Əliyev Gürcüstan ərazisindən qaz, neft və elektrik enerjisi ixracının artırılmasından danışıb

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Hazırda enerji resurslarına bütövlükdə dünyada və Avropada böyük tələbat olduğu üçün Gürcüstanla Azərbaycan da bu məsələdə bir cəbhədən hərəkət edərək, bir nöqtəyə vuraraq öz milli maraqlarını təmin edəcək. Baxın, görün, iki qardaş ölkə arasındakı əlaqələr bölgə üçün, Avropa üçün və dünya üçün nə qədər əhəmiyyətlidir”, -  Azərbaycanın prezidenti Gürcüstana səfəri zamanı deyib.

İlham Əliyev ilə Gürcüstanın baş naziri İrakli Qaribaşvili arasında görüş oktyabrın 24-də Mtsxetada, “Şato Muxrani”də baş tutub. Görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildiriblər ki, müzakirə olunan məsələlərdən biri də enerji sahəsində əməkdaşlıq olub. İlham Əliyevin sözlərinə görə, yaxın beş il ərzində Azərbaycan Avropaya təbii qaz ixracını iki dəfə artırmağı planlaşdırır.

“İmkanlarımız da buna çatır. Beləliklə, biz planlaşdırırıq ki, 2027-ci ildə Azərbaycanın təkcə Avropaya qaz ixracatı 20 milyard kubmetrə çatacaq. Əlbəttə ki, bununla əlaqədar görüləcək işlər həm ikitərəfli formatda müzakirə olundu, həm də gələcək müzakirələrə ehtiyac var. Eyni zamanda, gələn il Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə ixrac artırılacaq. Biz bununla bərabər hazırda istismarda olmayan Bakı-Supsa neft kəmərindən də istifadə etmək istəyirik. Bu barədə də danışmışıq. Mən bizim planlarımız haqqında cənab Baş naziri məlumatlandırdım. Buna da böyük ehtiyac və böyük potensial var.

Həyata keçiriləcək yeni layihə elektrik enerjisi ilə bağlıdır. Azərbaycan çalışır ki, öz elektrik enerjisini dünya bazarlarına ixrac etsin. Əlbəttə, təbii ki, bizim ixrac istiqamətimiz Gürcüstandan keçir. Təkcə azad edilmiş torpaqlarda 10 giqavatt gücündə bərpaolunan enerji növlərindən istifadə etmək olar. Xəzər dənizində isə bu rəqəm 157 giqavatta çatır. Yəni, bu, beynəlxalq ekspertlər tərəfindən təsdiq edilmiş rəqəmdir və bu, çox böyük rəqəmdir. Əlbəttə ki, bu enerjini istehsal etmək və ixrac etmək bizim növbəti illərdəki vəzifəmizdir. Burada Gürcüstanla Azərbaycan digər sahələrdə olduğu kimi, bu sahədə də fəal əməkdaşlıq edəcək. Yəni, bir sözlə, bölgəmizin iqtisadi potensialını artırmaq üçün çox gözəl imkanlar var - enerji resursları, nəqliyyat dəhlizləri”, – Əliyev bildirib.

Bundan əlavə, Əliyevin sözlərinə görə, Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətini 5 milyon tona çatdırmaq niyyətindədir və bunun üçün yaxın illərdə layihəyə əlavə sərmayə qoyulacaq.

“Dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac var. Yeni nəqliyyat yolları həm geosiyasi vəziyyətlə bağlı, həm də bütövlükdə yol boyunca yerləşən bütün ölkələrin maraqlarına cavab verir.

Ona görə Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin 5 milyon tona çatdırılması, eyni zamanda, Gürcüstan limanlarından istifadə edərək Orta Asiyadan və bütövlükdə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə ötürülən yüklərin həcminin artırılması artıq yeni reallıq yaradır. Biz buna hazır olmalıyıq. 

Biz Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona çatdırmaq istəyirik. Ona görə Gürcüstanla Azərbaycan arasında nəqliyyat sahəsində sıx koordinasiya aparılmalıdır. Çünki bizim birgə layihələrimiz eyni vaxtda tamamlanmalıdır. Tranzit ölkə olmaq üçün mütləq qonşularla yaxşı münasibətlərin olmalıdır. Çünki qonşularla bu münasibətlər olmadan heç bir ölkə etibarlı tranzit ölkəyə çevrilə bilməz. Bizim isə Gürcüstanla dostluq, qardaşlıq, tərəfdaşlıq münasibətlərimiz bu imkanları yaradır”, - Əliyev bildirib.

Baş nazir İrakli Qaribaşvili qeyd edib ki, Azərbaycan Gürcüstanın ən mühüm strateji tərəfdaşıdır. Qaribaşvilinin sözlərinə görə, Gürcüstan həm cari, həm də planlaşdırılan layihələri həyata keçirmək üçün Azərbaycanla mümkün qədər əlaqələri aktivləşdirməyə hazırdır.

İrakli Qaribaşvili Azərbaycan Prezidenti ilə keçirdiyi mətbuat konfransındakı çıxışını 1993-2003-cü illərdə Azərbaycan keçmiş Prezidenti Heydər Əliyevin sözləri ilə bitirdi: Mən Sizin atanızdan, ölkənizin Ümummilli Liderindən sitat gətirmək istəyirəm. Onun xatirəsinə bizim dərin ehtiramımız var. O, vaxtilə Gürcüstanda Tbilisidə olanda demişdi, Azərbaycan və gürcü xalqları xoşbəxtdirlər ki, onlar qonşu xalqlardır. Bizim əcdadlarımız həmin təmasları yaradıb və bu gün bizim vəzifəmiz odur ki, həmin əməkdaşlığı irəli aparaq və gələcək nəsillərə ötürək.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur