Estoniya parlamenti (Riigikogu) 88 səslə Ukrayna ərazilərinin ilhaqını pisləyən və Rusiyanı terrorçu rejim kimi tanıyan bəyanat qəbul edib. Estoniya qanunvericilərinin fikrincə, Rusiya hökumətinin dəstəyi ilə yaradılan və Ukraynada döyüşən “Vaqner Qrup” özəl hərbi şirkəti, eləcə də Donetsk və Luqansk qondarma xalq respublikalarının silahlı qüvvələri terrorçu təşkilatlar kimi tanınmalıdır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Parlament bəyan edir ki, Estoniya Ukraynanın ərazi bütövlüyünün təcavüz və saxta referendumlarla pozulmasını heç vaxt tanımayacaq.
“Putin rejimi nüvə hücumu ilə hədələməklə Rusiyanı həm Avropada, həm də bütün dünyada sülh üçün ən böyük təhlükəyə çevirib. Biz Rusiya rejimini terrorçu rejim, Rusiya Federasiyasını isə terrorizmin himayədarı dövlət elan edən Ukrayna Parlamentinin çağırışını dəstəkləyirik, onun hərəkətlərinə birgə qarşı çıxmalıyıq. Riigikogu beynəlxalq ictimaiyyəti oxşar bəyanatlar verməyə çağırır.
Biz Aİ və NATO-ya üzv dövlətləri Ukraynaya hərbi dəstəyi cəsarətlə artırmağa çağırırıq. Bu, Rusiya Federasiyasının təcavüzünə qarşı çıxmaq və Ukraynanın öz ərazisində, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini bərpa etmək üçün lazımdır. Həmçinin, Ukraynaya humanitar yardımı artırmaq və müharibədən sonrakı yenidənqurma zamanı ölkəyə dəstək vermək lazımdır”, - Estoniya parlamentinin bəyanatında deyilir.
Rusiya Federasiyası artıq Litva və Latviya tərəfindən terrorizmi dəstəkləyən dövlət kimi tanınıb. Bundan başqa, oktyabrın 13-də Avropa Şurası Parlament Assambleyası (AŞPA) Rusiyanı belə bir rejim elan edən qətnamə qəbul edib. Assambleya Avropa Şurasına üzv dövlətləri xüsusi beynəlxalq tribunalın yaradılmasını sürətləndirməyə, mövcud Rusiya rejimini terrorçu kimi tanımağa və Ukraynanı lazımi hava hücumundan müdafiə sistemləri ilə təmin etməyə çağırır.
“Gürcü arzusu”nun Avropa Şurası Parlament Assambleyasındakı nümayəndəsi sözügedən qətnaməni dəstəkləməyib. Gürcüstanın hakim partiyasında bunu onunla izah ediblər ki, həmin qətnaməyə düzəlişlə yanaşı, assambleya Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini siyasi məhbus kimi adlandırıb. Gürcüstanın Putin rejiminin terrorçu rejim kimi tanınması ilə bağlı qətnamə çağırışına şərik olub-olmayacağı ilə bağlı suala “Gürcü arzusu”nun sədri İrakli Kobaxidze belə cavab verib: “Bizim əsas strateji tərəfdaşlarımız hələ belə bir qərar verməyib. Beynəlxalq ictimaiyyətin mövqelərini gözləyəcəyik. Baxaq, ondan sonra müxtəlif məsələləri müzakirə edə bilərik, lakin beynəlxalq ictimaiyyət bu mövzuda heç bir mövqe müəyyən etməyib”.