“İndi Gürcüstanın Aİ üzvlüyünə namizəd olmaq üçün inanılmaz fürsəti var, rusiyayönümlü qüvvələr güclənir və onlar Gürcüstanı öz taleyindən - bu da ki, mənim fikrimcə, Avropadır - ayırmağa çalışacaqlar. Gürcüstan əsrlər boyu tutduğu istiqamətə can atdığını qəti və aydın şəkildə nümayiş etdirməlidir. Dezinformasiya ilə Gürcüstanı bu yoldan yayındırmağa, çaşdırmağa çalışanlar geri çəkilməlidir”, - ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan “Gürcüstan Xəbərləri”nə müsahibəsində bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
-Gürcüstan Ukraynadakı müharibəyə görə Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qoşulmadı. Hökumət başçısı bunun “milli maraqlara” zərər vuracağını və Rusiyaya qarşı sanksiyalar tətbiq olunarsa, Gürcüstana daxil olan pullardan “xalqın məhrum olacağını” bildirib. Bir neçə gün əvvəl Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov açıq şəkildə Gürcüstan hökumətini bu “cəsarət”inə görə tərifləyib. 2022-ci ildə Gürcüstanın Rusiyadan iqtisadi asılılığı presedentsiz şəkildə artdı ki, bu da təkcə iqtisadi məsələ deyil. Qərb tərəfdaşı ölkənin təhlükəsizliyi və iqtisadiyyatı üçün bu mühüm çətinlikləri qarşılayır?
-İlk növbədə, müxtəlif vacib məsələləri müzakirə etmək üçün sizinlə olmaqdan məmnunam. İndi region, dünya, Avropa üçün çətinliklərlə dolu bir zamandır və elə bir zamandadır ki, Gürcüstanın ABŞ ilə son otuz il və daha çox müddətdə mövcud olduğu uzunmüddətli tərəfdaşlıq, güclü tərəfdaşlıq, böyük əhəmiyyət kəsb edir. Biz bu müddət ərzində Gürcüstanın daha təhlükəsiz, sabit, firavan və əlbəttə ki, daha demokratik olması üçün çox işlər görmüşük. Birləşmiş Ştatlar qətiyyətlə inanır ki, Gürcüstanın demokratiyası onu qorumaq üçün ən yaxşı yol olacaq, çünki gürcü xalqı bunu istəyir.
Gürcüstanın tarixi Rusiya tərəfindən xəyanət və vədləri pozma nümunələri ilə doludur - dilə, dinə hücumlar, mədəniyyətinizə hücumlar. Bu, gürcülərin yaxşı bildiyi tarixdir. Düşünürəm ki, gürcülər Lavrov, Putin və ya ümumiyyətlə ruslar kimi şəxslərin vəd və təkliflərini belə qəbul edirlər.
ABŞ-ın Gürcüstanla davam etmək istədiyi onun suverenliyini və ərazi bütövlüyünü qorumaqdır, hansı ki, həmçinin bizim münasibətlərimiz, Gürcüstanın təhlükəsizliyinin əsasıdır. Lakin burada təkcə ərazi bütövlüyü deyil, həm də Gürcüstanı unikal edən mədəni bütövlük nəzərdə tutulur.
Əsrlər boyu Rusiyanın hücumlarına və dilinizi, kilsənizi və mədəniyyətinizi məhv etmək cəhdlərinə baxmayaraq, Gürcüstan hələ də güclü olaraq dayanır. Düşünürəm ki, bu, Gürcüstanın özünəməxsus kimliyini qoruyub saxlamaq öhdəliyinin nə qədər güclü olduğunun əsl sübutudur. Elə buna görə də Gürcüstan əsrlər boyu Avropaya yönəlmişdir - azadlığa ümumi baxış, müstəqilliyə, suverenliyə və ərazi bütövlüyünə ümumi sadiqlik. Gürcüstanı Avropa və ABŞ ilə birləşdirən də budur. Biz bu məqsədə çatmaq üçün Avro-Atlantik gələcəyə doğru Gürcüstanı dəstəkləməyə davam etmək istəyirik.
-Ukraynada müharibə başlayandan iki ay sonra Gürcüstan hökuməti Raça-Leçxumi və Kvemo Svaneti bölgələrində 105 min hektar meşə sahəsini sanksiyaya məruz qalan rusiyalı oliqarx Vladimir Evtuşenkovun biznes tərəfdaşı olan iş adamı Davit Xidaşeliyə verdi. Xidaşeliyə verilən bu ərazi Rusiya tərəfindən işğal olunmuş Gürcüstan ərazilərinə çox yaxındır və orada biznes fəaliyyəti adı ilə 49 il müddətinə verilibdir. Bu, Rusiyanın Gürcüstana daha bir marağının nümunəsidir. Ölkəmizdəki bu cür hallara nəzər yetirirsinizmi?
-Biz bu konkret işə qarışmırıq. Təbii ki, belə bir şey narahatlıq vericidir və Gürcüstanda ictimai məlumatlandırma üçün hadisələrin inkişafına diqqət kəsilənlər var. Burada Gürcüstan üçün vacib olan bu cür əməliyyatlar barədə ictimaiyyətin məlumatlı olmasında medianın və bəzi vətəndaş cəmiyyəti təşkilatlarının vacibliyi vurğulanır və bu, şəffaf şəkildə həyata keçirilməlidir.
Gürcülərin tarixi təcrübəsi Rusiyaya qarşı ehtiyatlı olmağın əsasıdır. Onlar çoxlu vədlər verdilər, amma çox azı yerinə yetirildi. Ərazinizin 20 %-nin Rusiyanın işğalı Rusiyaya etibar edilməməsinin daim xatırladılmasıdır.
Onlar əsrlər boyu bir çox başqa vədləri yerinə yetirə bilmədikləri kimi, 2008-ci il müqaviləsi üzrə öhdəliklərini də yerinə yetirə bilmədilər. Son dərəcə vacib olan Gürcüstanın suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi və beynəlxalq forum vasitəsilə bu ərazi bütövlüyünün sülh yolu ilə bərpasıdır. Məhz beynəlxalq müzakirələr bunun üçün mövcuddur.
-Siz meşələrin verilməsi mövzusunda əsas məsələ olan ictimaiyyətin məlumatlandırılmasının vacibliyini qeyd etdiniz. Bəzi sənədləri əldə etməyə çalışırdıq, amma təəssüf ki, hökumət indiyə qədər onların hamısını ictimailəşdirmək istəmir. Gürcüstanda ictimai məlumat əldə etmək son illər çox çətinləşib. Bu, həm yerli, həm də mərkəzi hökumət orqanlarından ictimai məlumatların əldə edilməsinə aiddir. Ötən il təkcə bizim təşkilat 80-ə yaxın inzibati şikayətdən istifadə etməli və məhkəməyə 13 iddia təqdim etməli oldu. Məhkəmə, nadir hakimlər istisna olmaqla, aylarla, illərlə bu iddialara baxmır. Bu, medianın düzgün işləməsinə mane olur. Bu problemin öhdəsindən gəlmək üçün nə etmək olar?
-Bu, ciddi problemdir və mən başqa KİV-lərdən də eşitmişəm ki, ictimai informasiyaya daxil olmaq nə qədər çətindir, sadəcə ona görə ki, sistemin özü effektiv deyil və ya bunun üçün qurulmayıb. ABŞ-da “İnformasiya Azadlığı Aktı” var ki, bu qanun təkcə media üçün deyil, istənilən vətəndaşın ictimai məlumat əldə etmək üçün istifadə edə biləcəyi mexanizmdir. Biz buna çox ciddi yanaşırıq, çünki hesab edirik ki, vətəndaşın hər kəsə və ya dövlətə məxsus torpaq sahəsi haqqında məlumat əldə etmək hüququ şəffaf və qeyri-məhdud olmalıdır.
İnsanları məlumatlandırmaq, şəffaflığı təmin etmək rolunu oynaya biləcək güclü mediaya sahib olmaq istəyirsinizsə, bu tip qanunvericilik çox vacibdir. Yaxşı olardı ki, məlumat əldə etməyə icazə vermək üçün “İnformasiya Azadlığı haqqında” qanunu qəbul etməli olmayasınız, ancaq onu hazırlamaq və ya qanunda belə bir şey varsa, icra vacibdir. Düşünürəm ki, hər hansı bir əməliyyatda gizlədəcək bir şey yoxdursa, o zaman hər məlumat əlçatan olmalıdır və xəbəri ictimaiyyətə çatdırmaq üçün 13 məhkəmə iddianız olmamalıdır. Vətəndaşlar qarşısında hesabat vermək hökumətin vəzifəsidir və təbii ki, hökumətin xalq qarşısında cavabdeh olmasında medianın mühüm rolu var.
-Medianın vəziyyəti haqqında danışmağa davam etsək - 2021-ci ilin sentyabrında Dövlət Təhlükəsizlik Xidmətindən jurnalistlərin, diplomatların, siyasətçilərin və yüksək rütbəli ruhanilərin kütləvi və uzunmüddətli qanunsuz dinlənilməsi faktlarını təsdiqləyən sənədlər sızdırıldı. Bu hallar indiyədək araşdırılmayıb. Prokurorluq jurnalistləri zərərçəkmiş kimi tanıyıb və istintaq bundan sonra davam etmədi. Daha sonra müxalifət partiyalarının kütləvi izlənməsi faktları yenidən yayılıb. Effektiv araşdırma əvəzinə, hökumət 77 cinayətlə bağlı xəbərdarlıq edilmədən şəxslərin telefonlarının ömürlük dinlənməsinə və digər formada izlənilməsinə icazə verən qanuna dəyişikliklərə başlayıb. Müxalif “Mtavari Aharxi” teleşirkətinin baş direktoru həbs edilib. 5 iyul 2021-ci ildə jurnalistlərə qarşı kütləvi zorakılığa görə təşkilatçılardan heç biri həbs olunmayıb. Necə düşünürsünüz, Gürcüstanda kütləvi informasiya vasitələrinin, insan haqlarının vəziyyəti pisləşibmi və hökumətin öz vətəndaşları, eləcə də beynəlxalq tərəfdaşlar qarşısında cavabdehliyi yox olub, yoxsa, xeyli azalıb?
-Gürcüstanda zəngin media mühiti var idi. Hesab edirəm ki, bu, gürcü xalqının informasiyaya çıxış və məlumatlılıq prosesində ona nə qədər önəm verdiyinin göstəricisidir. Biz medianın bəzən öz təhlükəsizliyini riskə ataraq dünyada oynadığı rolu həqiqətən yüksək qiymətləndiririk. Biz bu medianın son bir neçə ildə sıxışdırıldığını gördük və əlbəttə ki, başqalarından eşitdik ki, bu, dəqiq, balanslaşdırılmış işıqlandırma təmin etmək üçün milli və regional media orqanlarına böyük vəzifə qoyur.
Cəmiyyət çox qütbləşib. Media da qütbləşib. Gördüm ki, əsasən qərəzsiz, balanslaşdırılmış informasiya işıqlandırması regional media tərəfindən həyata keçirilir, çünki onların yerli icmalarla daha sıx əlaqələri var ki, bu da çox vacibdir.
Nəzarət qanunu ilə bağlı suallar yaranır, çünki mövcud qanun artıq cinayət işləri üçün lazımi müdafiəni təmin edir. Onun genişləndirilməsi/tətbiq edilməsi lazım deyildi və əslində insanların bu tip izləmə və icazəsiz müşahidədən ehtiyac duyduğu təhlükəsizlik və müdafiə baxımından geriyə addımdır.
Bu, gürcülərin yaşamaq istədiyi ölkə deyil. Bir çox gürcü sovet dövründə yaşamağın necə olduğunu xatırlayır, burada belə şeylər daim baş verirdi, insanlar onların söhbətlərinin eşidildiyini, sadə vətəndaşların izləndiyini bilirdilər.
Yəqin ki, gürcülərin əksəriyyəti bunun geriyə addım olduğunu düşünür.
Gürcüstanın daha çox Avropa ölkəsinə çevrilməyə çalışdığı, Aİ-yə üzv dövlətlərə Avropa ilə Gürcüstanın nə qədər ümumi cəhətlərinin olduğunun - və məncə, onların çoxlu ortaq cəhətləri var - göstərilməyə çalışıldığı bir vaxtda bu, yanlış istiqamətdə atılmış addımdır.
Siyasi liderlər Gürcüstanın demokratiya və azadlığa, media azadlığına, ifadə azadlığına sadiqliyini nümayiş etdirmək üçün lazım olan zəruri islahatları təmin etmək üçün əllərindən gələni etməlidirlər. Bu prioritet olmalıdır. İndi bu vacibdir.
-Gürcüstanın regionlarda, ölkə daxilində və xaricdə Avropaya inteqrasiya prosesi çoxlarını narahat edir. Biz bilirik ki, Avropa Komissiyasının səkkiz ay əvvəl müəyyən etdiyi 12 tövsiyənin yerinə yetirilməsi Avropa İttifaqına üzvlülüyə namizəd ölkə statusunun alınması üçün şərtdir. Yalnız bir tövsiyə tam yerinə yetirildi. Deoliqarxizasiya, siyasi qütbləşmənin aradan qaldırılması, müstəqil namizədin xalq müdafiəçi seçilməsi, jurnalistlər üçün təhlükəsiz mühitin təmin edilməsi və həssas qrupların insan hüquqlarının müdafiəsi kimi mühüm tövsiyələr qismən və ya tamamilə yerinə yetirilməmiş qalır. Sizcə, bu yüksək qütbləşmiş mühitdə konsensus əsasında qərarlar qəbul etmək mümkün olacaqmı?
-ABŞ uzun müddətdir ki, Gürcüstanın Avropa Birliyinə və NATO-ya daxil olmasının böyük dəstəkçisi olub. Düşünürük ki, bu, əsrlər boyu Avropaya yönəlmiş bir ölkə üçün təbii yoldur. Ümumi dəyərlər, azadlıq və müstəqilliyə sadiqlik, insan hüquqlarına hörmət var, bunların hamısı gürcü mədəniyyətinin bir hissəsidir. Düşünürəm ki, Gürcüstan demokratiya və insan haqlarına dərin hörmət baxımından bir çox ölkə üçün nümunədir.
12 prioritet Gürcüstan üçün əla fürsətdir. Bu, sadəcə yerinə yetirilən şərtlər üçün qutuları işarələmək demək deyil, bu on iki prioritetin hər birinin arxasında duran daha geniş prinsiplər barədədir. Sizin xalq müdafiəçisi və ya məhkəmə sistemi kimi həqiqətən müstəqil demokratik institutunuz olacaq, siz azad və ədalətli seçkilər keçirə biləcəksiniz.
Bu 12 prioritetin arxasında məhz bu durur. Avropa İttifaqına üzv dövlətlər yəqin ki, bu ilin dekabrında bunu qiymətləndirəcəklər - Gürcüstan da bu eyni prinsiplərə sadiqdirmi, Biz həqiqətən düşündüyümüz ailənin üzvüyükmü?
Bu, Gürcüstan üçün Aİ-yə yaxınlaşaraq bəzi üstünlüklər əldə etmək üçün böyük fürsətdir. Buraya daha yaxşı yollar, daha yaxşı infrastruktur, daha yaxşı internet, daha yaxşı məktəblər və səhiyyə xidmətləri və təkmilləşdirilmiş enerji səmərəliliyi təmin edən mühüm layihələrin maliyyələşdirilməsi daxildir. Bunlar gürcü ailələrinin və gürcü uşaqlarının həyatını bilavasitə yaxşılaşdıracaq hər cür konkret güzəştlərdir. Bu, həqiqətən də Gürcüstan üçün inanılmaz fürsətdir.
ABŞ Gürcüstanın bu məqsədinə çatacağına əmindir. İndi biz Gürcüstanın siyasi liderlərinin ölkəni birləşdirmək və Gürcüstanın Avro-Atlantik gələcəyinə sadiqliyini nümayiş etdirmək üçün zəruri islahatları həyata keçirmək üçün kifayət qədər güclü olub-olmadığını görməliyik.
Bu, Aİ və ya NATO üçün deyil, Gürcüstan üçün edilməlidir. Bu, Gürcüstanı daha güclü, daha sabit, daha firavan edəcək. İnsanlar üçün daha yaxşı iş yerləri, övladları üçün daha yaxşı təhsil - bu islahatlardan faydalananlar onlardır. Gürcüstan bu prosesdə Avropa Birliyinə yaxınlaşarsa, çox yaxşı olar.
-Ümid edirik ki, bu prioritetlər və tövsiyələr həyata keçiriləcək.
-Əminəm!
-Siz İliya Çavçavadzenin adını çəkdiniz və mən sizdən gürcü filoloqu və “Respublika Partiyası”nın qurucusu Levan Berdzenişviliyə Kvarelidə gənclərə İliya Çavçavadze haqqında mühazirə oxumaq istəyən zaman ona edilən hücum barədə soruşmaq istərdim. Zoraki Rusiyapərəst qruplar mühazirənin qapalı məkanda keçirilməsinə mane oldular. Son bir neçə ildə, xüsusən də Rusiyanın Ukraynaya təcavüzündən sonra ölkəmizdə rusiyayönümlü qüvvələrin fəallaşması göz qabağındadır. Onlar nəinki açıq şəkildə insanlara hücum edir, onların dinc toplaşmaq və ifadə azadlığı hüquqlarından istifadə etmələrinə mane olurlar, həm də fərqli fikirdə olan insanlara hücum edirlər. Cənab Berdzenişvili 1783-cü ildə Rusiya ilə imzalanmış Georgiyevsk müqaviləsi ilə bağlı fərqli fikirdədir. Hücumun şahidi olan polis qanun pozuntusuna reaksiya verməmişdi. Hökumət nümayəndələri hadisəni pisləməmişdi. Bu, fərqli baxışları olan insanlara qarşı zorakılığı təşviq edirmi? Məsul hökumətin reaksiyası necə olmalıdır?
-Düşünürəm ki, fikrini bildirən şəxsə hücum hər kəsi təəccübləndirdi. O, çox savadlı insandır. Bu, ölkəni gəzərkən gördüyüm Gürcüstan deyil, bunlar da rastlaşdığım gürcülər deyil. Bizim təhsilə, elm adamlarına böyük hörmətimiz var. Onlar həmişə müəyyən mövqelərlə razılaşmaya bilər, amma biz təhsilə hörmət edirik.
Gürcülər bilirlər ki, bu rusiyayönümlü dezinformasiya uzun müddətdir ki, davam edir. Son zamanlar bu, böyüyüb və aqressiv olub. Məncə, gürcülər də bilir bunu, məqsəd gürcüləri parçalamaqdır. Ölkəni bu qədər qütbləşdirən əsas elementlərdən biri də budur - insanların nəyin doğru və nəyin yanlış olduğunu anlamaması üçün ictimaiyyəti çaşdırmağa çalışan rusiyapərəst qüvvələr tərəfindən təşkil edilən daimi dezinformasiya dalğası.
Amma gürcülər həqiqətin nə olduğunu bilirlər və məncə, onlar bilirlər ki, gürcü mədəniyyətinin əsasını ifadə azadlığına hörmət, tolerantlıq təşkil edir. Dezinformasiya ilə Gürcüstanı bu yoldan yayındırmağa, çaşdırmağa çalışanlar geri çəkilməlidir.
İndi Gürcüstanın inanılmaz fürsəti olan vaxtda bu cür qüvvələr güclənir və Gürcüstanı Avropa olduğuna inandığım bu taleyindən ayırmağa cəhd edirlər. Gürcüstan əsrlər boyu tutduğu istiqamətə can atdığını qəti və aydın şəkildə nümayiş etdirməlidir.
Gürcü mədəniyyəti bu ümumi dəyərlərə - azadlıq və müstəqilliyə, insan hüquqlarına hörmətə, həmçinin bir-birinə hörmətə əsaslanır. Ümid edirəm ki, gürcülər rusiyapərəst qüvvələrin bu ifrat aqressiv cəhdi qarşısında öz tarazlığını bərpa edəcəklər.
