Bu, Gürcüstanı təhlükəli trayektoriyaya salacaq, biz bunu izah etməyə davam edəcəyik - Miller rus qanunu haqqında

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“Biz öz mövqeyimizi təkrar etməyə davam edəcəyik, odur ki, müzakirə olunan qanun Gürcüstanı təhlükəli trayektoriyaya salacaq. Bu, Gürcüstanın Avro-Atlantik yolunu təhdid edəcək və ABŞ-Gürcüstan münasibətlərini pozacaq. Biz bunu izah etməyə davam edəcəyik və onlar öz qərarlarını verəcəklər”, - ABŞ Dövlət Departamentinin sözçüsü mayın 6-da keçirilən brifinqdə “Gürcü Arzusu”nun rus qanunu ilə bağlı bildirib.

“ABŞ-ın Bidzina İvanişvili və “Gürcü Arzusu” deputatlarına qarşı hər hansı addım atmağı nəzərdən keçirib-keçirməməsi ilə bağlı suala cavab olaraq Metyu Miller deyib ki, əvvəlcədən nəyisə açıqlamaq Dövlət Departamentinin praktikası deyil. “Mən sadəcə olaraq sanksiyalarla bağlı heç bir açıqlama verməyəcəyəm, istər bizim nə edə biləcəyimizlə, istərsə də nəyi nəzərdən keçirdiyimizlə bağlı olsun”, - Miller deyib.

Dövlət Departamentinin nümayəndəsinə sual verilib ki, niyə ABŞ-ın xarici agentlər haqqında qanununun olması normaldır, Gürcüstan və Rusiya üçün isə yox. Metyu Miller belə cavab verib:

“Fərq bu qanunların təbiətindədir. ABŞ-ın Xarici Təsir Agentlərinin Qeydiyyatı Aktına (FARA) baxsanız, o, qanuni QHT-lərin işi ilə məşğul olan, humanitar işlərlə məşğul olan, vətəndaş cəmiyyəti fəaliyyətləri ilə məşğul olan insanlara deyil, xarici hökumət adından fəaliyyət göstərən insanlara şamil olunur. Bu çox fərqli bir şeydir. Mən keçmişdə bu yalançı uyğunlaşdırmaları görmüşəm. Gürcüstanda təqdim olunan və Kremlin təsiri ilə müxtəlif ölkələrdə qəbul edilən təkliflərin mətnləri bizim, burada, ABŞ-da mövcud olan qanundan çox fərqlidir.

3 aprel 2024-cü ildə “Gürcü Arzusu” bir il əvvəl on minlərlə iştirak etdiyi etiraz aksiyaları nəticəsində geri götürdüyü və bir daha qəbul etməyəcəyinə söz verdiyi “xarici agentlər” haqqında rus qanunu təkrardan irəli sürdü. Rus qanunu beynəlxalq fondların qrantları hesabına dəstəklənən və hökumət və ya əlaqəli qruplar tərəfindən idarə oluna bilməyən müstəqil media və qeyri-hökumət təşkilatlarının xarici agent kimi qeydiyyatdan keçməsini tələb edir. İctimai etirazlara və beynəlxalq çağırışlara baxmayaraq, “Gürcü Arzusu” qanun layihəsini parlamentdən geri götürməyib və artıq iki oxunuşda qəbul edilib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur