Tbilisi Şəhər Məhkəməsinin hakimi Ketevan Caçvadze çavuş Roin Şavadzenin qanunsuz həbsi, qəsdən öldürülməsi və vəzifə səlahiyyətlərindən sui-istifadə ediləsi ilə bağlı saxlanılan 8 nəfər barəsində həbs qətimkan tədbiri seçib. Axtarışda olan digər iki təqsirləndirilən şəxs barəsində də eyni qərar çıxarılıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Roin Şavadzenin işi üzrə cinayət təqibinə prokurorluq 15 ildən sonra, Daxili İşlər Nazirliyinin həmin vaxt mövcud olan Konstitusiya Təhlükəsizliyi Departamentinin (KUD) Acara baş bölməsinin yüksək rütbəli məmurları və xüsusi təyinatlılara qarşı başlayıb. Acara Konstitusiya Təhlükəsizliyi Departamentinin həmin vaxtki rəisi Teymuraz Pataridzeyə qarşı axtarış elan edilib.
Saxlanılan şəxslər ittiham üzrə özlərini təqsirli bilməyiblər. Vəkil Beka Basilaianın sözlərinə görə, onlar illərdir istintaqla əməkdaşlıq ediblər, günahsızdırlar və buna görə də onlara qarşı qabaqlayıcı tədbirlərin tətbiqi üçün heç bir əsas olmayıb.
“Onlar günahsızdırlar – iş üzrə istintaq başladıqdan bu yana bu mövqeyə sahibdirlər. Bu mövqeni uzun illər, hakimiyyətdə kimin olmasından asılı olmayaraq prokurorluq da bölüşürdü. Məsələn, 2008-ci ildən 2012-ci ilə kimi başqa hakimiyyət olubsa, 2012-ci ildən 2023-cü ilə kimi yeni hakimiyyət dövründə onların heç birinə qarşı cinayət təqibi başlanmayıb, üstəlik, onların bir hissəsi hüquq-mühafizə orqanlarında işləməyə davam edib, prokurorluq onların ifadələrini etibarlı hesab edib.
Təqiblərin başlamasının motivinə gəlincə, burada təmsil olunan xüsusi təyinatlılar 2008-ci ilin avqust müharibəsində Rusiya təcavüzünün qarşısını almaq üçün döyüşən döyüşçülərdir. Bu gün hökumətin avqust döyüşlərinin qəhrəmanları ilə bağlı siyasətini bilirik və motivasiyalardan biri bu da ola bilər. Bununla belə, mən bu hissədə spekulyasiyalara başlamayacağam”, - Basilaia bildirib.
Dövlət ittihamının nümayəndəsi, prokuror Qiorqi Mujirinin sözlərinə görə, təqsirləndirilən şəxslər 15 il ərzində əlbir olub və əvvəlcədən hazırlanmış saxta versiyaya uyğun olaraq istintaqa yalan məlumat veriblər.
“Bütün bunlar koordinasiyalı şəkildə həyata keçirilib. Bunun üçün onların cinayət əməllərinin üzə çıxmasının qarşısını almaq üçün saxta cinayət işi açılıb. Bundan əlavə, bu iş mürəkkəbdir, bir neçə cinayəti ehtiva edir, ona görə də istintaq vaxt aparıb və indi onlara ittiham irəli sürməyə imkan verən sübutlar standartı toplanıb”, - prokuror bildirib.
Qiorqi Mujirinin sözlərinə görə, çavuş Roin Şavadzenin həbsi və ona qarşı fiziki töhmət, guya xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyi motivi ilə həyata keçirilib: “belə məlumat nə həmin dövrdə, nə davam edən, nədə ki, indiki istintaq dövründə təsdiqini tapmayıb. Roin Şavadze Gürcüstan Silahlı Qüvvələrinin çavuşu olub. O, İraq missiyasında və avqust müharibəsində iştirak edib. O, həmçinin xidməti vəzifələrini yerinə yetirdiyinə görə medalla da təltif edilib. Sonda onların Roin Şavadzenin vətənə qarşı xəyanətkar olması ilə bağlı mövqeləri nəyə əsaslanıb... buna bənzər bir şey nə onlar tərəfindən müəyyən edilib,, nə də cinayət işində tapılır”.
Prokurorun məlumatına görə, Roin Şavadzenin operativ güdülmısi və öyrənilməsi tapşırığını Acara polis idarəsinin rəisi Teymuraz Pataridze rəhbərindən alıb. O zaman onun rəhbərinin kim olduğunu soruşduqda Qiorqi Mujir deyib ki, KUD-un rəhbəri Davit Axalaia, daxili işlər naziri isə İvane Merabişvili olub. Prokuror qeyd edib ki, cinayətdə kimin əli olması növbəti istintaq predmetidir.
İş üzrə növbəti məhkəmə iclası sentyabrın 18-də keçiriləcək.
Çavuş Roin Şavadze avqustun 16-da, 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsindən bir neçə gün sonra öldürülüb. Prokurorluğun versiyasına görə, KUD-un əməkdaşları əsas bölmə rəisinin rəhbərliyi altında əvvəlcə Batumidə Şavadzeni həbs edərək qəddarcasına döyüblər, sonra isə Kobuleti və Quriya sərhədinə aparıblar və onu Kalaşnikov sistemli avtomat silahlarından açılan çoxsaylı atəşlərlə öldürüblər. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, Roin Şavadzenin bədənində 40-a yaxın güllə yarası olub. Bundan başqa, mərhumun ölümündən əvvəl ona qarşı törədilmiş zorakılıq nəticəsində ona dəymiş fiziki xəsarətlər, o cümlədən sol baldır sümüyünün, sol bud sümüyünün və qabırğaların sınığı olub. Roin Şavadzenin bədənində termik yarala izləri də olub ki, bu da güman ki, yandırılmış siqaretin basılması nəticəsində yaranıb.
2020-ci ilin noyabrında Avropa İnsan Haqları Məhkəməsi bu işdə Gürcüstan dövlətinin yaşamaq hüququnu pozduğunu müəyyən edib. Məhkəmənin qiymətləndirməsinə görə, həmin dövrki hökumətin Şavadzenin ölümünün həbs zamanı onun qaçmasının qarşısını almaq üçün zəruri olan güc tətbiqi nəticəsində baş verdiyini iddia etməsi işdəki sübutlarla uyğunluq təşkil etmir. Strasburq Məhkəməsi Gürcüstana effektiv istintaq aparmağı tapşırıb. Qərarın icrasına və araşdırmanın gedişatına Avropa Şurasının Nazirlər Komitəsi nəzarət edib.