-Sonuncu sual xüsusilə ölkəmizin regionlarında çox kəskin problem olan miqrasiya ilə bağlıdır. Milli Statistika Xidmətinin məlumatına görə, 2021-ci ildə Gürcüstanı 80 mindən çox vətəndaş tərk edib, yarısından azı ölkəyə qayıdıb. 2022-ci il üçün göstəricilər hələ məlum deyil, lakin bu göstəricilərin daha yüksək olacağı ehtimal edilir. Demək olar ki, hamı ölkəni tərk etməyə çalışır. İş və perspektiv axtarışında Avropa və Amerikaya getmək istəyənlər əsasən gənclərdir. Bizimlə söhbət edənlər miqrasiyanın əsas səbəbi kimi ölkədəki iqtisadi durumu, perspektivsizliyi, ədalətsizliyi göstərirlər. Siz tez-tez regionlarda görüşlər keçirirsiniz. Sizinlə bu məsələni danışırlarmı? Miqrasiyanın dayandırılması, gənclərin Gürcüstanda, xüsusən də regionlarda qalmaları və inkişafı üçün lazımi şəraitin yaradılması üçün hansı tədbirlər görülə bilər. ABŞ səfirliyi bu istiqamətdə nə edir?
-Biz gürcülərin ABŞ-a gəlməsini sevirik, çünki bu, ölkəmizi zənginləşdirir, lakin biz gürcülərin öz ölkələrinə qayıtmasını istəyirik. Mən görürəm ki, gürcülərin öz ölkələri ilə dərin əlaqəsi var, onlar burada, Gürcüstanda olmaq istəyirlər.
İndi Gürcüstanın hər zamankindən daha çox gənclərə ehtiyacı var ki, ölkə güclü demokratiya qurmaq üçün çalışdığı layihəni davam etdirsin. Düşünürəm ki, Avropaya, ABŞ-a səfər etmək və bu təcrübələri geri qaytarmaq Gürcüstanı zənginləşdirməyə də kömək edə bilər.
Bizim əla mübadilə proqramlarımız var. Mən burada, rayon məhkəməsində olmuşam, buranın hakimləri vaxtilə ABŞ-da idilər və onlar Amerika hakimləri ilə danışırdılar. Biz onlardan öyrənirik, onlar da bizdən. Tələbələrdə də belədir. Amma gənclər qayıdıb bu ölkənin quruculuğuna, iqtisadiyyatına, bəzi texnologiyaların müasirləşməsinə öz töhfələrini verməlidirlər.
Mən bütün ölkəni gəzdim və çoxlu inanılmaz yaradıcı sahibkarlarla, kiçik biznesə başlayan və təkcə ailələrinə deyil, həm də icmalarına kömək edən qadınlarla tanış oldum. Gürcüstanın əsl gələcəyi buradadır.
İnsanları burada saxlamaq üçün aydındır ki, qalmaları üçün stimul olmalıdır. Birləşmiş Ştatların Kənd Təsərrüfatı Departamentindən fermerlərə məhsullarının keyfiyyətini yaxşılaşdırmaqda kömək etmək üçün onlarla işləyən geniş proqramlarımız var. Fındıq fermerlərinə və ya qaragilə və moruq fermerlərinə kömək etmək üçün gözəl USAID proqramımız var.
Ona görə də düşünürəm ki, insanlar öz bizneslərini genişləndirmək, ailələrini və icmalarını cəlb etmək, böyük iş yerləri yaratmaq imkanlarının olduğunu görəndə, biz onlara gələcəyə ümid veririk ki, Gürcüstanda qalıb yaxşı yaşaya bilərlər. Bizim gözəl təhsil proqramlarımız da var. Biz gürcü gənclərinə gələcəyə baxış verməli və onların güclü, müasir və Avropanın bir parçası olan ölkəsinin yaradılmasına necə töhfə verə biləcəklərini göstərməliyik. Bu, bir gecədə bacaracağınız bir şey deyil, əsas odur ki, insanlara Gürcüstanda gələcəyin necə ola biləcəyinə - bu gələcək çox zəngin və faydalı ola bilər - dair ümid və baxış təmin etməkdir.
Müəllif: Eteri Panqani