayıb, aktivlərinin çoxunu 2003-2006-cı illərdə satıb, qalanını isə 2012-ci ilin oktyabrında Gürcüstanın baş naziri vəzifəsinə keçməzdən əvvəl satıb.

Qeyd edək ki, İvanişvilinin əmlakı “Forbes” tərəfindən 4,9 milyard dollar olaraq qiymətləndirilir. Bu rəqəmlə o, “Forbes”in dünya milyarderləri siyahısında 635-ci yerdədir.

Bidzina İvanişvili 2012-2013-cü illərdə baş nazir və “Gürcü Arzusu”nun sədri vəzifələrində çalışıb. 2013-cü il noyabrın 20-də baş nazirlikdən istefa verib, partiya sədri vəzifəsindən də istefa verib və siyasətdən getdiyini bildirib. 2018-ci il mayın 11-də prezident seçkiləri öncəsi İvanişvili yenidən “Gürcü Arzusu”nun sədri seçilib.

11 yanvar 2021-ci ildə o, nəhayət siyasətdən getdiyini və “hakimiyyət cilovunu tamamilə tərk etdiyini” açıqladı.

Siyasətdən getməsi ilə bağlı ictimai bəyanatlara baxmayaraq, İvanişvili qeyri-rəsmi idarəçilikdə ittiham olunurdu və onun adı partiyada mühüm qərarların qəbulu, o cümlədən baş nazirlərin, nazirlərin və digər yüksək rütbəli məmurların seçilməsi və təsdiqlənməsi ilə hallanırdı.

2023-cü il, dekabrın 30-da İvanişvili siyasətə “qayıtdı” və “Gürcü Arzusu”nun fəxri sədri oldu.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur