Danimarka müdafiə və təcili yardım üçün Gürcüstana 27 milyon vəsait ayırıb

Danimarka Müdafiə Nazirliyi Gürcüstanda sülhün və sabitliyin dəstəklənməsi üçün dörd illik yeni layihəyə start verir. Layihə Gürcüstanın müdafiə və fövqəladə yardım institutlarının təlimi və gücləndirilməsi üçün 27,12 milyon lari ayırır.

“Avropada müharibə dövründə Rusiya ilə həmsərhəd olan Gürcüstan kimi ölkələrin təhlükəsizliyinin sabitləşməsinə töhfə verməmiz təhlükəsizliyimiz üçün həyati əhəmiyyət kəsb edir. Danimarka artıq Ukraynanın azadlıq müharibəsini həm hərbi, həm də maliyyə cəhətdən əhəmiyyətli dərəcədə dəstəkləyir. Gürcüstana verdiyimiz yeni töhfə ilə biz Avropanın xarici sərhədində təhlükəsizliyin gücləndirilməsini dəstəkləyirik”, - bu barədə Danimarkanın Müdafiə Naziri vəzifəsini icra edən Troels Lund Pulsen bildirib.

Son illərdə Gürcüstanın mülki böhranın idarə edilməsi imkanlarının inkişafına yönələn Yeni Sülh və Sabitləşdirmə Proqramı Danimarkanın Gürcüstana NATO dəstəyinin gücləndirilməsi və davam etdirilməsini əks etdirir. Danimarka NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinin fəaliyyətinin inkişafına da öz töhfəsini verib.

“Ukraynadakı müharibə region ölkələrinin suverenliyinin, sülhünün və sabitliyinin təmin edilməsinin vacibliyini vurğuladı. Bu, regional sabitliyin möhkəmləndirilməsinin Rusiyanın təcavüzünə qarşı mübarizədə mühüm əhəmiyyət kəsb edən Gürcüstana da aiddir”, - Müdafiə Naziri vəzifəsini icra edən Troels Lund Pulsen qeyd edir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur