BMT komitəsi Ninotsminda pansionatı işində Gürcüstan tərəfindən qanun pozuntusu aşkar edib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

BMT-nin Uşaq Hüquqları Komitəsi Patriarxlıq nəzdindəki Ninotsminda pansionatı işi ilə bağlı qərar qəbul edib və Gürcüstan tərəfindən pozuntu olduğunu aşkar edib. Komitə uşaq hüquqlarının pozulması ilə əlaqədar bütün iddialarla bağlı dövlətə dərin araşdırma aparmağı tapşırıb və görülən tədbirlər barədə məlumat vermək üçün ona 180 gün vaxt verib.

Qərarda qeyd olunur ki, dövlət uşaqları zorakılığın ağır formalarından qorumayıb, cinayətdə iştirak edən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün vaxtında və adekvat tədbirlər görməyib. BMT-nin Uşaq Hüquqları Komitəsi, həmçinin dövlətin işin effektiv araşdırılmasını təmin etmədiyini müəyyən edib.

Komitə dövlətə tapşırıb ki, zərər çəkmiş uşağın adekvat, hərtərəfli və vaxtında kompensasiya və reabilitasiyasını təmin etsin; Uşaq Hüquqları Haqqında Konvensiyaya uyğun olaraq dövlət himayəsində olan uşaqların vəziyyətini qiymətləndirsin; zərər çəkmiş şəxsin fikir və mülahizələrini nəzərə almaq üçün uşaqlarla razılaşdırmaqla reabilitasiya tədbirlərini müəyyən etsin;

Komitənin qərarına əsasən, dövlət, həmçinin hər hansı özəl və ya dövlət qurumunda analoji pozuntuların qarşısını almaq üçün bütün zəruri tədbirləri görməyə borcludur. Həmçinin qeyd olunan qurumlarda daimi və müstəqil monitorinqi təmin etməlidir; dövlət bütün növ qayğı müəssisələrində məxfi, əlçatan, gender baxımından həssas və uşaqlara uyğun olan effektiv uşaq mərkəzli şikayət sistemi yaratmalıdır; dövlət uşaqların vaxtında hüquqi yardım almasını dərhal təmin etməlidir.

Komitənin qeyd etdiyi kimi, 57 uşağın işindən ərizəçi M.L. və L.K-nın işlərində zorakılıq və pis rəftar aşkar edilib.

Komitənin qərarına əsasən, 2008-ci il təvəllüdlü M.L. üç yaşından on üç yaşına kimi o, Ninotsminda “Müqəddəs Nino adına Kimsəsiz Uşaqlar Pansionatı”nda olub və istəməyərək sidiyə getdiyinə görə ağır cəzalara məruz qalıb.

Tərbiyəçilər tez-tez böyük uşaqlara ML və digər uşaqları çubuqlarla və ya əllərlə vuraraq "düzəltməyi" tapşırırdılar.

11 yaşında o, psixotrop dərmanlar da qəbul etməyə məcbur olub. 2003-cü il təvəllüdlü ikinci uşaq L.K. də oxşar çətinliklərlə üzləşib. Onların arasında diqqəti çəkən qeyri-kafi qida, düzgün olmayan gigiyena və hərəkətin məhdudlaşdırılmasıdır. Onun məhdud fiziki imkanlı qardaşı da baxımsızlıq və zorakılıqdan əziyyət çəkirdi.

“Ailə mühitindən məhrum olan uşaqların onlara qayğı göstərən dövlət tərəfindən xüsusi himayə və yardım almaq hüququ var” - komitə üzvü Benoit van Kirsbilk deyib və əlavə edib ki, müvafiq olaraq, Gürcüstan hökuməti uşaq pansionatı və ya digər oxşar müəssisənin qapalı qapıları arxasında baş  verənlərə görə məsuliyyət daşıyır.  

BMT Komitəsinin qeyd etdiyi kimi, Ninotsmindanın “Müqəddəs Nino adına Kimsəsiz Uşaqlar Pansionatı” kimsəsiz uşaqlar üçün yaşayış müəssisəsidir. Gürcüstanın Xalq Müdafiəçisi İdarəsi oradaki ağır vəziyyəti ilk dəfə 2015-ci ilin hesabatında qeyd edib. Hesabatda uşaqlar arasında tez-tez psixoloji və fiziki zorakılığa, bulinqə, o cümlədən pedaqoqlar tərəfindən döyülmə, yeməksiz qoyulma və  qapalı saxlama kimi fiziki cəzalara məruz qalması göstərilir. Buna baxmayaraq, 2016-cı ildə Gürcüstanın “Təhsil fəaliyyətinin lisenziyalaşdırılması haqqında” qanununun yeni redaksiyasının tətbiqindən sonra pansionat məktəbinə tədris fəaliyyətini davam etdirmək üçün lisenziya verilib.

“Xalq Müdafiəçisi 2018-ci ildə pansionatdakı sistem problemlərini və nəzarətin və uşaqlara qayğının yaxşılaşdırılmasının təcili ehtiyacını vurğulayan təkrar hesabat dərc etdi. 2020-ci ilin iyun ayından, demək olar ki, bir ilə yaxın müddət ərzində Xalq Müdafiəçisi İdarəsi pansionata buraxılmırdı.

Hökumətin pansionatdakı uşaqların vəziyyətinə nəzarət edə bilmədiyini nəzərə alan “İnsan Haqları Naminə Tərəfdaşlıq” qeyri-hökumət təşkilatı əvvəlcə Tbilisinin müxtəlif məhkəmələrinə, nəhayət, 2021-ci ilin mayında BMT-nin Uşaq Hüquqları Komitəsinə müraciət edib.

Komitə dərhal 57 uşağın xeyrinəmüvəqqəti tədbir seçib və monitorinq məqsədilə Xalq Müdafiəçisi İdarəsinin nümayəndələrinin pansionata buraxılmasını istəyib.

Bir aydan sonra Xalq Müdafiəçisi İdarəsinin pansionata daxil olmasına və hərtərəfli qiymətləndirmə aparmasına icazə verilib və nəticədə 27 uşaq alternativ qayğı mərkəzlərinə cəlb edilib.

2021-ci ilin noyabr ayına olan məlumata görə, qaldırılan məsələlər həllini tapmasa da, biri sağlamlıq imkanları məhdud 15 uşaq hələ də pansionatda yaşayır”, - komitənin bəyanatında bildirilir.

“İnsan Haqları Naminə Tərəfdaşlıq” təşkilatının vəkilləri zərərçəkmiş uşaqların hüquqlarını məhkəmədə müdafiə etməyə davam edir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur