"Georgian Manganese" Çiaturada manqan filizi mədənlərinin fəaliyyətini dayandırdı

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Fevralın 1-dən Çiaturadakı manqan filizi mədənləri artıq fəaliyyət göstərmir. “Georgian Manganese” şirkəti mədənlərin dayandırılmasının səbəbini izah etmir. Metallurqlar, mədənçilər və kimyaçılar həmkarları ittifaqlarının məlumatına görə, 3800-ə yaxın insan naməlum müddətə işsiz qalıb, şirkət onlara iş bərpa olunana qədər maaşlarının 60 %-ni ödəyəcəyini deyib.

Həmkarlar ittifaqlarının nümayəndəsi Teymuraz Suramelaşvili "Gürcüstan Xəbərləri"nə bildirib ki, yanvarın ikinci yarısında onlar “Georgian Manganese”dən məktub alıblar, məktubda mədənlərin müvəqqəti bağlanmasına səbəb kimi Ukraynada davam edən müharibə və bazarda manqanın qiymətinin ucuzlaşması göstərilirdi.

“15-inə qədər mədən və yardımçı obyektdə işlər dayandırılıb. Təkcə şaxtaçılar deyil, tibb bacıları və təmizlikçilər də işsiz qalıb. Dayandırılmanın əsas amili Rusiya-Ukrayna müharibəsidir. Rusiya Prezidenti Putin Rusiyaya dempinq qiymətləri ilə malların gətirildiyini deyib və 24 faiz əlavə vergi tətbiq edib. Əslində, bu, çox böyük ödənişlərlə bağlı idi. Ona görə də mədən əməliyyatları hələlik dayandırılıb. Üç aya, bəlkə də altı aya bərpa oluna bilər. Hətta işəgötürənin özü də proqnoz verə bilmir. Faktiki olaraq, müharibə və müharibə ilə bağlı problemlərdən asılıdır. Bu faktdır ki, onlar əsasən Rusiyadan asılı idilər. Qiymətlərin stimullaşdırılmasında əsas pay Rusiyaya məxsusdur. Bildiyimə görə, hazırda işəgötürən Amerika şirkətləri ilə danışıqlar aparır”, - Həmkarlar ittifaqlarının nümayəndəsi Teymuraz Suramelaşvili deyir.

Onun məlumatına görə, kollektiv müqaviləyə əsasən fors-major hallarda "Georgia Manganese” işçilərə əmək haqqının 60 faizini kompensasiya etməlidir. Bundan əlavə, mədənçilərin tibbi sığortası da saxlanılır. ”Hazırda bank kreditləri üzrə ən azı faizlərin ödənilməsinin dayandırılması üçün danışıqlar aparılır. Hələlik buna konkret cavabımız yoxdur, danışıqlar prosesindəyik, lakin bir neçə bankdan müsbət siqnallar var”, - qeyd edir Suramelaşvili.

"Georgia Manganese" 2016-cı ilin yanvarında da 4 ay müddətinə mədən əməliyyatlarını dayandırmışdı. Həmin vaxt şirkət direktoru bu qərarı dünyada manqan məhsullarına tələbatın az olması, "Georgia Manganese"in hasil etdiyi filiz ehtiyatlarının artıq olması və dünya metallurgiya bazarında dərin durğunluq prosesləri ilə izah edirdi.

"Georgian Manganese" MMC-nin 100 % hissəsi Lüksemburq qraflığında qeydiyyatdan keçmiş "Georgian American Alloys" şirkətinə məxsusdur. Şirkətin direktoru Ukrayna vətəndaşı Volodimir Lozinskidir, lakin 2017-ci ilin may ayından etibarən "Georgian Manganese"i Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin tələbi ilə məhkəmə tərəfindən təyin edilmiş xüsusi menecer Nikoloz Çikovani idarə edir.

2003-2007-ci illərdə Çikovani Zestafoni ferroərinti zavoduna rəhbərlik edib. O, “Gürcü arzusu”na yaxın iş adamı, “Rija” ləqəbli Qiorqi Kapanadzenin dostudur. Kapanadze "Georgian Manganese"in nüfuzlu səhmdarıdır. Xüsusi idarəçi Çiaturada ekoloji problemləri mümkün qədər tez, şirkətin hesabına həll etməli idi - torpaq, hava, Kvirila çayı artıq çirklənməməli, açıq karyer üsullu ilə mədən axtarışı zamanı qazılan ərazilər rekultivasiya edilməli idi və s. Nazirliyin tələbi ilə məhkəmə xüsusi idarəçinin səlahiyyətlərini daha 3 il uzadıb. Problemlər hələ də həllini tapmayıb, açıq karyer üsullu mədən işləri artıb, Çiatura kəndləri qazılmış vəziyyətdədir, meşələr məhv edilib, hava çirklənib.

“Gələcəyin Çiaturası” assosiasiyasının təsisçisi Nodar Çaçanidze ehtimal edir ki, onlar şirkəti ruslara vermək istəyə bilərlər.

“Manqan hərbi texnika və silahlarda istifadə olunur və belə bir münaqişədə biz Qərbin, Amerikanın və Avropanın artıq buna ehtiyac duymamasından şübhələnirik. Əksinə, tələbat artmalı idi. Son illər qiymət qalxırdı, indi şirkət deyir ki, ferroərintilərin qiyməti aşağı düşüb, bazarda tələbat azdır.

Üç aydan sonra dövlətin təyin etdiyi xüsusi idarəçinin ikinci səlahiyyət müddəti başa çatacaq və onların investisiya şirkətini tamamilə çökdürmək və rusiyalı investor gətirmək istədikləri barədə ciddi şübhələr var.

Mədənçilər arasında daxili hərəkatlar var, amma maaşlarının 60 %-ni itirməkdən qorxduqları üçün nə dərəcədə fəal etiraz edəcəklərini bilmirəm. Çiatura tarixində bütün mədənlərin bağlanması halı ilk dəfədir ki, baş verir”, - “Gürcüstan Xəbərləri”nə Nodar Çaçanidze bildirib.

Ferroərintilər Gürcüstanın əsas ixrac məhsullarından biridir. Milli Statistika Xidmətinin 2022-ci il üçün xarici ticarət (ilkin) statistikasına əsasən, ötən il mis filizləri və konsentratları ilk on ixrac əmtəə qrupunda 1024,3 milyon ABŞ dolları ilə birinci yeri tutub ki, bu da bütün ixracın 18,3 %-ni təşkil edir. İkinci yerdə 903,8 milyon ABŞ dolları ilə avtomobillər (ümumi ixracın 16,2%-i), üçüncü yerdə isə 459,8 milyon ABŞ dolları (8,2%) ilə ferroərintilər qərarlaşıb. Sakstat hesabatına görə, ötən il Rusiyaya 57.423,8 ton, 2021-ci ildə isə 104.975 ton ferroərinti ixrac edilib. 2021-ci ildə ferroərintilərin ixracı ümumi ixracın 11,3 %-ni təşkil edib və bu məlumatlara görə, ilk on ixracda ikinci yerdə olub. 2022-ci ildə 2021-ci illə müqayisədə Türkiyəyə ferroərintilərin ixracı bir qədər artıb.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur