Bu, Gürcüstanın ABŞ-Avropa ilə münasibətlərinə xələl gətirə bilər - Haris rus qanunu haqqında 

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Kamala Haris Gürcüstan Parlamenti tərəfindən “xarici agentlər” haqqında rus qanunun qəbul edilməsi ilə bağlı narahatlığını ifadə edir və prezidentin veto qoymasını alqışlayır.

Bu barədə Kamala Haris Gürcüstan prezidenti Salome Zurabişviliyə göndərdiyi məktubda yazır. O, rus qanununu Gürcüstanın ABŞ və Avropa ilə münasibətlərinə xələl gətirəcək “antidemokratik təşəbbüs” adlandırır.

“Prezident Bayden və mən Gürcüstanda baş verənləri böyük narahatlıqla izləyirik. Gürcüstanın demokratiyasını təhdid edə və Gürcüstanın ABŞ və Avropa ilə münasibətlərinə xələl gətirə biləcək “xarici agentlər” haqqında qanun layihəsinin Gürcüstan parlamentinin bu yaxınlarda qəbul etməsi kimi inkişaf edən hadisələrə görə təəsüflənirik. Bu antidemokratik təşəbbüsə veto qoymaq üçün son hərəkətlərinizi və Gürcüstanda təhlükə altında olan vətəndaş cəmiyyətini qorumaq öhdəliyinizi alqışlayırıq. Biz Gürcüstanda vətəndaş cəmiyyətini qorumaq üçün liderliyinizi və səylərinizi yüksək qiymətləndiririk. Sizin səyləriniz vacib olacaq, çünki gürcü xalqı demokratiyanı və Gürcüstanın Avro-Atlantik gələcəyini qorumaq üçün sizə ümid edir. Birləşmiş Ştatlar daha yaxşı gələcəyə can atmaqda sizin və bütün gürcülərin yanındadır”, - ABŞ vitse-prezidentinin məktubunda deyilir.

Parlamentin Hüquq Məsələləri Komitəsi prezidentin rus qanununa qoyduğu vetonu aşaraq qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib. Sabah, mayın 28-də bu məsələ plenar iclasda səsə qoyulacaq. “Gürcü Arzusu” nə Venesiya Komissiyasının sərt tövsiyəsini, nə də beynəlxalq tərəfdaşların qanunu geri götürmək çağırışlarını nəzərə almaq fikrində deyil.

Bunun fonunda Salome Zurabişvili rus qanununun qəbulu və xarici siyasətin dəyişməsi ilə ölkədə yaranmış vəziyyətlə bağlı fəaliyyət planını təqdim edib və siyasi partiyaların “Gürcü Xartiyası” ətrafında birləşməsini təklif edib. Sənəd parlament seçkilərindən sonra atılacaq addımları özündə əks etdirir və rus qanununun ləğvini də nəzərdə tutur.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur