İsveçrənin “Credit Suisse” bankı Rusiyanın Ukraynaya hücumundan sonra Rusiya aktivlərində olan 17,6 milyard İsveçrə frankını (19 milyard dollardan çox) bloklayıb və ya dondurub. “Sonntags Zeitung” qəzeti yazır ki, bu məbləğin təxminən 4 milyardı Avropa İttifaqının sanksiya siyahısında olan şəxslərə məxsusdur.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Nəşrin məlumatına görə, qalan 13,6 milyard frankın bir hissəsi Amerika Birləşmiş Ştatları kimi digər yurisdiksiyalarda sanksiyaya məruz qalan insanlara aid ola bilər. Qəzetin yazdığına görə, onların arasında “Credit Suisse”də hesabı olan, lakin Aİ-nin sanksiya siyahısında olmasa da, pul çıxara bilməyən rusiyalı milyarder Viktor Vekselberq də var. Eyni məbləğin müəyyən hissəsi Rusiya Mərkəzi Bankının və ya Rusiya dövlətinin sanksiya tətbiq olunmayan, lakin de fakto dondurulmuş pulları ola bilər.
Qəzet qeyd edir ki, Rusiyanın İsveçrədəki aktivlərinin ümumi sayı təxminən 46 milyard frank olaraq qiymətləndirilir. Belə ki, bütün aktivlərin üçdə birindən çoxu “Credit Suisse”un hesablarında dondurulub. Digər İsveçrə bankı “UBS” Rusiyanın təxminən 7,5 milyard aktivini dondurub.
“Credit Suisse”, həmçinin gürcü milyarder, “Gürcü arzusu” partiyasının qurucusu və Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvilinin də vəsaitlərini bloklayıb. İvanişvilinin maraqlarını müdafiə edən hüquq firması olan “MKD” iddia edir ki, 2022-ci ilin martından, yəni Ukraynada müharibə başlayandan sonra Bidzina İvanişvilinin öz vəsaitlərinə çıxışında problemlər yaranıb. “MKD”nin məlumatına görə, “Credit Suisse” Avropa Parlamentinin 2022-ci il iyunun 9-da qəbul etdiyi və Avropa Şurasını İvanişviliyə sanksiya tətbiq etməyə çağıran qətnaməsindən istifadə edib və bildirib ki, qətnamə ilə əlaqədar benefisiar vəsait köçürmək imkanından məhrumdur.
Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalar qəbul etməsindən sonra dondurulmuş Rusiya aktivlərinin dəyəri ilə bağlı dəqiq göstəricilər məlum deyil. 30 noyabr 2022-ci ildə Avropa Komissiyasının sədri Ursula fon der Leyen Aİ-yə üzv ölkələrin rus oliqarxlarına məxsus 19 milyard avro dəyərində aktivlərini dondurduqlarını açıqlayıb. Bundan əlavə, Avropa Komissiyası sədrinin sözlərinə görə, Avropa İttifaqı öz tərəfdaşları ilə birlikdə Rusiya Mərkəzi Bankının 300 milyard avroluq ehtiyatlarını bloklayıb.